Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2009-cu il oktyabrın 9-da Kişineu şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnamə barədə Qərar” (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2013-cü il
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası
1. Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. MDB-nin sahəvi əməkdaşlıq orqanları öz fəaliyyətində Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnaməni rəhbər tutsun və 2010-cu il ərzində onların fəaliyyətini nizama salan sənədlərə dəyişiklik edilməsi barədə təkliflər versin.
1. Hazırkı Ümumi Əsasnamə əməkdaşlıq qaydalarının və razılaşdırılmış prinsiplərin işlənib hazırlanmasını həyata keçirən və onların praktiki həyata keçirilməsinə imkan yaradan iqtisadi, sosial və digər sahələrdə əməkdaşlıq haqqında MDB iştirakçı dövlətlərinin sazişləri əsasında yaradılmış Müstəqil Dövlətlər Birliyinin orqanlarına (bundan sonra — sahəvi əməkdaşlıq orqanları) münasibətdə tətbiq edilir.
2. Sahəvi əməkdaşlıq orqanları beynəlxalq müqavilələrlə yaradılır (bundan sonra- müqavilələr). Müqaviləyə onun ayrılmaz hissəsi olan sahəvi əməkdaşlıq orqanları haqqında əsasnamə daxildir.
3. Sahəvi əməkdaşlıq orqanı öz fəaliyyətində Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsini, Birlik çərçivəsində qəbul edilmiş müqavilə və qərarları (bundan sonra - qərarlar), hazırkı Ümumi Əsasnaməni və sahəvi əməkdaşlıq orqanı haqqında Əsasnaməni rəhbər tutur.
4. Sahəvi əməkdaşlıq orqanları MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirlərinin Şurası və İqtisadi Şurası tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsini təşkil etməli və əlaqələndirməlidir.
5. Sahəvi əməkdaşlıq orqanları öz fəaliyyətində MDB Dövlət Başçıları Şurasına və ya Hökumət Başçıları Şurasına hesabat verməlidir.
6. Sahəvi əməkdaşlıq orqanları öz işini onlar tərəfindən işlənib hazırlanan və təsdiq edilən planlar əsasında təşkil edir.
7. Sahəvi əməkdaşlıq orqanları hər il MDB-nin İcraiyyə Komitəsinə öz fəaliyyəti barədə məlumatı təqdim edir.
8. Sahəvi əməkdaşlıq orqanları öz səlahiyyəti çərçivəsində qərar və tövsiyələr qəbul edir, zərurət yarandığı təqdirdə isə MDB Dövlət Başçıları Şurasına və Hökumət Başçıları Şurasına müəyyən edilmiş qaydada baxılması üçün təkliflər irəli sürür.
9. Sahəvi əməkdaşlıq orqanlarının tərkibinə MDB iştirakçı dövlətlərinin müvafiq hakimiyyət orqanlarının rəhbərləri daxildir.
Sahəvi əməkdaşlıq orqanlarının iclaslarına həmin orqanların üzvlərini əvəz edən şəxslər göndərildiyi təqdirdə onların səlahiyyətləri təsdiq olunmalıdır.
Sahəvi əməkdaşlıq orqanlarının tərkibinə sahəvi əməkdaşlıq orqanları katibliklərinin rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri məşvərətçi səs hüququ ilə daxil ola bilərlər.
Sahəvi əməkdaşlıq orqanlarının tərkibinə müvafiq müqavilələr əsasında sahəvi əməkdaşlıq orqanlarının məqsəd və vəzifələrinə şərik olan MDB-nin iştirakçıları olmayan dövlətlərin hakimiyyət orqanlarının nümayəndələri daxil ola bilər.
10. Sahəvi əməkdaşlıq orqanlarında sədrlik növbə ilə hər MDB iştirakçı-dövləti tərəfindən onun nümayəndəsi qismində, Birliyin iştirakçı dövlətlərinin adlarının rus əlifbası qaydasında bir qayda olaraq bir il ərzində həyata keçirilir. Sahəvi əməkdaşlıq orqanının əvvəlki və növbəti sədrləri həmin orqanın həmsədrləridir. Sahəvi əməkdaşlıq orqanının sədrinin müvəqqəti olmadığı təqdirdə onun vəzifələri həmsədrlərdən birinə həvalə edilir.
11. Sahəvi əməkdaşlıq orqanlarının iclasları zərurət yarandığı təqdirdə, lakin ildə bir dəfədən az olmayaraq keçirilir.
Sahəvi əməkdaşlıq orqanlarının iclaslarının çağırılması, onların keçirilməsi qaydası, kvorum, sahəvi əməkdaşlıq orqanları tərəfindən qərarların qəbul edilməsi proseduru, həmçinin onların fəaliyyətinə dair digər məsələlər həmin orqanlar haqqında əsasnamələr və onların qəbul etdiyi reqlamentlərlə müəyyən edilir.
12. Sahəvi əməkdaşlıq orqanlarının fəaliyyətinin təşkilatı-texniki və informasiya təminatı onların katiblikləri tərəfindən həyata keçirilir.
13. Sahəvi əməkdaşlıq orqanları MDB-nin İcraiyyə Komitəsi, Birliyin digər orqanları, zərurət yarandığı təqdirdə - digər beynəlxalq təşkilatların katiblikləri, həmçinin MDB iştirakçı dövlətlərinin dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə yaradır.
14. Sahəvi əməkdaşlıq orqanlarının katibliklərinin funksiyaları bu orqanlar haqqında əsasnamələrlə müəyyən edilir və bir qayda olaraq, MDB İcraiyyə Komitəsinin struktur bölmələri ilə birgə MDB iştirakçı-dövlətlərinin rəhbərləri sahəvi əməkdaşlıq orqanlarında sədrlik edən dövlət hakimiyyət orqanlarına həvalə edilir.
Sahəvi əməkdaşlıq orqanının katibliyinin rəhbəri sahəvi əməkdaşlıq orqanında sədrlik edən dövlətin hakimiyyət orqanının nümayəndəsi, katibliyin rəhbərinin müavini isə - MDB İcraiyyə Komitəsinin nümayəndəsidir.
15. Sahəvi əməkdaşlıq orqanlarının fəaliyyətini təmin etmək üçün müqavilələrlə daimi əsasda fəaliyyət göstərən katibliklər yaradıla bilər. Müqaviləyə onun ayrılmaz tərkib hissəsi olan katiblik haqqında əsasnamə daxildir.
16. MDB iştirakçı dövlətləri sahəvi əməkdaşlıq orqanlarına və bu orqanların katibliklərinə onların funksiyalarının icra edilməsində lazımi köməklik göstərir.
17. Sahəvi əməkdaşlıq orqanının və/və ya onun daimi əsasda fəaliyyət göstərən katibliyinin yerləşmə dövləti ilə qarşılıqlı əlaqələri sahəvi əməkdaşlıq orqanının və/və ya onun daimi əsasda fəaliyyət göstərən katibliyinin müvafiq dövlətin ərazisində yerləşmə şərtləri haqqında saziş ilə müəyyən edilir.
18. Sahəvi əməkdaşlıq orqanlarının iclaslarının keçirilməsinin maliyyələşdirilməsi ilə bağlı xərclər qəbul edən MDB iştirakçı dövlətinin müvafiq dövlət hakimiyyəti orqanlarının hesabına həyata keçirilir. Sahəvi əməkdaşlıq orqanlarının üzvlərinin və iclas iştirakçılarının ezamiyyət xərcləri onları göndərən MDB iştirakçı dövlətlərinin dövlət hakimiyyəti orqanları və təşkilatları tərəfindən ödənilir.
Daimi əsasda fəaliyyət göstərən sahəvi əməkdaşlıq orqanlarının katibliklərinin fəaliyyətinin maliyyə təminatı müvafiq müqavilə və qərarlar ilə müəyyən edilən maliyyələşdirilmə qaydasına uyğun olaraq həyata keçirilir.
19. Sahəvi əməkdaşlıq orqanlarının işi haqqında hesabatlara müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının, İqtisadi Şurasının, MDB iştirakçı dövlətlərinin Birliyin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndələri Şurasının, həmçinin MDB İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə Komissiyanın iclaslarında baxılır.
Sahəvi əməkdaşlıq orqanlarının hesabatlarının cədvəli MDB iştirakçı dövlətlərinin Birliyin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndələri Şurasının və MDB İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə Komissiya tərəfindən təsdiq edilir.
20. Sahəvi əməkdaşlıq orqanlarının ləğv edilməsi onların yaradılması haqqında müqavilələrə uyğun olaraq həyata keçirilir.
Sahəvi əməkdaşlıq orqanı iki il müddətində iclaslar keçirmədiyi təqdirdə onun gələcək fəaliyyəti barədə məsələ baxılması üçün MDB-nin İcraiyyə Komitəsi tərəfindən MDB Dövlət Başçıları Şurasına və ya Hökumət Başçıları Şurasına təqdim olunur.
1. Azərbaycan Respublikasının MDB sahəvi orqanlarında fəaliyyəti onun "Müstəqil Dövlətlər Birliyinin gələcək inkişaf Konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər Planı barədə" MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli Qərarına verilmiş xüsusi rəyi nəzərə alınmaqla həyata keçiriləcəkdir.
2. Ümumi Əsasnamədə aşağıdakı ifadələr istisna olmaqla:
"və razılaşdırılmış prinsiplərin" - 1-ci bənd;
"və əlaqələndirməlidir" - 4-cü bənd;
"həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri" - 9-cu bəndin 3-cü abzası;
"zərurət yarandığı təqdirdə - digər beynəlxalq təşkilatların katiblikləri," - 13-cü bənd;
"MDB İcraiyyə Komitəsinin struktur bölmələri ilə birgə" - 14-cü bəndin 1-ci abzası və "katibliyin rəhbərinin müavini isə - MDB İcraiyyə Komitəsinin nümayəndəsidir." - 14-cü bəndin 2-ci abzası;
"və bu orqanların katibliklərinə" - 16-cı bənd;
həmçinin 9-cu bəndin 4-cü abzası.