Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avrasiya Patent Təşkilatını xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2012-ci il
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-Dövlət Komitəsi) və Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi (bundan sonra - AAPT AAPİ) AAPT-nin İnzibati şurasının iyirmi dördüncü (yeddinci növbədənkənar) iclasının qərarına müvafiq olaraq aşağıdakılar haqqında bu Sazişi bağladılar:
AAPT AAPİ Azərbaycan Respublikasında milli patent sisteminin, elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə:
- Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə (bundan sonra - Təşkilatlar) rəsmi razılaşdırılmış siyahı üzrə Avrasiya Patent-İnformasiya Sistemindən (bundan sonra - AAPATİS) sərbəst istifadə etmək üçün şərait yaradacaqdır;
- patent axtarışı zamanı AAPATİS-dən səmərəli istifadəsi üzrə Dövlət Komitəsinin mütəxəssislərinə məsləhət və metodiki xidmətlər göstərəcəkdir;
- AAPATİS-in fəaliyyət göstərməsi üçün müşayiəti və texniki dəstəyi təmin edəcəkdir.
Bu Sazişin 1-ci maddəsində göstərilən funksiyaların həyata keçirilməsi məqsədilə AAPATİS-ə daxil olmaq üçün AAPT AAPİ Dövlət Komitəsinə hər bir Təşkilat üçün unikal eyniləşdirmə məlumatlarını (istifadəçinin adı və parol), həmçinin patent axtarışının aparılması ilə bağlı sistemlə iş üzrə təlimatı, sorğu və metodiki materialları elektron şəkildə təqdim edəcəkdir.
Dövlət Komitəsi aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür:
- Təşkilatların AAPATİS-ə qoşulması ilə əlaqədar qeydiyyat məlumatlarının toplanması (Təşkilatın adı, rekvizitləri, internet ünvanları, əlaqələndirici şəxs) üzrə hazırlıq işlərinin təşkilini və aparılmasını təmin etmək;
- AAPT AAPİ-ə qeydiyyat məlumatını təqdim etmək;
- Təşkilatlarda AAPATİS istifadəçilərinə məsləhət-metodiki və informasiya dəstəyi göstərmək;
- Təşkilatların istifadəçiləri tərəfindən AAPATİS-dən istifadəyə nəzarət etmək;
- AAPATİS-i kommersiya məqsədləri üçün istifadə etməmək və onu Təşkilatların hüdudlarından kənarda yaymamaq;
- AAPATİS-in istifadəsində yaranmış problemlər haqqında AAPT AAPİ–ni operativ məlumatlandırmaq.
Tərəflər aşağıda göstərilən sahələrdə əməkdaşlığı davam etdirəcəklər:
- AAPATİS-in inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
- Avrasiya patent-informasiya məkanının patent informasiya ehtiyatlarından istifadənin genişləndirilməsi və AAPATİS-dən Azərbaycan Respublikasının digər ictimai kitabxanalarında və ali təhsil müəssisələrində istifadəsi məsələlərinin öyrənilməsi;
Azərbaycan Respublikası mili patent sənədlərinin AAPATİS-nin tərkibində artırılması.
Bu Saziş qüvvəyə mindiyi tarixdən 3 (üç) il müddətində qüvvədə qalır. Bu müddət başa çatdıqdan sonra, Tərəflər başqa qərar qəbul etmədikdə, Sazişin qüvvədə olma müddəti avtomatik olaraq hər dəfə 1 (bir) il müddətinə uzadılır.
Tərəflərdən hər biri bu Sazişin müddətinin başa çatmasına 6 (altı) ay qalmış digər Tərəfə qabaqcadan bildiriş göndərməklə Sazişi ləğv etmək hüququna malikdir.
Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar fikir ayrılığı yarandıqda Tərəflər onları məsləhətləşmələr və danışıqlar yolu ilə həll edəcəklər.
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və ya dəyişikliklər edilə bilər. Bu Sazişə edilən bütün əlavə və ya dəyişikliklər onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 9-cu maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
Bu Saziş Moskva şəhərində “17” oktyabr 2012-ci il tarixində-iki əsl nüsxədə, Azərbaycan və rus dillərində imzalanmış və hər iki mətn eyni qüvvəyə malikdir. Sazişin təfsiri zamanı fikir ayrılığı olduğu təqdirdə rus dilində olan mətnə üstünlük veriləcəkdir.
Saziş Azərbaycan Respublikasında zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
1. 4 avqust 2022-ci il tarixli 1804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 864)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI