136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.
136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.
136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.
136.4. Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Məcəlləyə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirir.