182.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud əqli gerilik nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, əlavə etməlidir. KM Q1
182.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir.