195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.