“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 dekabr 2017-ci il
1. “Tədqiqat universiteti” statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:
1.1. fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;
1.2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;
1.3. doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;
1.4. dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;
1.5. magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;
1.6. ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;
1.7. yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrantın alınması.