“Ananın südü olmadıqda və ya müxtəlif səbəblərdən uşağını əmizdirə bilmədikdə, valideynlərin seçimi əsasında həmin uşağın əmizdirilməsini süd anasının təmin etməsi Qayda və Şərtləri"nin təsdiq edilməsi haqqında
"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 907 nömrəli Fərmanının 1-ci bəndinin altıncı abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ananın südü olmadıqda və ya müxtəlif səbəblərdən uşağını əmizdirə bilmədikdə, valideynlərin seçimi əsasında həmin uşağın əmizdirilməsini süd anasının təmin etməsi Qayda və Şərtləri" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 mart 2004-cü il
1. Bu Qayda və Şərtlər "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 907 nömrəli Fərmanına əsasən müəyyənləşdirilmişdir.
2. Ananın südü olmadıqda və ya müxtəlif səbəblərdən uşağını əmizdirə bilmədikdə, valideynlərin seçimi əsasında həmin uşağın əmizdirilməsini başqa qadının - süd anasının təmin etməsi üçün uşağın valideynləri və süd verəcək qadın körpənin yaşadığı ərazidə uşaqlara ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisəsinə müraciət edirlər.
3. Uşaqlara ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisəsinin rəhbəri süd verəcək qadının, həm də əmizdiriləcək körpənin müvafiq tibbi müayinəsini təşkil edir.
4. Tibbi müayinənin nəticəsi əsasında müalicə müəssisəsinin rəhbəri öz əmri ilə uşağın əmizdirilməsi üçün həmin qadını süd anası təyin edir və ona əmizdirmə davam edən müddətdə hər 3 aydan bir müvafiq arayış verir.
5. Süd verəcək qadının süd anası kimi təyin edilməsi şərtləri aşağıdakılardır:
süd verəcək qadında əmizdiriləcək körpənin səhhətinə mənfi təsir göstərə biləcək xəstəliklərin olmaması;
süd verəcək qadında körpənin əmizdirilməsi ilə bağlı ağırlaşmalar verə biləcək xəstəliklərin olmaması.