22.1. Gömrük ərazisinə artmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan ciddi zərərin və ya ciddi zərər vurulma təhlükəsinin müəyyən edilməsi məqsədi ilə araşdırma zamanı aşağıdakılar da daxil olmaqla, kəmiyyət göstəricilərində əks oluna bilən və yerli istehsal sahəsinin iqtisadi vəziyyətinə təsir edən obyektiv faktorlar qiymətləndirilir:
22.1.1. mütləq və nisbi göstəricilərdə araşdırılan malın idxalının artım tempi və həcmi;
22.1.2. artmış idxalın daxili bazarda payı;
22.1.3. satış və istehsal həcmində, istehsalın səmərəliliyində, istehsal gücünün artımında, mənfəət və zərərin həcmində, məşğulluğun dərəcəsində dəyişikliklər.
22.2. Araşdırılan malın artmış idxalı ilə yerli istehsal sahəsinə vurulan ciddi zərər və ya ciddi zərər vurulma təhlükəsi arasında səbəbli əlaqə araşdırma nəticəsində obyektiv sübutlar əsasında müəyyən olunduqda belə zərər mövcud hesab edilir.
22.3. Araşdırma orqanı artmış idxal ilə yanaşı araşdırılan dövr ərzində yerli istehsal sahəsinə zərər vuran digər təsirləri də təhlil edir və belə zərər artmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan ciddi zərərə aid edilmir.