Qanunvericilik › Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Araşdırma zamanı bildirişlər

Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Araşdırmanın başlanılması ilə bağlı bildirişdə aşağıdakılar əks olunmalıdır:

29.1.1. araşdırılan malın təsviri və onu ixrac edən xarici dövlətin adı;

29.1.2. antidempinq tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı dempinqli idxalın müəyyən edilməsi üçün əsaslar, kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı araşdırılan subsidiya təcrübəsi;

29.1.3. yerli istehsal sahəsinə zərər vurulmasını təsdiq edən faktorların qısa təsviri;

29.1.4. maraqlı tərəflərin yazılı formada öz fikirlərini və araşdırma ilə bağlı məlumatları təqdim edəcəyi ünvan;

29.1.5. maraqlı tərəflərin yazılı formada öz fikirlərini və araşdırma ilə bağlı məlumatları təqdim edəcəyi müddət;

29.1.6. araşdırma iştirakçılarının bu Qanunun 27.20-ci maddəsində nəzərdə tutulan görüşlərin və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulan ictimai dinləmələrin keçirilməsi ilə bağlı vəsatət qaldıra biləcəyi müddət.

29.2. Araşdırmanın başlanılması haqqında bildirişdə göstərilən müddətlər bu Qanuna uyğun olaraq araşdırma orqanı tərəfindən müəyyən olunur və 30 təqvim günündən az ola bilməz.

29.3. Araşdırma orqanı araşdırmanın dayandırılması, xitam verilməsi barədə bildirişlərin, həmçinin antidempinq tədbirlərinin tətbiqi, yenidən baxılması və ya ləğvinə aid istənilən qərarının dərcini təmin etməlidir. Belə bildirişlər araşdırılan malın ixrac olunduğu xarici dövlətin səlahiyyətli orqanına və digər maraqlı tərəflərə təqdim olunur.

29.4. Müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin tətbiq edilməsi barədə bildirişdə araşdırma orqanının dempinqli və ya subsidiyalaşdırılmış idxalın mövcudluğu və belə idxalın yerli istehsal sahəsinə vurduğu ziyanın ilkin olaraq müəyyənləşdirilməsi, həmçinin müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun tətbiq edilməsinə əsas verən faktlar və normativ hüquqi aktlara istinadlar əks olunmalıdır.

29.5. Bu Qanunun 29.4-cü maddəsində nəzərdə tutulan bildirişdə əlavə olaraq aşağıdakı məlumatlar əks olunmalıdır:

29.5.1. araşdırılan malın ixracatçısının adı, bu mümkün olmadıqda, onu ixrac edən xarici dövlətin adı;

29.5.2. araşdırılan malın gömrük rəsmiləşdirilməsi məqsədləri üçün kifayət edəcək təsviri;

29.5.3. dempinq marjasının ölçüsü və malın normal dəyəri ilə ixrac qiymətinin müqayisə edilməsi üçün hesablama metodunun seçilməsi üçün əsasların ətraflı təsviri və ya subsidiya məbləği və onun mövcudluğunun müəyyən edilməsi üçün əsasları;

29.5.4. dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan zərərin mövcudluğu ilə bağlı təsdiqedici nəticənin əldə edilməsinin əsaslandırılması.

29.6. Antidempinq və ya kompensasiya rüsumlarının tətbiq edilməsi ilə nəticələnən araşdırmanın başa çatması barədə, yaxud qiymətlə bağlı öhdəliklərin və ya öhdəliklərin qəbul edilməsi barədə bildiriş araşdırma orqanının əsaslandığı faktlar və tətbiq olunan hüquq normaları barədə məlumatları, yekun antidempinq və ya kompensasiya rüsumunun tətbiq edilməsi barədə təklifləri və ya bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan qiymətlə bağlı öhdəlikləri və ya 17-ci maddəsində nəzərdə tutulan öhdəlikləri, həmçinin müvafiq normativ hüquqi aktlara istinadları özündə əks etdirməlidir.

29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulan bildirişdə əlavə olaraq aşağıdakı məlumatlar əks olunmalıdır:

29.7.1. bu Qanunun 29.5-ci maddəsində göstərilən məlumatlar;

29.7.2. araşdırılan malın ixracatçıları və ya idxalatçıları, kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma üzrə əlavə olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən araşdırmanın gedişində təqdim edilmiş sübutların və tələblərin qəbul edilməsi və ya edilməməsinin səbəbləri;

29.7.3. antidempinq tədbirlərinin tətbiqi ilə bağlı araşdırma üzrə bu Qanunun 8.4-cü maddəsinə uyğun olaraq qəbul edilmiş hər hansı qərarın əsasları.

29.8. Bu Qanunun 16-cı maddəsinə əsasən qiymətlə bağlı öhdəliklərin və bu Qanunun 17-ci maddəsinə əsasən öhdəliklərin qəbul edilməsi ilə bağlı araşdırmanın başa çatması və ya dayandırılması ilə bağlı bildirişdə belə öhdəliklərin konfidensial olmayan variantı göstərilməlidir.

29.9. Bu Qanunun 29-cu maddəsinin müddəaları müvafiq fərqləri nəzərə almaqla bu Qanunun 20-ci maddəsinə əsasən həyata keçirilən təkrar araşdırmanın başlanılması və qurtarması ilə bağlı bildirişlərə də tətbiq edilir.

29.10. Mühafizə tədbirlərinin tətbiq edilməsi ilə nəticələnən araşdırmanın başa çatması barədə bildiriş araşdırma orqanı tərəfindən müəyyən edilmiş faktorları, tətbiq olunan hüquqi normaları, həmçinin onun sərəncamında olan məlumatların təhlil edilməsindən əldə olunan əsaslandırılmış nəticələri əks etdirməlidir.

29.11. Bu Qanunda nəzərdə tutulan bildirişlər rəsmi dövlət qəzetlərində dərc olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver