6.1. Araşdırılan malın xarici ixracatçısının və ya xarici istehsalçısının mühasibat uçotu sənədləri ixracatçı ölkənin mühasibat uçotu qaydalarına uyğun olduqda araşdırılan malın satışı və istehsalı ilə bağlı xərcləri özündə əks etdirdikdə xərclərin hesablanması həmin mühasibat uçotu sənədləri əsasında həyata keçirilir.
6.2. İstehsalın inkişafı üçün nəzərdə tutulan dövri olmayan xərclər və ya araşdırma müddətində istehsalın təşkili əməliyyatlarının xərclərə təsir etdiyi hallar nəzərə alınmaqla bu Qanunun 6.1-ci maddəsinə uyğun olaraq istehsal, inzibati, satış və ümumi xərclərin bölüşdürülməsi zamanı xərclərə müvafiq düzəlişlər edilir. İstehsalın təşkili əməliyyatları ilə bağlı xərclərə düzəlişlərin edilməsi istehsalın təşkili dövrünün sonundakı xərcləri və ya əgər bu dövr araşdırma müddətindən kənara çıxarsa, araşdırma müddətində araşdırma orqanının nəzərə aldığı ən son xərcləri əks etdirməlidir.
6.3. Satış, ümumi, inzibati xərclərin və mənfəətin məbləğləri araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən təqdim olunmuş adi ticarət dövriyyəsində oxşar malın istehsalı və satışına dair məlumatlar əsasında müəyyən olunur.
6.4. Xərclərin və mənfəətin məbləğlərinin bu Qanunun 6.3-cü maddəsinə əsasən müəyyən edilməsi mümkün olmadıqda, həmin məbləğlər aşağıdakılar əsasında müəyyən edilir:
6.4.1. araşdırılan malın mənşə ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsində eyni kateqoriyadan olan malın satışı və ya istehsalı ilə bağlı araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən ödənilən və xərclənən faktiki məbləğlər;
6.4.2. araşdırılan malın mənşə ölkəsinin daxili bazarında bu malın digər xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən oxşar malın satışı və istehsalı ilə əlaqədar ödənilən və xərclənən məbləğlərin çəkili ortası;
6.4.3. digər əsaslandırılmış metodla, bu şərtlə ki, belə metodla müəyyən olunan mənfəət məbləği eyni kateqoriyadan olan malın digər xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən bu malın mənşə ölkəsində satışı zamanı əldə olunan mənfəətdən artıq olmasın.