“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 23 mart 2020-ci il
1.1. Bu Qayda “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin (bundan sonra – müstəqil ekspert) imtahanının (bundan sonra – imtahan) keçirilməsi və imtahan nəticəsində müstəqil ekspert sertifikatının (bundan sonra – sertifikat) verilməsi ilə bağlı məsələləri tənzimləyir.
2.1. İmtahan və imtahan nəticəsində sertifikatların verilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.
2.2. İmtahanda iştirak etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
2.2.1. bu Qaydanın 1 nömrəli əlavəsində qeyd olunmuş ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilinə malik olmalı;
2.2.2. bu Qaydanın 4.7-ci bəndi nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən təşkil edilən təlimdən müvəffəqiyyətlə keçməli.
2.3. Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur.
2.4. İmtahan bu Qaydanın 3.7-ci bəndinə əsasən təsdiq edilən təlim proqramına uyğun olaraq sertifikat növləri üzrə ixtisaslara dair sualları əhatə edir.
2.5. İmtahanın təşkili ilə əlaqədar Mərkəz:
2.5.1. imtahanın qrafikini, aparılma texnologiyasını müəyyən edir;
2.5.2. imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
2.5.3. imtahan nəzarətçilərini müəyyən edir;
2.5.4. imtahanın keçirilmə tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan verir;
2.5.5. imtahanın qrafikini və imtahanda iştirak edəcək namizədlərin siyahısını rəsmi internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;
2.5.6. imtahanın keçirilməsinə 10 (on) gün qalmış imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır;
2.5.7. imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;
2.5.8. imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;
2.5.9. imtahanın nəticəsinin elan edildiyi gündən 15 (on beş) gün müddətində bu Qaydanın 5.2-ci bəndi ilə müəyyən edilmiş sertifikatları verir.
2.6. İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahan üçün ödəniş məbləği 80 (səksən) manat (ƏDV daxil edilmədən) müəyyən edilir.
3.1. Təlimin başlanmasına azı 1 (bir) ay qalmış Fondun rəsmi internet saytında və ya mətbu orqanda bu barədə elan verilir. Təşkil olunan təlimdə iştirak etmək üçün namizədlərin aşağıdakı sənədlərinin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri (bundan sonra – elektron kabinet) vasitəsilə təqdim edilməsi tələb olunur:
3.1.1. şəxsiyyətini təsdiq edən sənədin surəti;
3.1.2. bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ixtisasa malik olmasını təsdiq edən sənədin surəti;
3.1.3. peşə təhsilinə malik olan namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;
3.1.4. xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;
3.1.5. ödəniş edilməsini təsdiq edən sənəd.
3.2. Bu Qaydanın 3.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.3. Bu Qaydanın 3.1-ci bəndinin tələblərinə əməl etməyən namizədlər təlimə buraxılmırlar.
3.4. Namizədlərin ali və ya orta ixtisas təhsili haqqında məlumatlar Fond tərəfindən yoxlanılır.
3.5. Təlimin keçirilməsi üzrə ödənişin məbləği Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla Fond tərəfindən müəyyən olunur.
3.6. Təlimlərin başlanmasına azı 7 (yeddi) iş günü qalmış bu Qaydanın 3.1-ci bəndində qeyd olunmuş sənədləri Fonda təqdim edilən namizədlər təlimə cəlb edilirlər.
3.7. Fond tərəfindən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 (yüz dörd) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 (qırx) saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 (iyirmi) saat olmaqla təlim təşkil edilir. Namizədlər üçün təşkil olunan təlimin tədris proqramı, habelə nəzəri-metodoloji, pedaqoji-metodik vəsaitlər Fond tərəfindən təsdiq olunur və təlim prosesi nəzəri və tətbiqi məşğələləri əhatə edir.
3.8. Fond namizədləri təlim materialları ilə təmin edir.
3.9. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 16 (on altı) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 4 (dörd) saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 2 (iki) saat olmaqla təsərrüfat sahələrində praktik təcrübə keçirilir.
3.10. Təlimlər üçün ayrılmış ümumi saatların 10 faizindən çoxunda üzrlü səbəb olmadan iştirak etməyən namizədlər imtahanda iştirak etmək hüquqlarını itirirlər və sertifikat almaq üçün yenidən təlimlərə cəlb olunmalıdırlar.
3.11. Üzrlü səbəbdən təlimdə iştirak edə bilməyən namizədin növbəti təlimlərdə buraxılan dərsləri bərpa etmək hüququ vardır.
3.12. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və bu Qaydanın 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər Fond tərəfindən Mərkəzə göndərilir.
4.1. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və sənədləri bu Qaydanın 3.12-ci bəndində nəzərdə tutulmuş qaydada Fond tərəfindən təqdim edildikdən sonra Mərkəz tərəfindən bu Qaydanın 2.5.4-cü yarımbəndinə uyğun olaraq sənəd qəbuluna dair elan verilir. İmtahan sənəd qəbulunun başa çatdığı gündən ən geci 1 (bir) ay müddətində keçirilməlidir.
4.2. İmtahanda iştirak etmək üçün namizəd sənəd qəbulunun həyata keçirildiyi müddət ərzində elektron kabinet vasitəsilə onlayn qeydiyyatdan keçir və elektron kabinet vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və imtahanın qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.
4.3. İmtahan test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının sayı Mərkəz tərəfindən müəyyən olunur. Test tapşırıqlarının aşağıdakı növləri vardır:
4.3.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
4.3.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.
4.4. Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
4.4.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
4.4.2. açıq tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla.
4.5. İmtahanın davametmə müddəti 90 (doxsan) dəqiqədir.
4.6. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır və həmin baldan 60 faiz (36 bal) nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur.
4.7. İmtahandan keçməyən namizədlərin növbəti 3 (üç) dəfə yenidən imtahanda iştirak etmək hüququ vardır. Növbəti 3 (üç) dəfə imtahandan keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində təkrar iştirak etdikdən sonra imtahana buraxılırlar. Bu zaman onlar Fonda bu Qaydanın 3.1.5-ci yarımbəndinə uyğun olaraq ödəniş edilməsini təsdiq edən sənədi təqdim etməlidirlər.
4.8. İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Fonda təqdim olunur. İmtahanda iştirak etmiş namizədə Mərkəz tərəfindən imtahanın nəticəsi üzrə arayış verilir.
4.9. İmtahanın nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəzə müraciət edə bilər.
4.10. Müraciətə namizədin iştirakı ilə baxılır və ona Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədlərin imtahan nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədlərin imtahan nəticələri yenilənir.
4.11. İmtahanın nəticələri haqqında məlumat Mərkəzin rəsmi internet saytında yerləşdirilir.
4.12. İmtahan zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
4.12.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
4.12.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
4.12.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;
4.12.4. imtahan başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və imtahanın gedişinə mane olmaq;
4.12.5. imtahan başlandığı andan 30 (otuz) dəqiqə müddət bitənədək və imtahanın son 15 (on beş) dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
4.12.6. başqasının imtahan nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
4.12.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
4.12.8. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.
4.13. Mərkəz tərəfindən namizədin bu Qaydanın 4.12-ci bəndində qeyd edilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
5.1. Mərkəz sertifikat verilməsi üçün imtahanın nəticələri əsasında hər bir namizəd barədə müvafiq qərar qəbul edir.
5.2. İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:
5.2.1. kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
5.2.2. kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
5.2.3. akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
5.3. Bu Qaydanın 5.2-ci bəndində qeyd edilən sertifikatların qüvvədəolma müddəti 5 (beş) ildir.
5.4. Müstəqil ekspert kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikat almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanda iştirak etməli və yenidən sertifikat almalıdır. Müstəqil ekspert sonradan iki dəfə eyni növ sertifikat aldıqda, sonuncu sertifikat müddətsiz verilir və həmin şəxs bu növ üzrə fəaliyyətini davam etdirmək üçün imtahana cəlb olunmur.
5.5. Sertifikat bu Qaydanın 2 nömrəli əlavəsində qeyd edilən formada tərtib olunur və Mərkəzin səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin elektron kabinetləri vasitəsilə təqdim edilir.
5.6. Bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticə etibarsız hesab edilir. Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticəsinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə və Fonda elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
meyvə-tərəvəz ustası;
bitki mühafizəsi ustası;
maya göbələyi yetişdirən usta;
yaşıl təsərrüfat fəhləsi
heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru;
heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru;
heyvanlarda süni mayalanma üzrə texnik;
mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru;
maşınla sağım operatoru;
quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru;
şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası;
taxıl və taxıl məhsullarının texnologiyası;
təsərrüfatının təşkili;
bağçılıq və tərəvəzçilik;
hidromeliorasiya və torpaq mühafizəsi;
istixana təsərrüfatı;
süd və süd məhsullarının texnologiyası;
su bioehtiyatları və akvakultura;
balıq və balıq məhsullarının texnologiyası
bağçılıq və tərəvəzçilik;
torpaqşünaslıq və aqrokimya;
su bioehtiyatları və akvakultura;
torpaqşünaslıq və aqrokimya;
yerquruluşu və daşınmaz
su bioehtiyatları və akvakultura;
* Əvvəlki illərdə ali və orta ixtisas təhsili müəssisələrini bitirən məzunların ixtisaslarının (ixtisaslaşmalarının) bu siyahıda verilmiş ixtisaslara (ixtisaslaşmalara) uyğunluğu məsələsi ilə bağlı Mərkəzlə razılaşdırılmaqla Fond tərəfindən müvafiq qərar qəbul edilir.
** İmtahanda bu siyahıda qeyd edilmiş ixtisasların bütün ixtisaslaşmaları üzrə məzunları iştirak edə bilərlər.
“______”________________ 20____ il
_____________________________________________________________________________
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının növü
_____________________________________________________________________________
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı verilmişdir
_____________________________________________________________________________
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının qüvvədəolma müddəti ______
_____________________________________________________________________________
Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.
1. 4 oktyabr 2022-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 6 oktyabr 2022-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1211)
2. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)
3. 24 fevral 2025-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2025-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 206)
4. 1 may 2025-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 may 2025-ci il, “Xalq” qəzeti, 3 may 2025-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 495)
5. 9 sentyabr 2025-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 13 sentyabr 2025-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 848)
6. 15 may 2026-cı il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2026-cı il, “Azərbaycan” qəzeti, 19 may 2026-cı il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 475)