10.1 Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Həmin imtahanın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
10.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.
10.4. Müstəqil ekspertin müqavilə şərtlərini pozduğu aşkar edildikdə bu barədə aqrar sığorta orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilir.
10.5. Sığortalanan riski qiymətləndirən müstəqil ekspert, həmin risk üzrə sığorta hadisələrinin araşdırılmasında və zərərin qiymətləndirilməsində iştirak edə bilməz.
10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.
10.7. İlkin və yeni müstəqil ekspert tərəfindən verilmiş rəylər bir-birindən fərqli olduqda aqrar sığorta orqanının Apelyasiya Şurasında baxılır və müvafiq qərar qəbul edilir. Apelyasiya Şurasının qərarı yeni müstəqil ekspertin rəyini təsdiq edərsə onun xidmət haqqı ilkin ekspertin vəsaiti hesabına, ilkin müstəqil ekspertin rəyini təsdiq etdikdə isə sığortalının vəsaiti hesabına ödənilir.