Qanunvericilik › Aqrar sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Aqrar sığorta informasiya sistemi

Aqrar sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılır.

13.2. Aqrar sığorta informasiya sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.

13.3. Aqrar sığorta informasiya sisteminə inteqrasiya edilməli olan informasiya sistemlərinin və onlardan əldə olunan məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.4. Aqrar sığorta orqanı aşağıdakı məlumat və sənədləri elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edir:

13.4.1. hava və iqlim şəraiti barədə;

13.4.2. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və şorakətləşmə vəziyyəti;

13.4.3. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin daşınmaz əmlakın dövlət kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlar.

13.5. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş məlumatların (sənədlərin) əldə edilməsinə görə:

13.5.1. dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir;

13.5.2. bütün digər hallarda heç bir ödəniş tələb olunmur.

13.6. Sığorta müqavilələri üzrə məlumatlar mütəmadi olaraq İdarəedici qurum və (və ya) sistemin digər istifadəçiləri (vasitəçi aqrar sığortaçılar, müstəqil ekspertlər və aqrar sığortalılar) tərəfindən aqrar sığorta informasiya sisteminə daxil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver