1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. arbitraj – daimi arbitraj təşkilatı tərəfindən idarə edilib-edilməməsindən asılı olmayaraq arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesi;
1.1.2. arbitraj məhkəməsi – təkbaşına arbitr və ya arbitrlər kollegiyası;
1.1.3. arbitraj sazişi – müqavilədən irəli gəlib-gəlməməsindən asılı olmayaraq tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin (onların bir hissəsinin) arbitraja verilməsi barədə tərəflərin razılaşması;
1.1.4. beynəlxalq arbitraj – bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulan arbitraj;
1.1.5. daxili arbitraj – beynəlxalq arbitraja aid olmayan arbitraj;
1.1.6. xarici arbitraj məhkəməsi – arbitrajın yeri xarici ölkədə olan arbitraj məhkəməsi;
1.1.7. yerli arbitraj məhkəməsi – arbitrajın yeri Azərbaycan Respublikasında olan arbitraj məhkəməsi;
1.1.8. elektron məlumat – elektron, maqnit, optik və ya oxşar vasitələrlə, o cümlədən elektron məlumat mübadiləsi, elektron poçt, teleqram, teleks və ya telefaks vasitəsilə, lakin bunlarla məhdudlaşmayaraq, yaradılan, göndərilən, qəbul edilən və ya saxlanılan məlumat;
1.1.9. şəxsin olduğu yer – fiziki şəxsin adətən yaşadığı yer, hüquqi şəxsin isə daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer.