11.1. Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.
11.2. Daimi arbitraj təşkilatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) akkreditasiyadan keçmiş qeyri-kommersiya hüquqi şəxsidir. Dövlət orqanları, bələdiyyələr, dövlət və bələdiyyələrə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər (bu Qanunun 11.3-cü maddəsi nəzərə alınmaqla), siyasi partiyalar, dini qurumlar, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Notariat Palatası və Mediasiya Şurası tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilmir.
11.3. Qanunla müəyyən edilmiş hallarda sahibkarların hüquq və qanuni mənafelərini müdafiə edən publik hüquqi şəxslər tərəfindən daimi arbitraj təşkilatları yaradıla bilər.
11.4. Daimi arbitraj təşkilatının adında “arbitraj məhkəməsi” sözlərindən istifadə edilməsi qadağandır. Daimi arbitraj təşkilatının adı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin adlarına bənzəməməli və səlahiyyətləri ilə əlaqədar mülki dövriyyə iştirakçılarını yanıltmamalı və ya yanılda bilən olmamalıdır.
11.5. Daimi arbitraj təşkilatının akkreditasiyası zamanı daimi arbitraj təşkilatının bu Qanunun tələblərinə cavab verən qaydalara və azı 3 (üç) arbitrin daxil olduğu ilkin arbitr siyahısına malik olması, daimi arbitraj təşkilatının müstəqilliyi, fəaliyyətinin təşkili üçün müvafiq struktur bölmələrinin, o cümlədən həmin struktur bölmələrinin fəaliyyətini tənzimləyən daxili qaydaların, arbitraj icraatının idarə edilməsi üçün insan və maliyyə resurslarının və zəruri infrastrukturun mövcud olması, işçilərinə münasibətdə etik davranış qaydalarına, fəaliyyətin şəffaflığına və effektiv daxili nəzarətə dair sənədlərin qəbul edilməsi məsələləri qiymətləndirilir.
11.6. Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
11.7. Daimi arbitraj təşkilatının qaydalarında həmin təşkilat tərəfindən idarə olunan mübahisələrin növləri, onun funksiyaları, arbitraj icraatının aparılması qaydası, arbitraj icraatı zamanı arbitraj məhkəməsinin və daimi arbitraj təşkilatının səlahiyyətləri, arbitrlərin müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi üçün tələblər, arbitraj xərclərinin tərkibi (o cümlədən arbitraj haqqının məbləği və ya onun müəyyən edilməsi) və onun bölüşdürülməsi, habelə işlərin saxlanması qaydaları və daimi arbitraj təşkilatının funksiyalarına aid digər məsələlər müəyyən edilir.
11.8. Bu Qanunun 11-ci maddəsinin müddəaları beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilmir.