Qanunvericilik › Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Arbitrajda həll edilə bilən mübahisələr

Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.

13.2. Bu Qanunun 13.3-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı işlər arbitrajda həll edilə bilməz:

13.2.1. cinayət və inzibati xətalarla bağlı işlər;

13.2.2. inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər;

13.2.3. ailə münasibətlərindən irəli gələn mübahisələr;

13.2.4. şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər;

13.2.5. əmək mübahisələri;

13.2.6. ətraf mühitin mühafizəsi sahəsində mübahisələr;

13.2.7. vərəsəlik işləri;

13.2.8. əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr;

13.2.9. rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr;

13.2.10. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr;

13.2.11. müflisləşmə və iflasa dair işlər;

13.2.12. hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı iddialara dair işlər (hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) olduqda);

13.2.13. fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda);

13.2.14. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;

13.2.15. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.

13.3. Bu Qanunun 13.2.14-cü və 13.2.15-ci maddələrində göstərilən işlər yerli arbitraj məhkəməsində həll edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver