17.1. Arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir. Belə etiraz işə mahiyyəti üzrə baxılmasından əvvəl daxil olmadıqda məhkəmə işə mahiyyəti üzrə baxmalıdır.
17.2. Etiraz etməmiş tərəf məhkəmə baxışı zamanı yalnız o halda etiraz edə bilər ki, işə mahiyyəti üzrə baxılmasına qədər etiraz edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını sübut etsin. Bu halda məhkəmə həmin etiraza bu Qanunun 17.1-ci maddəsində müəyyən edilmiş qaydada baxmalıdır.
17.3. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı iddia məhkəmənin icraatında olduğu müddətdə arbitraj icraatı başlana və ya davam etdirilə, habelə arbitraj qərarı qəbul edilə bilər.