Qanunvericilik › Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul etmək səlahiyyətləri

Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Tərəflər arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi tərəflərin müraciəti ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər.

27.2. Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edərək mübahisənin tərəflərindən aşağıdakıları tələb edə bilər:

27.2.1. mövcud və ya ilkin vəziyyəti mübahisənin həllinə qədər saxlamaq və ya bərpa etmək;

27.2.2. yaranmış və ya yarana biləcək zərərin, yaxud arbitraj icraatının özü ilə bağlı zərərin qarşısını almaq üçün tədbirlər görmək və ya belə zərərə səbəb ola biləcək hərəkətlərdən çəkinmək;

27.2.3. mübahisə üzrə yekun arbitraj qərarının icrası üçün lazım olan aktivlərin mühafizəsini təmin etmək;

27.2.4. işə aid ola biləcək, habelə mübahisənin həlli üçün əhəmiyyəti olan sübutları mühafizə etmək.

27.3. Tərəflər arasında digər razılıq yoxdursa, müvəqqəti təminat tədbirləri barədə əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə biləcəyi hallar istisna olmaqla, arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə bu tədbirlərin yönələcəyi tərəfə belə qərar qəbul edilməmişdən əvvəl xəbər verməlidir.

27.4. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edildikdən dərhal sonra arbitraj məhkəməsi bütün tərəflərə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə bildirişi, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı müraciəti, həmin qərarı və olduğu halda, tərəflər və arbitraj məhkəməsi arasında olan bütün yazışmaları göndərməli, habelə şifahi məlumat mübadilələrinin məzmunu barədə məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver