Qanunvericilik › Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Bu Qanunun tətbiq dairəsi

Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Bu Qanun arbitrajın yeri Azərbaycan Respublikasında olan beynəlxalq və daxili arbitraja tətbiq edilir.

4.2. Bu Qanunun 10-cu, 13-cü, 17-ci, 18-ci, 32-ci, 33-cü, 34-cü, 46-cı, 48.5-ci, 55-ci və 56-cı maddələri arbitrajın yeri xarici ölkədə olduğu və ya arbitrajın yeri müəyyən olunmadığı hallarda da tətbiq edilir.

4.3. Aşağıdakı hallardan hər hansı biri mövcud olduqda arbitraj beynəlxalq sayılır:

4.3.1. arbitraj razılaşması (sazişi) (bundan sonra – arbitraj sazişi) tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer, həmin razılaşmanın bağlandığı vaxtda, ayrı-ayrı dövlətlərdə yerləşdikdə;

4.3.2. aşağıdakı yerlərdən biri tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövlətin hüdudlarından kənarda yerləşdikdə:

4.3.2.1. arbitraj sazişində və ya ona əsasən müəyyən edilmiş arbitrajın yeri;

4.3.2.2. kommersiya münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu yer və ya mübahisə predmetinin ən sıx əlaqəli olduğu yer;

4.3.3. arbitraj sazişinin predmetinin birdən çox dövlət ilə əlaqəli olması barədə tərəflər qəti razılığa gəldikdə.

4.4. Bu Qanunun 4.3-cü maddəsinin məqsədləri üçün aşağıdakı qaydalar tətbiq edilir:

4.4.1. tərəf birdən çox ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, arbitraj sazişinə ən sıx aidiyyəti olan yer tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer hesab olunur;

4.4.2. tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer olmadıqda həmin tərəfin olduğu yer əsas götürülür.

4.5. Bu Qanun mübahisələrin arbitraja verilə bilmədiyini və ya bu Qanunda olan müddəalardan fərqli qaydada verilə bildiyini nəzərdə tutan Azərbaycan Respublikası qanunlarının qüvvəsinə təsir göstərmir.

4.6. Bu Qanunun tənzimləmə predmetinə aid olan, lakin birbaşa həllini tapmayan məsələlər arbitrajın əsaslandığı ümumi prinsiplərə uyğun həll olunmalıdır.

4.7. Ələt azad iqtisadi zonasında arbitraj icraatının həyata keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver