51.1. Arbitraj qərarı yazılı formada çıxarılır, arbitr və ya arbitrlər tərəfindən imzalanır. Arbitraj icraatının birdən çox arbitr tərəfindən aparıldığı hallarda arbitraj qərarı, hər hansı bir imzanın olmamasının səbəbi qərarda göstərilməklə, arbitraj məhkəməsi üzvlərinin əksəriyyəti tərəfindən imzalanmalıdır. Arbitr arbitraj qərarını imzalamaqdan imtina etdikdə və ya xüsusi rəyi olduqda bu barədə arbitraj qərarında qeyd aparılır və xüsusi rəy arbitraj materiallarına əlavə edilir.
51.2. Arbitraj qərarının əsaslandırılma hissəsi olmadan qəbul edilməsi haqqında tərəflərin razılığa gəldiyi və ya bu Qanunun 50-ci maddəsinə uyğun olaraq razılaşdırılmış şərtlərlə arbitraj qərarının qəbul edildiyi hallar istisna olmaqla, arbitraj qərarında onun əsaslandırılması göstərilir.
51.3. Arbitraj qərarında onun tarixi və bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş arbitrajın yeri göstərilir. Arbitraj qərarı həmin yerdə çıxarılmış hesab edilir.
51.4. Arbitraj qərarı çıxarıldıqdan sonra qərarın bu Qanunun 51.1-ci maddəsinə uyğun olaraq imzalanmış nüsxələri tərəflərə təqdim edilir.
51.5. Arbitraj sazişində və ya bu Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, arbitraj qərarı çıxarıldığı gündən məcburi hüquqi qüvvəyə minir.
51.6. Arbitraj məhkəməsi mübahisə ilə bağlı bir və ya bir neçə arbitraj qərarı çıxara bilər.