20.1. Arıçılıq məhsullarına olan tələbatın, qiymətlərin, reklamın, yeni məhsul növünün istehsalının, müəssisələrin və firmaların istehsal-satış fəaliyyətinin idarə edilməsinin yaxşılaşdırılmasına yönəldilmiş məsələlərin təhlili və proqnozlaşdırılması üçün arıçılıq məhsullarının marketinqi təşkil edilir.
20.2. Arıçılıq məhsullarının marketinqi arıçılıq məhsullarının həcminə, arıçılıq məhsullarına olan tələbata və digər məlumatlara əsaslanır.
20.3. Arıçılıq məhsullarının həcmi barədə məlumatların əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Arıçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada arıçılığa dair statistik məlumatları təqdim etməyə borcludurlar.
20.4. Arıçılıq məhsullarına olan tələbatı müəyyən etmək, onların reklamını və satışını keçirmək üçün sərgilər, yarmarka-satış və müasir informasiya texnologiyaları olan internet-saytlardan istifadə olunur. Yarmarkaların və sərgilərin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il həyata keçirilir və bu tədbirlərdə arıçılıq məhsulları ilə yanaşı arıçılıqda istifadə edilən avadanlıq, inventar və qurğular da nümayiş etdirilir və onların satışı təşkil olunur.
20.5. Arıçılıq məhsulları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərbəst mübadilə oluna, alına və ya bir şəxsdən başqasına keçə bilər. Arıçılıq məhsullarının satışı xüsusi mağazalarda, mağazaların ayrıca bölmələrində və ya onların keyfiyyətinə və digər xüsusiyyətlərinə zərər gətirməyən, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən yerlərdə təşkil olunur.
20.6. Satışa bal arılarının bitkilərin nektarından və şirəsindən (gəzəngidən) istehsal etdiyi bal çıxarılır. Süni yolla və ya başqa mallardan alınmış məhsulu təbii bal kimi dövriyyəyə daxil etməklə istehlakçıların hüquqlarının pozulmasında təqsirli bilinən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
20.7. Azərbaycan Respublikasında istehsal olunan arıçılıq məhsullarının qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş və ya qeydiyyata alınmış olduqda, idxal olunmuş məhsullara dair idxal sağlamlıq aktı olduqda onların dövriyyəsinə yol verilir.
20.8. Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.