23.1. Bal arılarının saxlanıldığı ərazilərdə və balyığma mənbələrində tarla, çəmən, meşə, meşə zolaqları və əkinlərin pestisidlərlə və aqrokimyəvi maddələrlə işlənməsi zərurəti yarandığı hallarda bu işlərlə məşğul olan hüquqi və fiziki şəxslər dərmanlanacaq sahələrdən yeddi kilometr məsafəyədək yerləşən arıxana sahiblərinə işə başlamazdan ən azı beş gün əvvəl rəsmi qaydada və ya media ilə xəbərdarlıq etməyə borcludurlar.
Xəbərdarlıqda dərmanlanacaq sahələrin adı və yeri, dərmanlanmanın aparılma vaxtı və metodu, tətbiq edilən pestisidlərin və aqrokimyəvi maddələrin növü, təsir müddəti və dərəcəsi göstərilməlidir.
23.2. Meşələrin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlər arıçılıq sahəsində səmərəli fəaliyyəti təmin edən tələblər nəzərə alınmaqla həyata keçirilir.
Arıxanaların yerləşdiyi yerdən üç kilometrdən az məsafədə olan meşələrin sanitariya vəziyyəti və çoxaldılması şəraitini yaxşılaşdırmaq halları istisna olmaqla, balyığma mənbələri olan ağac və kolların (cökə, ağcaqayın, söyüd, akasiya və s.) kəsilməsinə və ya onların nektar məhsuldarlığına xələl gətirən fəaliyyətə icazə verilmir.
23.3. Təbii məskunlaşdıqları yerlərdə bal arılarının xeyirli xüsusiyyətlərindən istifadə və onlardan arıçılıq məhsullarının alınması qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.
Arıların təbii şəraitdə məskunlaşdıqları ağac koğuşlarının və başqa yerlərin talan edilməsinə icazə verilmir və belə arı ailələri həmin ərazinin istifadəçiləri tərəfindən qorunur.
Ağac koğuşunda məskunlaşmış arı ailələrindən balın götürülməsinə arı ailəsinin məhv edilməməsi, kötük şəklində ağacın kəsilməməsi və yuvada arı ailəsinə yem üçün lazımi miqdarda bal ehtiyatının saxlanması şərti ilə icazə verilir.