“ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “ASAN müraciət” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda müəyyən edilən keçid dövrü nəzərə alınmaqla, “ASAN müraciət” informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.
4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”yə əlavə - “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda qeyd olunan dövlət orqanlarına (qurumlarına) tapşırılsın ki, həmin Əsasnamə ilə müəyyən edilmiş funksiyalarının həyata keçirilməsini təmin etmək məqsədilə 2 (iki) ay müddətində müvafiq tədbirlər görsünlər.
5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
* (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 25 sentyabr tarixli 314 nömrəli Qərarı ilə 5-ci bəndin yeni redaksiyada verilməsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 dekabr 2021-ci il
1.1. Bu Əsasnamə “ASAN müraciət” informasiya sisteminin (bundan sonra – AMİS) formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. AMİS-nin sahibi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada sistem üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra – sahib).
1.3. AMİS-nin operatoru sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə sistemin fəaliyyətinin həyata keçirilməsi sahəsində hüquq və vəzifələrini həvalə etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdir (bundan sonra – operator).
1.4. AMİS ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi (bundan sonra – müvafiq sahə) ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə, operativ surətdə bu Əsasnaməyə əlavə - “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda qeyd edilmiş aidiyyəti dövlət qurumlarına (bundan sonra – qurumlar) göndərilməsini və istifadəçi tərəfindən həmin müraciətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.
1.5. AMİS Azərbaycan Respublikasının mülkiyyətidir.
1.6. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan anlayışlar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.7. AMİS-də toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi müvafiq sahə ilə bağlı problemlərin və çatışmazlıqların müəyyən edilməsinin və aradan qaldırılmasının operativ qaydada təmin olunmasıdır. Fərdi məlumatların AMİS-də toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.8. AMİS-nin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.9. AMİS-dən istifadə ödənişsizdir.
2.1. AMİS-nin formalaşdırılmasının məqsədi bu Əsasnamənin 1.4-cü bəndində göstərilən müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsindən və istifadəçi tərəfindən həmin müraciətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsindən ibarətdir.
2.2. AMİS Qaydaların 2.1-ci bəndində və aşağıda qeyd edilən prinsiplər əsasında formalaşır və fəaliyyət göstərir:
2.2.1. istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin AMİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.2.2. sərbəstlik və fasiləsizlik – AMİS-nin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fasiləsiz həyata keçirilməsi;
2.2.3. funksionallıq və davamlı inkişaf – AMİS-nin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə, AMİS-nin daim təkmilləşdirilməsi;
2.2.4. operativlik – məlumat mübadiləsinin və AMİS-nin bu Əsasnamənin 1.4-cü bəndində qeyd edilən funksiyalarının ən qısa müddətdə həyata keçirilməsi;
2.2.5. şəffaflıq – AMİS-nin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
3.1. AMİS-nin texniki infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
3.1.1. texniki avadanlıq və proqram təminatı;
3.1.2. telekommunikasiya qurğuları və kanalları;
3.1.3. AMİS-nin əsas və ehtiyat mərkəzləri;
3.1.4. AMİS-nin informasiya ehtiyatı və onun idarəetmə paneli;
3.1.6. AMİS-nin test mühiti.
3.2. Texniki avadanlıq və proqram təminatı AMİS-nin bu Əsasnamənin 1.4-cü bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin AMİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.
3.3. AMİS fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini, habelə operativ və keyfiyyətli məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malik olmalıdır.
3.4. AMİS-də formalaşdırılan, AMİS-yə daxil edilən və göndərilən məlumatlar AMİS-nin informasiya ehtiyatında saxlanılır. AMİS-nin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə Ehtiyat mərkəz yaradılır və AMİS-də mövcud olan məlumatların ehtiyat surətləri həmin mərkəzdə saxlanılır.
3.5. AMİS-nin idarəetmə paneli informasiya ehtiyatlarının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatlarından istifadəni təmin edir.
3.6. AMİS-nin mobil tətbiqi qurumların AMİS-nin fəaliyyətində iştirakını, habelə istifadəçilərin AMİS-dən istifadəsini təmin edir.
3.7. AMİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
3.8. AMİS sahibin, operatorun və qurumların əməkdaşlarının, habelə istifadəçilərin identikləşdirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.
4.1. AMİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları (ilkin mənbə olan) arasında məlumat mübadiləsi (AMİS-yə məlumatların ötürülməsi, habelə AMİS-də formalaşdırılan və ya AMİS-yə daxil edilən məlumatların digər dövlət informasiya sistemlərinə və ehtiyatlarına ötürülməsi) Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə real vaxt rejimində həyata keçirilir.
4.2. AMİS-nin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.3. AMİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların AMİS-yə daxil edilməsi əməkdaş tərəfindən birbaşa həyata keçirilir.
4.4. Müraciət göndərən şəxslərin identikləşdirilməsi, habelə problemlərin və çatışmazlıqların aşkar edildiyi yerin (ünvanın) müəyyənləşdirilməsi məqsədilə aşağıda göstərilən məlumatlar aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən AMİS-yə ötürülür:
4.4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə:
1. hüquqi şəxsin adı;
2. ünvan məlumatları;
4.4.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə - fiziki şəxsin soyadı, adı və atasının adı;
4.4.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə - hüquqi və fiziki şəxsin telefon nömrəsi (mobil və (və ya) stasionar).
5.0. AMİS-nin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:
5.0.1. AMİS-nin idarə olunmasını təşkil etmək və AMİS-nin funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
5.0.2. AMİS-nin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
5.0.3. AMİS-nin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;
5.0.4. AMİS-yə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları gücləndirilmiş elektron imza ilə təmin etmək;
5.0.5. AMİS-yə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına nəzarət etmək, informasiya təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;
5.0.6. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
5.0.7. AMİS-nin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri sənədləri (məlumatları) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə sənədləri (məlumatları) almaq;
5.0.8. aidiyyəti qurumların AMİS-nin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) onlara təqdim etmək.
6.0. Operatorun AMİS-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı funksiyaları aşağıdakılardır:
6.0.1. AMİS-dən sərbəst və maneəsiz istifadəni, AMİS-nin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, bu məqsədlə AMİSnin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək, AMİS-dən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmək,
6.0.2. AMİS-nin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq, AMİS-nin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə təqdim etmək;
6.0.3. AMİS-nin təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda AMİS-nin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, bu hallar barədə sahibi məlumatlandırmaq;
6.0.4. aidiyyəti qurumların AMİS-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq;
6.0.5. AMİS-ni EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsinin EHİS vasitəsilə həyata keçirilməsini təşkil etmək;
6.0.6. AMİS-yə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.0.7. AMİS-yə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;
6.0.8. AMİS-nin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq, zərurət yarandıqda AMİS-nin texniki parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
6.0.9. sahibin müraciəti əsasında normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
6.0.10. istifadəçiləri, qurumları AMİS-dən istifadə və onun funksiyaları ilə bağlı təlimatlandırmaq, maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.0.11. AMİS-nin “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək.
7.0. Qurumların AMİS-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı funksiyaları aşağıdakılardır:
7.0.1. AMİS vasitəsilə daxil olan müraciətlərə Qanun və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada baxmaq;
7.0.2. AMİS vasitəsilə daxil olan müraciətlərə baxılması ilə bağlı məlumatların, eləcə də müraciətlərə baxılmasının nəticəsi barədə sənədlərin (məlumatların) həmin sistemə daxil edilməsini təmin etmək;
7.0.3. AMİS-yə daxil edilən sənədlərin (məlumatların) aktuallığını, tamlığını, etibarlılığını, dürüstlüyünü və konfidensiallığını təmin etmək;
7.0.4. AMİS-nin fəaliyyətində iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.0.5. AMİS-yə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
7.0.6. sahibin və operatorun sorğularını normativ hüquqi aktların tələblərinə uyğun olaraq cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) sahibə və operatora təqdim etmək;
7.0.7. sahibin AMİS-yə daxil etdiyi və qurumun bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;
7.0.8. AMİS-nin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək.
8.1. AMİS-dən istifadə sistemin mobil tətbiqi və internet informasiya ehtiyatı üzərindən həyata keçirilir. İstifadəçi AMİS-dən qeyd edilən mobil tətbiqi mobil cihazına yükləyərək və ya internet informasiya ehtiyatına daxil olaraq qeydiyyatdan keçdikdən (Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən) sonra istifadə edir.
8.2. İstifadəçi qeydiyyatdan keçdikdən (Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən) sonra AMİS tərəfindən avtomatik qaydada formalaşdırılan elektron kabinetində müraciətlə elektron xəritə üzərində qeyd etməklə, operativ surətdə göndərə və baxılmanın nəticəsini izləyə bilər.
8.3. Müraciətin göndərilməsi üçün istifadəçi tərəfindən müraciətin mətni və ya səsli mesaj elektron kabinetə daxil edilir, müraciətin cavablandırılması üsulu (yalnız AMİS vasitəsilə və ya həm AMİS, həm də poçt ünvanı (bu halda istifadəçinin poçt ünvanı da daxil edilir) vasitəsilə) seçilir, habelə olduğu halda problemin və çatışmazlığın foto və (və ya) videogörüntüsü əlavə olunur, onun müşahidə (aşkar) edildiyi yer elektron xəritə üzərində qeyd edilərək “Göndər” düyməsi sıxılır.
8.4. Müraciətin göndərilməsi zamanı konkret ünvan üzrə digər istifadəçilər tərəfindən göndərilən müraciətlər istifadəçinin elektron kabinetində əks olunur. Həmin müraciətlərdə qeyd edilən məsələlər istifadəçinin müraciəti ilə eyni və ya oxşar olduğu halda istifadəçi sözügedən müraciətlərə qoşula və əlavələr edə bilər.
8.5. Müraciət daxil olduqdan 1 (bir) iş günü müddətində sahibin əməkdaşları tərəfindən müraciətin aid olduğu qurum müəyyən edilir və müraciət həmin qurumun sistemdə yaradılan elektron kabinetində yerləşdirilir. Müraciətdə qeyd edilən məsələlərin həlli bir neçə qurumun səlahiyyətinə aid olduqda, müraciət həmin qurumların AMİS-də yaradılan elektron kabinetlərində yerləşdirilir. Bu zaman AMİS tərəfindən müraciətin avtomatik qaydada təkrarolunmaz qeydiyyat nömrəsi, tarixi müəyyən edilir və bu barədə istifadəçinin şəxsi kabinetinə məlumat göndərilir. İstifadəçi həmin qeydiyyat nömrəsi əsasında müraciətinə baxılmanın gedişatını və nəticələri izləyə bilər.
8.6. Daxil olan müraciət müvafiq sahə ilə bağlı olmadıqda, mətni oxunaqlı olmadıqda və ya mətnində əxlaqa zidd leksik (söyüş) məzmunlu ifadələrə yol verildikdə, habelə tələb aydın ifadə edilmədikdə, sahibin əməkdaşları tərəfindən bu barədə əsaslandırılmış məlumat istifadəçinin elektron kabinetində yerləşdirilir.
8.7. Bu Əsasnamənin 8.6-cı bəndində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra istifadəçi müvafiq məsələ ilə bağlı AMİS vasitəsilə təkrar müraciət edə bilər.
8.8. Müraciətə baxılması ilə bağlı icra müddəti AMİS tərəfindən avtomatik qaydada Qanuna uyğun olaraq müəyyən edilir.
8.9. Aidiyyəti qurum daxil olan müraciətə Qanuna uyğun olaraq baxdıqdan sonra müvafiq yazılı cavabı AMİS-nin internet informasiya ehtiyatı vasitəsilə elektron kabinetinə daxil edir və həmin cavab AMİS tərəfindən istifadəçinin elektron kabinetində yerləşdirilir. Müraciətin cavablandırılması üsulu kimi seçildiyi halda cavab qurum tərəfindən müraciət edənin poçt ünvanına da göndərilir.
8.10. Müraciətə baxan qurum müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün AMİS vasitəsilə digər quruma sorğu göndərə bilər.
8.11. Müraciətdə irəli sürülən məsələnin həlli qurumun səlahiyyətinə aid olmadıqda, həmin müraciət qurum tərəfindən AMİS vasitəsilə Qanunla müəyyən edilmiş müddətdə aidiyyəti üzrə göndərilir və bu barədə məlumat sistem tərəfindən istifadəçinin elektron kabinetində yerləşdirilir.
8.12. AMİS-yə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdiyi (istifadəçilər tərəfindən) hallarda istifadəçilərin AMİS-nin məlumatlarına girişi operator tərəfindən məhdudlaşdırılır.
9.1. AMİS vasitəsilə göndərilən müraciətlərə baxılması ilə bağlı istifadəçilər Qanunun 14-cü maddəsində qeyd edilən hüquqlara malikdir.
9.2. Qanunun 8.1-ci maddəsində qeyd edilən hallarda AMİS vasitəsilə göndərilən müraciətlər baxılmamış saxlanılır. Bu zaman səbəblər və şikayət verilməsi qaydası göstərilməklə, müraciətin baxılmamış saxlanılması barədə məlumat sistem tərəfindən istifadəçinin elektron kabinetində yerləşdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Yerli icra hakimiyyəti orqanları
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Dənizkənarı Bulvar İdarəsi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
1. 28 dekabr 2022-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1557)
2. 1 iyun 2023-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2023-cü il, “Xalq” qəzeti, 4 iyun 2023-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 839)
3. 2 dekabr 2023-cü il tarixli 430 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1765)
4. 23 fevral 2024-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral 2024-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 229)
5. 6 sentyabr 2024-cü il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 13 sentyabr 2024-cü il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1066)
6. 27 yanvar 2025-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2025-ci il, “Xalq” qəzeti, 31 yanvar 2025-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 89)
7. 25 sentyabr 2026-cı il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 26 sentyabr 2026-cı il, № 176) (Bu Qərar “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)