AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
1. “Atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Elektron xidmətin adı: Atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət istifadəçinin qeydiyyat orqanına getmədən atalığı müəyyən etmənin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci və 186-188-ci maddələri;
- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının 2-ci hissəsinin 4-cü abzası;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndi və 6-cı hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.9-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 2 iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılır.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az
Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az
Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün istifadəçi tərəfindən elektron qaydada doldurulan ərizəyə atalığı müəyyən etmənin hallarından asılı olaraq aşağıdakılar əlavə olunur:
1. Valideynlərin birgə ərizəsi əsasında atalıq müəyyən olunduqda: şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi (valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənədin skan edilmiş surəti), uşağın doğumu haqqında şəhadətnamənin skan edilmiş surəti;
2. Məhkəmə qətnaməsi əsasında atalıq müəyyən olunduqda atalığın müəyyən edilməsi haqqında qətnamənin skan edilmiş surəti, Qətnamə ilə şəxslərin eyniləşdirilməsi mümkün olmadıqda uşağın doğumu haqqında şəhadətnamənin skan edilmiş surəti və müraciət edənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi.
3. Tək atanın ərizəsi əsasında atalıq müəyyən olunduqda:
3.1. yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının müvafiq razılığını təsdiq edən sənədin;
3.2. ana öldükdə onun ölümü haqqında şəhadətnamənin;
3.3. ana fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya valideynlik hüquqlarından məhrum olunduqda bu barədə məhkəmə qətnaməsindən çıxarışın;
3.4. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənədin skan edilmiş surətləri, həmçinin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi.
İstifadəçi qeydiyyat orqanına gəldikdə şəxsiyyət vəsiqəsi istisna olmaqla bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən sənədlərin əslini təqdim etməlidir.
3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
İstifadəçi bu reqlamentin 2.6.1-ci yarımbəndində qeyd olunanlar əsasında atalığı müəyyən etmənin dövlət qeydiyyatı üçün elektron ərizə formasına müvafiq məlumatları əlavə edərək elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərir.
3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən elektron xidmətin təqdim edildiyi internet ünvanlarından atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün ərizə forması yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir;
3.2.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində tələb olunan məlumatları daxil edərək elektron xidmətdən istifadə edir.
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir.
Bu imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
İstifadəçi elektron xidmət vasitəsilə aidiyyəti qeydiyyat orqanını seçərək, elektron qaydada ərizə formasını doldurduqdan və 2.6.1-ci yarımbənddə göstərilənləri elektron qaydada göndərdikdən sonra qeydiyyat orqanı tərəfindən atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı aparılır.
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
– Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;
– Məlumatlar və sənədlər yoxlanılır;
– İstifadəçi atalığı müəyyən etmək haqqında şəhadətnamənin (bundan sonra - şəhadətnamə) ona təqdim edilməsi üçün qeydiyyat orqanına dəvət olunur.
Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
– Qeydiyyat orqanının məsul şəxsi elektron ərizə formasını və ona əlavə edilmiş sənədləri qəbul edir;
– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir;
– Şəhadətnamə hazırlanır, onun verilmə vaxtı və yeri barədə elektron poçt ünvanı vasitəsilə istifadəçiyə məlumat verilir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:
– Elektron ərizə forması və ona əlavə edilmiş sənədlər qəbul edilərək çap olunur;
– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra şəhadətnamə hazırlanması üçün təqdim edilir;
–İstifadəçi müvafiq qeydiyyat orqanına gələrək reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən sənədlərin əslini təqdim etməklə şəhadətnaməni əldə edir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.
3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1. 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)