Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Atçılığın maliyyə təminatı və dövlət tərəfindən stimullaşdırılması

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Atçılığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət büdcəsindən ayırmalar, cıdır-şans (totalizator) oyunlarından daxilolmalar, habelə investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən ödənilən ianələr və digər mənbələr hesabına formalaşır.

32.2. Atçılıq sahəsində aşağıdakı tədbirlər dövlət büdcəsindən maliyyələşdirilir:

32.2.1. elmi tədqiqat işlərinin aparılması, proqramların hazırlanması və həyata keçirilməsi, atçılıq üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması;

32.2.2. Dövlət Damazlıq Kitablarının, Dövlət Reyestrinin, cins atların pasportlarının (şəhadətnamələrinin), mənşə (ixrac) sertifikatlarının, atçılıq üzrə uçot formalarının, normativ sənədlərin və maarifləndirici vəsaitlərin nəşr etdirilməsi;

32.2.3. xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə dövlət damazlıq təsərrüfatlarının və atçılıq idman klublarının təmsil olunması;

32.2.4. dövlət damazlıq təsərrüfatlarında yetişdirilən milli və beynəlxalq at cinslərinin genofondunun qorunub saxlanması və beynəlxalq Damazlıq Kitablarında ("Stud-book"larda) qeydə alınması;

32.2.5. dövlət damazlıq atçılıq reproduktorlarının saxlanması.

32.3. Qeyri-dövlət atçılıq subyektləri aşağıdakı tədbirləri öz vəsaitləri hesabına həyata keçirirlər:

32.3.1. seleksiya-damazlıq proqramlarının həyata keçirilməsi;

32.3.2. imraunogenetik ekspertiza və dopinq nəzarəti laboratoriyalarının təşkili;

32.3.3. atçılıq mütəxəssislərinin, idmançıların, hakimlərin, məşqçi və jokeylərin hazırlanması və ixtisaslarının artırılması;

32.3.4. at sərgilərinin, hərraclarının təşkili, ölkə daxilində və xarici ölkələrdə təşkil edilən tədbirlərdə, keçirilən cıdır və at idmanı yarışlarında atların və işçi heyətin iştirakının təmin edilməsi;

32.3.5. özəl təsərrüfatlarda yetişdirilən milli və beynəlxalq at cinslərinin beynəlxalq Damazlıq Kitablarında ("Stud-book"larda) qeydə alınması;

32.3.6. dövlət tərəfindən maliyyələşdirilməyən baytarlıq, fitosanitar və digər tədbirlərin həyata keçirilməsi.

32.4. Atçılıq sahəsində seleksiya-damazlıq proqramlarının hazırlanması, dövlət atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və xarici ölkələrdən lizinq yolu ilə yüksək göstəricilərə malik damazlıq atların alınması atçılıq fəaliyyətindən əldə olunan vəsaitlər, cıdır-şans (totalizator) oyunlarından daxilolmalar, habelə investisiyalar, subsidiyalar, güzəştli kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən ödənilən ianələr və digər mənbələr hesabına həyata keçirilir.

* (32.4-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

32.5. Atçılığın inkişafına investisiyalar qoyulmasına əlverişli iqtisadi və hüquqi mühit yaradılır, atçılıq üzrə idmançılara, jokeylərə, məşqçilərə və hakimlərə peşəkarlıq (məharət) dərəcəsinə görə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlar tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver