Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Cins atların dövlət qeydiyyatına alınması və atlara pasportların (şəhadətnamələrin) verilməsi

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Cins atların uçotunun aparılması və mənşəyinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən bütün cins atlar dövlət qeydiyyatına alınır.

8.2. Cins atların dövlət qeydiyyatı Dövlət Damazlıq Kitabında aparılır. Bu məqsədlə hər bir at cinsi üzrə aynlıqda Dövlət Damazlıq Kitabı tərtib edilir.

8.3. Cins atların dövlət qeydiyyatı əsasında hər bir cins ata pasport (şəhadətnamə) tərtib edilir və verilir Cins atlara verilən pasportlar (şəhadətnamələr) Azərbaycan və ingilis dillərində tərtib olunur.

8.4. Pasport (şəhadətnamə) cins atın mənşəyini təsdiq edən və identikləşdirilməsi zamanı istifadə olunan əsas sənəddir.

8.5. Cins atların dövlət qeydiyyatı atların qan dərəcəsinin, idman, qaçış və güc qabiliyyətinin, digər məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi (bonitirəsi) əsasında həyata keçirilir.

8.6. Cins atların genetik mənşəyini təsdiq etmək məqsədilə atlardan götürülən qan, tük və digər orqan nümunələrinin beynəlxalq standartların tələblərinə uyğun təhlilini həyata keçirmək üçün ixtisaslaşmış, xüsusi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda onların immunogenetik ekspertizası aparılır.

8.7. Yeni doğulmuş dayçanın valideynlərindən birinin pasportu (şəhadətnaməsi) olmadıqda, belə dayçanın qeydiyyata alınmasına yol verilmir və həmin dayça yaxşılaşmış cins at qrupuna daxil edilir.

8.8. Cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver