"Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi Qaydası"nın və "Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi Qaydası" və "Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə və ona fiziki təsirin yol verilən səviyyələrinə beynəlxalq standartları və ətraf mühitin mövcud vəziyyətini nəzərə almaqla yenidən baxsınlar.
3. SSRİ Nazirlər Sovetinin "Atmosferə atılan çirkləndirici maddələrin və ona zərərli fiziki təsirlərin yol verilən hədlərinin normativləri haqqında" 1981-ci il 12 dekabr tarixli, 1180 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 5 yanvar tarixli, 2 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 may 2003-cü il № 59
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 13 may tarixli, 59 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
1.1. Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi qaydasını müəyyən edir.
1.2. Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsində məqsəd insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin etmək üçün atmosfer havasına zərərli təsirin dərəcəsini və atmosfer havasının keyfiyyətini qiymətləndirməkdən ibarətdir.
2. Atmosfer havasının keyfİyyətİnİn ekolojİ normatİvlərİnİn müəyyən edİlməsİ
2.1. Atmosfer havasının keyfiyyətinin ekoloji normativləri – atmosfer havasının ekoloji keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının ətraf mühitə zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir.
2.2. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin ekoloji normativlərini, onların müəyyən edilməsi üsullarını və atmosfer havasının mühafizəsi məqsədi ilə digər ekoloji normativləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyənləşdirir və tətbiq edir.
2.3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atmosfer havasının mühafizəsi sahəsində əlavə ekoloji tələblər tətbiq edilərsə, Nazirlik müvafiq dövlət hakimiyyəti orqanlarına lazımi metodiki və konsultativ yardım göstərməlidir.
3. Atmosfer havasının keyfİyyətİnİn gİgİyenİk normatİvlərİnİn müəyyən edİlməsİ
3.1. Atmosfer havasının keyfiyyətinin gigiyenik normativləri – atmosfer havasının gigiyenik keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının (konsentrasiyasının) insan sağlamlığına zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir.
3.2. Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üzrə mövcud qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin gigiyenik normativlərini və onların müəyyən edilməsi üsullarını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir.
4. Atmosfer havasına fİzİkİ təsİrİn yol verİlən səvİyyəsİnİn müəyyən edİlməsİ
4.1. Atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi – atmosfer havasına fiziki təsirin (səs-küy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, temperatur və s.) normativi olub, onun insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum yol verilən səviyyəsini əks etdirir.
4.2. Atmosfer havasına fiziki təsirin insan sağlamlığına zərərli olmayan yol verilən səviyyələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir.
4.4. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normaları müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
4.3. Atmosfer havasına fiziki təsirin ətraf mühitə zərərli olmayan yol verilən səviyyələrini Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyənləşdirir və təsdiq edir.
5. Atmosfer havasının keyfİyyətİnİn gİgİyenİk və ekolojİ normatİvlərİ və ona fİzİkİ təsİrİn yol verİlən səvİyyələrİnİn təkmİlləşdİrİlməsİ
5.1. Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə, ona fiziki təsirin yol verilən səviyyələrinə və onların müəyyən edilməsi üsullarına beynəlxalq standartlar, elmi-texniki tərəqqi və ekoloji vəziyyətin tələbləri nəzərə alınmaqla mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən yenidən baxılır, təkmilləşdirilir və müəyyən edilmiş qaydada təsdiq edilir.
5.2. Atmosfer havasının keyfiyyətinin yeni gigiyenik və ekoloji normativləri, ona fiziki təsirin yol verilən yeni səviyyələri və onların müəyyən edilməsinin yeni üsulları işlənib hazırlananadək qüvvədə olan normativlərdən və metodiki təlimatlardan istifadə edilir.
1.1. Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsinin məqsədi bu tipli maddələrin sistemləşdirilmiş siyahısını tərtib etməkdən və nəticə etibarı ilə onların insan sağlamlığı və ətraf mühitə mənfi təsirinə nəzarəti tənzimləməkdən ibarətdir.
1.3. Atmosfer havasına atılan və müəyyən qatılıq həddində insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən maddələr və ya onların qarışıqları zərərli maddələr hesab olunur.
1.4. Təhlükəli xüsusiyyətlərə (toksik, yoluxucu, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli) malik olub, istehsalı, istifadəsi və saxlanılması prosesi zamanı insan sağlamlığı və ətraf mühit üçün təhlükə törədən və ya təhlükə törədə biləcək maddələr potensial təhlükəli maddələr sayılır.
2. Zərərlİ və potensİal təhlükəlİ maddələrİn dövlət qeydİyyatının aparılması
2.1. Zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünün təsdiq etdiyi təlimata uyğun olaraq aparır.
2.2. Dövlət qeydiyyatı aparılarkən atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin dövlət uçotuna, həmçinin atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasına dair məlumatlar əsas götürülür.
2.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət qeydiyyatına alınmış zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin siyahısını Səhiyyə Nazirliyi ilə birlikdə hazırlayır və təsdiq edir.
2.4. Zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin siyahısı həmin maddələrin xassələrinə, fiziki, kimyəvi, bioloji xüsusiyyətlərinə və təhlükəlilik dərəcələrinə görə sistemləşdirilərək tərtib edilir.
2.5. Səhiyyə Nazirliyi zərərli və potensial təhlükəli maddələrin sınaqlarını təşkil edir, lazım gələrsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla siyahıya əlavə və dəyişikliklər edir.
2.6. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməmiş zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin istehsalına və tətbiqinə icazə verilmir.
1. 18 fevral 2008-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 128)