14.1. Təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır.
14.2. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.
14.3. Əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir.
14.4. Atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən təsərrüfat obyektlərinin tikinti layihələrində atmosfer havasına atılan zərərli maddələrin miqdarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq azaldılması və onların zərərsizləşdirilməsi öz əksini tapmalıdır.
14.5. Atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən təsərrüfat obyektlərinin salınması yerləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
14.6. Yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır.
14.7. Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır.
14.8. İnsanın sağlamlığının pisləşməsinə, ozon qatının, iqlimin, flora və faunanın vəziyyəti, ətraf mühit və əhali üçün ağır nəticələrə səbəb ola bilən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi və istismarı qadağandır.