Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. aviasiya – hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət;

1.1.2. aviasiya fəaliyyəti – aviadaşımalara olan tələbatın təmin edilməsi məqsədilə xidmət təminatçıları tərəfindən həyata keçirilən fəaliyyət;

1.1.2-1. aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya – aviasiya hadisələrinin və insidentlərinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya;

1.1.3. aerodrom – istənilən bina, qurğu və avadanlıq daxil olmaqla, hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən istifadəsi nəzərdə tutulmuş yer, yaxud su səthinin müəyyən sahəsi;

1.1.4. aerodromyanı ərazi – hava gəmiləri uçuşlarının təhlükəsizliyinin, hava limanının uzunmüddətli inkişaf perspektivlərinin və əhalinin sanitariya və epidemioloji rifahının təmin edilməsi, o cümlədən aerodrom avadanlığı və hava gəmilərinin istismarının insanın həyat və sağlamlığına, ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən istifadəsinə razılıq verilən xüsusi tələblər tətbiq olunan zona;

1.1.5. aerodrom istismarçısı – bir və ya bir neçə aerodromu qanuni əsaslarla istismar edən dövlət orqanı, fiziki və ya hüquqi şəxs;

1.1.6. Aeronaviqasiya Məlumatlar Toplusu – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirdiyi və dərc etdirdiyi və aeronaviqasiya üçün davamlı əhəmiyyət kəsb edən, aviasiya məlumatlarını özündə ehtiva edən toplu;

1.1.7. aeronaviqasiya xidmətləri – rabitə, naviqasiya və müşahidə, aeronaviqasiya üçün meteoroloji xidmətlər, axtarış və xilasetmə, aeronaviqasiya informasiya xidmətləri daxil olmaqla, məlumatların emalı və ötürülməsi məqsədilə hava hərəkətinin təşkilinə yönəldilmiş xidmətlər;

1.1.8. aviasiya hadisəsi – uçuş məqsədilə bütün şəxslərin hava gəmisinə mindiyi andan hava gəmisini tərk etdiyi anadək şəxsin hava gəmisində, hava gəmisinin hər hansı hissəsi və ya ayrılmış hissəsi ilə birbaşa təması və ya reaktiv partlama nəticəsində ölümü və ya ağır yaralanması, həmçinin hava gəmisinin itməsi və ya əlçatmaz yerə düşməsi;

1.1.9. aviasiya insidenti – aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin istifadə olunması ilə bağlı olan, istismarın təhlükəsizliyinə mənfi təsir göstərən və ya göstərə bilən hadisə;

1.1.10. aviasiya personalı – ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələrə, vəsiqələrə (sertifikatlara) malik olan, aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər;

1.1.11. aviasiya təhlükəsizliyi – insanlardan və maddi resurslardan istifadə etməklə, aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üzrə tədbirlər kompleksi;

1.1.11-1. avtonom pilotsuz uçuş aparatı – uçuş zamanı insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən mülki təyinatlı avtonom nəqliyyat vasitəsi;

1.1.11-2. avtonom pilotsuz uçuş aparatının operatoru – avtonom pilotsuz uçuş aparatının öncədən uçuş marşrutunu proqramlaşdıran, avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxs;

1.1.12. Azərbaycan Respublikasının hava məkanı – Azərbaycan Respublikasının quru ərazisi, daxili və ərazi suları üzərindəki hava məkanı;

1.1.13. beynəlxalq uçuşlar – hava gəmisinin bir neçə dövlətin hava məkanından keçməklə uçuş əməliyyatı;

1.1.14. beynəlxalq hava daşıması – birdən artıq dövlətin ərazisi üzərindəki hava məkanından keçən hava daşıması;

1.1.15. birgə bazalı aerodrom – mülki, dövlət və (və ya) eksperimental aviasiya hava gəmilərinin birgə baza yeri olan aerodrom;

1.1.16. bort ehtiyatları – əl yükü və aviasiya müəssisəsinə aid poçt və digər əşyalar istisna olmaqla, uçuş vaxtı hava gəmisində sərnişinlər və hava gəmisi heyətinə xidmət göstərilməsi üçün istifadə olunan və yaxud satış üçün təqdim edilən əşyalar, eləcə də hava gəmisinin istismarı və ona texniki xidmət göstərilməsi məqsədilə istifadə edilən əşyalar;

1.1.17. coğrafi zona – pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün müəyyən edilən, məhdudiyyət qoyulan və ya qadağan edilən hava məkanının bir hissəsi;

1.1.18. daşıyıcı – daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin, baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə hava gəmilərinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;

1.1.19. daxili hava daşıması – uçuş məntəqəsi, təyinat məntəqəsi və bütün enmə məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşən hava daşıması;

1.1.20. dizayn dövləti – hava gəmisinin növünün dizaynına görə cavabdeh olan hüquqi şəxsin üzərində yurisdiksiyaya malik olan dövlət;

1.1.21. dizayn təşkilatı – hava gəmisinin növünün dizaynına görə cavabdeh olan hüquqi şəxs;

1.1.22. güc qurğusu ilə hərəkətə gətirilən hava gəmisi – güc qurğusu ilə hərəkətə gətirilən və qaldırıcı qüvvəsi əsasən uçuşun verilmiş şəraitində hərəkətsiz qalan səthlərin aerodinamik reaksiyasının hesabına yaranan havadan ağır uçuş aparatı;

1.1.23. hava daşıması – müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması;

1.1.24. hava əlaqələri – hava daşımaları məqsədilə ardıcıl olaraq həyata keçirilən uçuşlar;

1.1.25. hava limanı (aeroport) – hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi;

1.1.26. hava gəmisi – hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat;

1.1.27. hava gəmisinin heyəti – uçuş xidməti vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxslər;

1.1.28. hava gəmisinin istismarçısı – istismarçı sertifikatı əsasında bir və ya bir neçə hava gəmisini istismar edən və ya belə xidməti təklif edən hüquqi və ya fiziki şəxs;

1.1.29. hava gəmisinin kapitanı (komanda verən pilotu) – hava gəmisinin sahibi və ya istismarçısı tərəfindən təyin olunan, hava gəmisinin uçuşa yararlı və hazır olmasına və uçuşun təhlükəsiz yerinə yetirilməsinə görə cavabdeh olan, hava gəmisi heyətinə və sərnişinlərə icrası məcburi göstərişlər verən pilot;

1.1.30. hava gəmisinin sahibi – hava gəmisi üzərində mülkiyyət, icarə və ya istifadə hüququna malik olan hüquqi və ya fiziki şəxs;

1.1.31. hava gəmisinin sərnişini (kommersiya hava daşımaları üzrə) – sərnişinin hava nəqliyyatı ilə daşınma müqaviləsi və ya daşınma məqsədilə hava gəmisinin kirayələnməsi (çarteri) müqaviləsi bağlamış fiziki şəxs;

1.1.32. hava gəmisinin itirilməsi – hava gəmisinin tam dağılması, hava gəmisinin (onun qırıntılarının) yerinin təyin edilməməsi və onun axtarışlarının dayandırılması, hava gəmisinin məcburi enmə yerindən təxliyəsinin mümkün olmaması, hava gəmisinin bərpasının qeyri-mümkün olması və ya iqtisadi cəhətdən məqsədəuyğun olmaması;

1.1.33. hava hərəkəti – hava gəmilərinin uçuşda, yaxud aerodromun manevretmə ərazisində hərəkəti;

1.1.34. hava hərəkətinin idarə edilməsi – hava gəmilərinin bir-biri ilə və ya manevretmə ərazisindəki maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinin tənzimlənməsi;

1.1.35. hava hərəkətinin idarə edilməsinin təşkili sistemi – insan faktoru, informasiya, texnologiya, qurğu və xidmətlərin birgə inteqrasiyası vasitəsilə havada, yerüstü və (və ya) fəzada rabitə, naviqasiya və müşahidə ilə dəstəklənən sistem;

1.1.36. hava hərəkətinə xidmət –uçuş informasiya xidməti, qəza xəbərdarlığı, hava hərəkətinə məsləhət xidməti, hava hərəkətinə dispetçer xidmətinin (sahə dispetçer xidməti, yaxınlaşma dispetçer xidməti və ya aerodrom dispetçer xidməti) göstərilməsi;

1.1.37. hava məkanının strukturu – şaquli və üfüqi müstəvilərdə məhdudlaşdırılmış, hava məkanından istifadənin təşkili üçün nəzərdə tutulmuş hava məkanı elementlərinin məcmusu;

1.1.38. helikopter meydançası – helikopterlərin enməsi, qalxması və ya səth üzərində hərəkəti üçün bütövlükdə və ya qismən istifadə edilməsi nəzərdə tutulan aerodromda, tikili və ya qurğu üzərində müəyyən edilmiş sahə;

1.1.39. hərbi və digər xüsusi rejimli zonalar - hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin yerləşdiyi ərazilər;

1.1.40. xidmət təminatçısı – təlim təşkilatları, hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, hava gəmisi, mühərrik və ya pərlərin növ dizaynına və istehsalına məsul olan hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı;

1.1.41. xüsusi xarakterli aviasiya fəaliyyəti – kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə, axtarış və xilasetmə, hava reklamı və digər sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən uçuşlar;

1.1.42. xüsusi şəraitlərdə uçuş əməliyyatları – hava hərəkətini idarəetmə məntəqəsinin idarəetmə zonası daxilində vizual meteoroloji şəraitdən aşağı meteoroloji şəraitdə yerinə yetirilməsi üçün icazə verdiyi xüsusi vizual qaydalarla uçuş əməliyyatı;

1.1.43. istismar tələbləri – istismarçı sertifikatı ilə bağlı və istismar təlimatında göstərilən şərtlərə uyğun icazələr, şərtlər və məhdudiyyətlər;

1.1.44. istismar təlimatı – istismarçının vəzifələrini yerinə yetirərkən istifadə etməli olduğu prosedur, qayda və göstərişləri ehtiva edən sənəd;

1.1.45. istismarçı sertifikatı – fiziki və hüquqi şəxslərə hava daşımalarını həyata keçirməyə icazə verən sənəd;

1.1.46. istismarçı dövlət – hava gəmisi istismarçısının əsasən fəaliyyət göstərdiyi yerin olduğu və ya belə yer yoxdursa, istismarçının hüquqi ünvanının olduğu dövlət;

1.1.47. istehsalçı dövlət – hava gəmisinin konstruksiyasının yığılmasına cavabdeh olan hüquqi şəxsin yerləşdiyi dövlət;

1.1.48. istehsalçı təşkilat – hava gəmisinin konstruksiyasının yığılmasına cavabdeh olan hüquqi şəxs;

1.1.49. kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxs;

1.1.50. kommersiya hava daşımaları – hava gəmisi ilə müəyyən haqq müqabilində və daşıma müqaviləsi əsasında sərnişinlərin, baqajın, yükün və ya poçt göndərişlərinin daşınmasının həyata keçirilməsi;

1.1.51. hava gəmisinin komponenti – mühərrik, pər, hissə və ya quraşdırılmamış avadanlıq;

1.1.52. quraşdırılmamış avadanlıq – hava gəmisi istismarçısı tərəfindən hava gəmisinin bortunda daşınan, onun hissəsi olmayan və hava gəmisinin istismarı və ya idarə edilməsi üçün istifadə olunan və ya istifadə üçün nəzərdə tutulan, eləcə də hava gəmisinin təhlükəsiz istismarına təsir edə bilən və ya onun bortundakı şəxslərin həyat təminatı üçün istifadə olunan hər hansı cihaz, avadanlıq, mexanizm, aparat, ləvazimat, proqram təminatı və ya aksessuar;

1.1.53. qeydiyyat dövləti – hava gəmisinin dövlət qeydiyyatına alındığı dövlət;

1.1.54. model pilotsuz uçuş aparatı – həvəskar modelçilər tərəfindən hazırlanan və ya yığılan pilotsuz uçuş aparatı;

1.1.55. model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyası – model pilotsuz uçuş aparatlarını yarış, idman və əyləncə məqsədləri üçün nizamnaməsinə uyğun olaraq istismar edən hüquqi şəxs;

1.1.55-1. məsafədən idarəetmə mərkəzi – avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi;

1.1.56. məşq uçuşları – hava gəmisinin istismarçısının uçuş heyətini hava gəmisinin uçuş əməliyyatlarının həyata keçirilməsi prosedurlarına uyğun təlimatlandırmaq, yoxlamaq və ya tanış etmək məqsədilə keçirdiyi uçuşlar;

1.1.57. nəzarət olunan hava məkanı – hava məkanının təsnifatına uyğun olaraq, hüdudlarında hava hərəkətinin idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanı;

1.1.58. növ dizaynı – uçuşa yararlılığı müəyyən etmək məqsədilə hava gəmisinin, mühərrikin və ya pərin dizaynını müəyyən etməyə imkan verən məlumat və ya məlumat toplusu;

1.1.59. perron – sərnişinlərin minib-düşməsi, baqajın, yüklərin və poçtun yüklənib-boşaldılması, yanacaq doldurulması və ya boşaldılması, dayanma, yaxud texniki xidmət məqsədilə hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş aerodromun müəyyən sahəsi;

1.1.60. pilotsuz uçuş aparatı – bortunda pilot olmadan avtonom rejimdə uçan və ya məsafədən idarə edilən istənilən hava gəmisi;

1.1.61. pilotsuz uçuş aparatını məsafədən idarə edən pilot (operator) –pilotsuz uçuş aparatının (avtonom pilotsuz uçuş aparatı istisna olmaqla) istismarı ilə bağlı vəzifələri icra edən və uçuş zamanı pilotsuz uçuş aparatını məsafədən avadanlıq vasitəsilə idarə edən fiziki şəxs;

1.1.62. pilotsuz uçuş aparatı sistemləri – pilotsuz uçuş aparatı və onun məsafədən idarə edilməsi üçün avadanlıq;

1.1.63. pilotsuz uçuş aparatının məsafədən idarə edilməsi üçün avadanlıq – pilotsuz uçuş aparatının təhlükəsiz istismarını təmin edən və onun hissəsi olmayan, eləcə də bortunda daşınmayan hər hansı bir cihaz, ləvazimat, ehtiyat hissələri, əşya və ya proqram təminatı;

1.1.64. pilotsuz uçuş aparatının qeydiyyatı sertifikatı – pilotsuz uçuş aparatının dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd;

1.1.65. pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı – operator, pilotsuz uçuş aparatı müşahidəçisi, eləcə də pilotsuz uçuş aparatı sistemləri istismarçısı tərəfindən təlimatlandırılmış və pilotsuz uçuş aparatı sistemləri əməliyyatının (avtonom pilotsuz uçuş aparatı sistemləri əməliyyatı istisna olmaqla) həyata keçirilməsində iştirak edən fiziki şəxs;

1.1.66. pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi – Azərbaycan Respublikasında pilotsuz uçuş aparatının uçuşlarına nəzarəti və hava hərəkətinin idarəetməsinin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəz;

1.1.67. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi – beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin təkmilləşdirilməsinə yönəlmiş, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsi;

1.1.68. səlahiyyətli nümayəndə – aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən digər dövlətin apardığı aviasiya hadisəsi və insidentinin araşdırmasında iştirak etmək məqsədilə təyin edilən peşəkar şəxs;

1.1.69. sərnişinlər barədə ilkin məlumatlar – hava daşımalarını həyata keçirən istismarçıların təqdim etdikləri hava gəmisinin uçuş məlumatlarından, o cümlədən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək sərnişin və hava gəmisinin heyət üzvlərinin sərhədkeçmə sənədlərində əks olunan informasiyadan ibarət məlumatlar toplusu;

1.1.70. sərnişinlər barədə ilkin məlumatlar sistemi – uçuşun başlanmasından və ya başa çatmasından əvvəl hər bir sərnişin və (və ya) hava gəmisinin heyət üzvləri haqqında toplanmış məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin edən elektron informasiya sistemi;

1.1.71. sərnişin adlarının qeydiyyatı – sərnişin və ya onun adından bron edilmiş hər bir səfərə dair qeydə alınan və hava daşımaları üzrə xidmətlərin göstərilməsi zamanı hava daşımalarını həyata keçirən istismarçılar tərəfindən kommersiya və uçuş əməliyyatları məqsədləri üçün istifadə olunan məlumatlar toplusu;

1.1.72. sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi – hava daşımalarını həyata keçirən istismarçılar tərəfindən sərnişinlər barədə formalaşdırılan ilkin məlumatlar sistemi və sərnişin adlarının qeydiyyatı məlumatlarının vahid məlumat bazasında yerləşdirilməsinə və vahid qurum üzərindən qəbuluna, saxlanılmasına və ötürülməsinə imkan verən sistem;

1.1.73. təhlükəli yüklər – hava gəmilərində daşınarkən, yüklənərkən, saxlanılarkən və boşaldılarkən ətraf mühitin çirklənməsinə səbəb olan, insanların və digər canlıların həyatına və sağlamlığına, habelə uçuşun təhlükəsizliyinə və əmlakın mühafizəsinə təhlükə yarada bilən məmulatlar, maddələr və ya qurğular;

1.1.74. texniki xidmət – təmir, yoxlama, dəyişmə, qüsurların aradan qaldırılması və modifikasiyası daxil olmaqla, hava gəmisinin, mühərrikin, pərin və ya əlaqəli hissənin uçuşa yararlılığının saxlanılmasını təmin etmək üçün lazımi işlərin yerinə yetirilməsi;

1.1.75. tanınma – xarici dövlətlərin mülki aviasiya sahəsində səlahiyyətli orqanları tərəfindən verilmiş sertifikat, icazə və ya digər analoji sənədlərin etibarlılığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqi;

1.1.76. uçuş heyəti – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslər;

1.1.77. uçuş əməliyyatı – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar;

1.1.78. uçuşu imitasiya edən təlim qurğusu – yerdə uçuş şəraitini modelləşdirən hər hansı cihaz növü, o cümlədən uçuş trenajorları, uçuş və naviqasiya prosedurlarını əhatə edən təlim qurğuları;

1.1.79. uçuşların təhlükəsizliyi – təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yolu ilə uçuşların təhlükəsiz həyata keçirilməsi, o cümlədən insan həyatına və sağlamlığına, yaxud əmlaka ziyan vurulma riskinin azaldılması və məqbul səviyyədə saxlanılması üçün görülən tədbirlərin məcmusu;

1.1.80. uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi – zəruri təşkilati struktur, uçuşların təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş subyektlərin vəzifələri və məsuliyyəti daxil olmaqla, bu sahədə müvafiq qayda və prosedurların məcmusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq və tətbiq edilən sistem;

1.1.81. uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət – aviasiya fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq standartlara, habelə aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikası normativ hüquqi aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi və həmin tələblərin pozulması hallarının aradan qaldırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən fəaliyyət;

1.1.82. uçuş vaxtı:

1.1.82.1. təyyarə üçün – hava gəmisinin uçuş məqsədilə hərəkətə başladığı andan uçuşun sonunda dayandığı ana qədər olan ümumi müddət;

1.1.82.2. helikopter üçün – hava gəmisinin pərlərinin fırlanmağa başladığı andan uçuşun sonunda dayandığı və pərlərinin dayandırıldığı ana qədər olan ümumi müddət;

1.1.82.3. pilotsuz uçuş aparatı üçün – uçuş əməliyyatı yerinə yetirmək məqsədilə məsafədən idarə olunan hava gəmisinin uçuş əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin arasında yaranan, əmrin verilməsi və nəzarət əlaqəsinin başlanmasından və ya məsafədən idarə edən pilotun (operatorun) nəzarəti təhvil aldığı andan nəzarəti təhvil verdiyi anadək və ya uçuş əməliyyatının sonunda uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzi ilə məsafədən idarə olunan hava gəmisi arasında nəzarət əlaqəsinin bitdiyi anadək olan ümumi müddət;

1.1.83. uçuşa yararlılıq – hava gəmisinin, mühərrikin, pərin və ya hissənin təsdiq edilmiş dizaynına uyğun və təhlükəsiz istismarı üçün işlək vəziyyətdə olması;

1.1.84. uçuşa yararlılığın saxlanılması – istismar zamanı hava gəmisinin, mühərrikin, pərlərin və hissələrin uçuşa yararlılıq tələblərinə uyğunluğunun təmin edilməsi, habelə təhlükəsiz istismarı üçün lazımi vəziyyətdə saxlanılması məqsədilə həyata keçirilən tədbirlər toplusu;

1.1.85. uçuş məlumat rayonu – uçuş məlumat və xəbərdarlıq xidmətlərinin göstərildiyi müəyyən edilmiş ölçülərdə hava məkanı (uçuş məlumat rayonu Azərbaycan Respublikasının ərazi sularına daxil olmayan su sahəsi üzərində, o cümlədən dövlətlərarası müqavilə əsasında digər dövlətin üzərindəki hava məkanını özündə ehtiva edə bilər);

1.1.86. ümumi xarakterli aviasiya fəaliyyəti – kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan, təlim, əyləncə, istirahət və ya şəxsi iş məqsədləri üçün istifadə olunan mülki aviasiya;

1.1.87. yerüstü xidmət – yerdə nəzarətlə əlaqədar olan təhlükəsizliyin təmin edilməsi üzrə xidmətlər, hava gəmisinin yola salınması, yüklənmənin idarə edilməsi, sərnişinlərə xidmət, baqajın, yükün və poçtun yüklənib-boşaldılması, hava gəmisinə perronda göstərilən xidmətlər və bort ehtiyatlarının yüklənməsi daxil olmaqla, aerodromda göstərilən hər hansı bir xidmət.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver