Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 49

Maddə 49. Hava daşımaları üçün tələb olunan sənədlər

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

49.1. Sərnişin daşıması daşıyıcı tərəfindən kağız və ya elektron formada (elektron daşıma sənədi) rəsmiləşdirilən sərnişin bileti (sərnişin tərəfindən baqaj daşındığı halda həmçinin baqaj qəbzi) əsasında həyata keçirilir.

49.2. Yük daşıma müqaviləsinə uyğun olaraq yükgöndərənin və ya daşıyıcının kağız və ya elektron formada (elektron daşıma sənədi) rəsmiləşdirdiyi yük və ya poçt göndərişləri müvafiq olaraq yük qaiməsi və ya poçt qəbzi əsasında daşınır.

49.3. Daşıma sənədlərinə, həmçinin sərnişinlərin, baqajın, yükün, poçt göndərişlərinin hava daşıması üzrə xidmətlərin göstərilməsi zamanı istifadə olunan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənədlər aiddir.

49.4. Sərnişin biletinin, baqaj qəbzinin, yük qaiməsinin və ya poçt qəbzinin kağız daşıyıcıda olmaması və ya düzgün doldurulmaması daşıma müqaviləsinin etibarlılığına təsir göstərmir.

49.5. Sərnişin bileti, yük qaiməsi, baqaj və poçt qəbzi daşıma müqaviləsinin bağlanılmasını sübut edən və müqavilədə nəzərdə tutulmuş hava daşıma şərtlərini əks etdirən sənədlərdir.

49.6. Sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşıması üzrə xidmətlər göstərilərkən müvafiq olaraq istifadə olunan bilet, baqaj qəbzi, yük qaiməsi, poçt qəbzi və bu Qanunun 49.3-cü maddəsində müəyyən edilmiş digər sənədlər elektron formada (elektron daşıma sənədi) rəsmiləşdirilir və hava daşıma müqaviləsinin şərtləri barədə məlumat hava daşımalarının rəsmiləşdirilməsi üzrə avtomatlaşdırılmış məlumat sistemində yerləşdirilir.

49.7. Sərnişinin hava daşıması üçün elektron daşıma sənədi rəsmiləşdirildiyi təqdirdə hava daşıma müqaviləsi bağlanılan zaman və ya sərnişin qeydiyyatdan keçərkən hava daşımalarının rəsmiləşdirilməsi üzrə avtomatlaşdırılmış məlumat sistemindən müvafiq hava daşıması müqaviləsinin şərtlərini əks etdirən təsdiq edilmiş çıxarışı sərnişin tələb etmək hüququna malikdir. Həmin çıxarışı daşıyıcı və ya daşıyıcı ilə müqavilə əsasında fəaliyyət göstərən şəxs təqdim edir.

49.8. Yükün, poçt göndərişinin daşınması üçün elektron daşıma sənədi rəsmiləşdirildiyi təqdirdə daşıyıcı yükgöndərənin tələbi ilə yükün, poçt göndərişinin identifikasiyasına imkan verən və yük, poçt daşıması barədə elektron daşıma sənədindəki məlumatları ehtiva edən yük və poçt göndərişinin daşınması üçün müvafiq olaraq qaimə və qəbz verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver