Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 63-1

Maddə 63-1. Mülki və eksperimental aviasiyada avtonom pilotsuz uçuş aparatının istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

63-1.1. Avtonom pilotsuz uçuş aparatına dair tələblər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə aviasiya sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Həmin uçuş aparatlarının istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçirilir. Bu Qanunun 60.1 – 60.4-cü, 60.7-ci, 60.11-ci, 60.12-ci və 63-cü maddələrində qeyd edilən tələblər avtonom pilotsuz uçuş aparatlarına da şamil edilir.

63-1.2. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

63-1.3. Avtonom pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı aşağıdakı tələblərə cavab verməlidir:

63-1.3.1. istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli, kibertəhlükəsizlik tələblərinə uyğun olmalı;

63-1.3.2. istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;

63-1.3.3. onların mühərrikləri, pərləri və digər hissələri bütün istismar şəraitlərində işlək olmalı, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;

63-1.3.4. uçuşların təhlükəsizliyinə risk yarandığı ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların (hadisələrin) idarə edilməsini və əmlakın təhlükəsizliyini təmin etməli.

63-1.4. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

63-1.5. Avtonom pilotsuz uçuş aparatı operatorunun aşağıdakı vəzifələri vardır:

63-1.5.1. avtonom pilotsuz uçuş aparatının istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;

63-1.5.2. hava şəraiti avtonom pilotsuz uçuş aparatının istismarına təhlükə yaratdığı, avtonom pilotsuz uçuş aparatının bu Qanunun 63-1.2-ci maddəsində qeyd edilən coğrafi zonalardan kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;

63-1.5.3. avtonom pilotsuz uçuş aparatının istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;

63-1.5.4. avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək, həmçinin həmin informasiya sistemi vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunan coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər haqqında son məlumatları əldə etmək;

63-1.5.5. avtonom pilotsuz uçuş aparatının iştirakı ilə aviasiya hadisəsi və insidenti baş verdiyi təqdirdə aidiyyəti dövlət qurumlarının məlumatlandırılması məqsədilə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

63-1.5.6. istehsalçının təlimatlarına və coğrafi zonalarla əlaqədar əməliyyat məhdudiyyətlərinə riayət etmək;

63-1.5.7. əməliyyatın davam etdirilməsi digər hava gəmilərinə, insanlara, heyvanlara, ətraf mühitə və ya əmlaka təhlükə törətdikdə əməliyyatı dayandırmaq.

63-1.6. Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci, 6-cı hissələrində və 22-1-ci maddəsinin 2 – 4-cü, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir.

63-1.7. Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin uçuş aparatının istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, avtonom pilotsuz uçuş aparatının müvafiq şəhadətnaməyə malik operatorunun pilotsuz uçuş aparatının avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

63-1.8. Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır (avtonom pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla) və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.

63-1.9. Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.

63-1.10. Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.

63-1.11. Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir. Mərkəzdən bu icazənin alınması üçün avtonom pilotsuz uçuş aparatının operatoru aşağıdakı məlumatları və sənədləri əməliyyata başlamazdan azı 3 (üç) saat əvvəl mərkəz tərəfindən müəyyən edilmiş elektron poçt ünvanına təqdim etməlidir:

63-1.11.1. istismarçının adı;

63-1.11.2. istifadə ediləcək avtonom pilotsuz uçuş aparatının qeydiyyat sertifikatının nömrəsi;

63-1.11.3. əməliyyatın başlama və başa çatma vaxtı;

63-1.11.4. əməliyyatın xüsusiyyətləri;

63-1.11.5. istismarçı sertifikatının və əməliyyat icazəsinin surəti.

63-1.12. Pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi bu Qanunun 63-1.11-ci maddəsində müəyyən olunan məlumat və sənədləri aldıqdan sonra 3 (üç) saatdan gec olmayaraq uçuşa icazənin verilməsi və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə icazə üçün müraciət edən avtonom pilotsuz uçuş aparatının operatorunu müəyyən edilmiş elektron poçt ünvanı üzərindən məlumatlandırır.

63-1.13. Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

63-1.13.1. düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;

63-1.13.2. hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;

63-1.13.3. coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver