Qanunvericilik › “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.11.2010) › Tam mətn

“Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.11.2010)

“Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.11.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 13 noyabr 2010-cu il

1.1. Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyə olunan təcrübəsinə (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına 12 nömrəli əlavə — Axtarış və xilasetmə) uyğun olaraq hazırlanmışdır.

1.2. Azərbaycan Respublikasının ərazisində aviasiya hadisəsinə (qəzasına) məruz qalan milli və xarici hava gəmilərinin, onların sərnişinlərinin, ekipajının axtarışı və xilas edilməsi üzrə axtarış və xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi, xilasetmə qüvvə və vasitələrinin xüsusi ləvazimatlarla təchizatı, həmçinin zərərçəkmişlərə yardım göstərilməsi, onların hadisə yerindən təxliyyə edilməsinə yönəldilmiş əsas tələblər bu Qaydalarla müəyyən edilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanının bütün istifadəçilərinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, hava hərəkətinə xidmət üzrə yerli təşkilatlara, hava limanları və aerodromlara şamil olunur.

1.4. Aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisinə və bu hadisədən sonra sağ qalanlara kömək məqsədi ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla, müvafiq olaraq ərazi suları, habelə ətraf ərazilər də daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən axtarış və xilasetmə regionu hüdudlarında aviasiya axtarış-xilasetmə bölmələrinə malik olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və aviasiya axtarış-xilasetmə bölmələrinə malik olan digər təşkilatların iştirakı ilə axtarış və xilasetmə işləri aparılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olan ərazilərdə axtarış və xilasetmə ilə bağlı işlər müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müraciəti və razılığı ilə həyata keçirilir.

1.5. Aviasiya hadisəsi (qəzası) baş verdikdə, qüvvə və vasitələrin idarə olunması, əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və digər təşkilatlardan ibarət Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi yaradır. Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi yaradılmadığı təqdirdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinin səlahiyyətlərini yerinə yetirir.

1.6. Axtarış və xilasetmə işləri zamanı Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinə kömək etmək məqsədi ilə tabeliklərində aviasiya axtarış-xilasetmə bölmələri olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və digər təşkilatlar (bundan sonra — müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar) Yardımçı axtarış və xilasetmə mərkəzi qismində iştirak edirlər.

1.7. Yardımçı axtarış və xilasetmə mərkəzləri, yerli icra hakimiyyəti orqanları, hava hərəkətinə xidmət üzrə yerli təşkilatlar və bütün hava limanları öz səlahiyyətləri daxilində Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinə yardım göstərir və həmin bölmənin sorğusuna əsasən zəruri sənədləri (məlumatları) təqdim edir, şəraitə uyğun müvafiq tədbirlər görürlər.

1.8. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus sektorunda aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisinə və bu hadisə nəticəsində sağ qalanlara kömək məqsədi ilə axtarış və xilasetmə işlərinə dəniz axtarış və xilasetmə mərkəzləri, dəniz gəmiləri də cəlb olunurlar, bu zaman əlaqələndirilmə Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi tərəfindən həyata keçirilir.

1.9. Aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmilərinə və aviasiya hadisəsindən sonra sağ qalan şəxslərə onların milli mənsubiyyəti və statusundan, habelə aşkar edildiyi şəraitdən asılı olmayaraq kömək göstərilməlidir.

Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardan ibarətdir:

- axtarış-xilasetmə hava gəmisi — axtarış və xilasetmə əməliyyatlarının aparılması üçün yararlı olan, xüsusi avadanlıqlarla təchiz edilmiş hava gəmisi;

- xilasetmə — fəlakətə uğrayan şəxslərin axtarışı və xilas edilməsi, onlara ilkin tibbi və digər yardımın göstərilməsi və təhlükəsiz yerlərə çatdırılması məqsədi ilə aparılan əməliyyatlar;

- xilasetmə qüvvə və vasitələri — dövlət sistemi çərçivəsində xilasetmə işlərinə cəlb olunan qüvvələr;

- aviasiya axtarış-xilasetmə bölmələri — heyət, xilasetmə və həyat təminatı vəsaitləri ilə təchiz olunmuş hava gəmiləri, qəza-xilasetmə əmlakı, avadanlığı və bu avadanlığın fəlakət yerlərinə desantlaşdırılması vasitələri ilə təchiz olunmuş qruplar;

- axtarış və xilasetmə rayonu — axtarış və xilasetmə işlərinin keçirilməsi üçün müəyyən edilmiş məhdud ərazi;

- Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi — aviasiya (dəniz və quruda) axtarış və xilasetmə işlərini idarə edən idarəetmə mərkəzi;

- Yardımçı axtarış və xilasetmə mərkəzi — vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinə yardım məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və digər təşkilatlar tərəfindən yaradılmış axtarış və xilasetmə mərkəzləri;

- KOSPAS-SARSAT sistemi — planetin hər bir nöqtəsində (dənizdə, quruda və ya havada) qəzaya uğrayan hava gəmilərinin yerinin təyin edilməsini təmin edən peyk axtarış-xilasetmə sistemi;

- NOTAM — elektrik rabitə vasitələri ilə yayımlanan, hər hansı aeronaviqasiya avadanlığının qurulmasına, vəziyyətinə və dəyişdirilməsinə aid informasiyadan, xidmətdən, qaydalardan və yaxud uçuşların yerinə yetirilməsi üçün vacib olan təhlükəli vəziyyət haqqında heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildiriş.

3.1. Aviasiya axtarış-xilasetmə bölmələrinin hazırlığı müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tərəfindən təsdiq edilmiş və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqramlara əsasən həyata keçirilir.

3.2. Aviasiya axtarış-xilasetmə bölmələrinin vəzifələri, tapşırıqları, növbətçilik qaydaları, axtarış və xilasetmə işləri zamanı onların hərəkətləri müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının və digər təşkilatların rəhbərləri tərəfindən təsdiq olunmuş və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış təlimatlarla müəyyən edilir.

3.3. Müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tabeliklərində olan aviasiya axtarış-xilasetmə bölmələri tərəfindən axtarış və xilasetmə işlərinin həyata keçirilməsi, bölmələrin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla aşağıdakıları müəyyənləşdirir:

- aviasiya axtarış-xilasetmə bölmələrinin axtarış və xilasetmə işlərinin aparılmasına hazırlıq, həmçinin, hava gəmilərinin heyətinin ekstremal şəraitdə yaşayışa hazırlığı tələblərini;

- paraşüt-desant xilasetmə qruplarının tərkibini;

- axtarış-xilasetmə hava gəmilərinin, aviasiya axtarış-xilasetmə bölmələrinin təchizatı üçün avadanlıq və qəza-xilasetmə vasitələrinin siyahısını;

- axtarış-xilasetmə hava gəmilərinin, aviasiya axtarış-xilasetmə bölmələrinin heyəti üçün aerodromlarda xüsusi yerlərin təchizatına dair tələbləri;

- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri barədə qəza xəbərdarlığının verilməsi qaydalarını;

- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri barədə xəbərdarlıq alındıqda bölmələrin hərəkət qaydalarını;

- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmilərinin radiotexniki və vizual axtarışının həyata keçirilməsi metodikasını;

- axtarış və xilasetmə işlərinin aparılması zamanı istifadə olunan siqnalları;

- radiotexniki vasitələrdən istifadə etməklə aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmilərinin, onların sərnişin və heyətlərinin axtarışının keçirilməsi müddətlərini.

3.4. Axtarış və xilasetmə işlərinin səmərəli təşkili məqsədi ilə tabeliklərində aviasiya axtarış-xilasetmə bölmələri olan müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar aşağıdakıları təmin edirlər:

- aviasiya axtarış-xilasetmə bölmələrinin və hava hərəkəti xidməti orqanlarının (uçuşların idarə olunması) növbətçiliyinin təşkilini;

- bölmələrin qəza-xilasetmə əmlakı və avadanlığı ilə təchizatını;

- axtarış-xilasetmə və digər hava gəmilərinin, uçuş heyətinin xilasetmə və həyat təminatı vasitələri ilə təchizatını.

3.5. Müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar bölmələrin növbətçiliyini təşkil edir və növbətçilik üzrə qrafiklər həmin orqanlar və digər təşkilatlar tərəfindən təsdiq olunur.

3.6. Növbətçi bölmələr müvafiq qaydada Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi ilə əlaqə saxlamalıdırlar.

4.1. Qüvvə və vasitələrin həyəcan siqnalı ilə qaldırıldığı (havada olan hava gəmilərinin axtarış istiqamətinə yönəldilməsi üçün müvafiq komandaların verilməsi) andan axtarış və xilasetmə işləri başlanmış, zərərçəkmişlər müalicə müəssisələrinə, yaxında yerləşən aerodroma çatdırıldıqda və ya hava gəmisinin heyət və sərnişinlərinin həlak olması faktı müəyyən edildikdən sonra isə axtarış və xilasetmə işləri bitmiş hesab edilir.

4.2. Axtarış və xilasetmə işlərinin aparılmasına aşağıdakılar daxil edilir:

- Vahid əlaqələndirici və Yardımçı axtarış və xilasetmə mərkəzlərinin aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri barədə xəbərdarlıq edilməsi;

- axtarış və xilasetmə işlərinin təşkili və aparılması;

- qüvvə və vasitələrin idarə olunması və qarşılıqlı fəaliyyətinin təşkili.

4.3. Aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri haqqında məlumatı qəbul etmək üçün uçuşu təmin edən və hava hərəkətinə xidmət edən radiotexniki vasitələrdən və aviasiya müəssisələrinə, dövlət aviasiya təşkilatlarına məxsus aviasiya rabitə sistemindən istifadə edilir. Aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri barədə məlumat dərhal müvafiq qaydada Vahid əlaqələndirici və Yardımçı axtarış və xilasetmə mərkəzlərinə ötürülür.

4.4. Axtarış və xilasetmə işlərinin başlanması barədə qərar aşağıdakı hallarda qəbul edilir:

- hava gəmisindən fəlakət siqnalı alındıqda;

- fəlakəti müşahidə edən hava gəmisinin heyətindən məlumat alındıqda;

- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi barədə fəlakət şahidlərindən məlumat alındıqda;

- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi barədə hüquq mühafizə orqanları, müvafiq mərkəzi icra hakimiyyəti orqanları, digər təşkilatlar və ya yerli özünüidarəetmə orqanları tərəfindən məlumat alındıqda;

- hava gəmisi hesabat vaxtından sonra 10 dəqiqə ərzində təyinat nöqtəsinə çatmadıqda, 5 dəqiqədən artıq müddət ərzində onunla radio əlaqəsi kəsildikdə;

- hava gəmisinin heyəti enməyə icazə aldıqdan sonra müəyyən edilən vaxtda enmə həyata keçirilmədikdə və gəmi ilə əlaqə itirildikdə;

- hava gəmisi ilə radio əlaqəsi kəsildikdə və eyni zamanda radiolokasiya məlumatını əks etdirən cihazın ekranından hava gəmisinin nişanı yox olduqda, radiolokasiya nəzarəti aparılmadıqda isə radio əlaqə 5 dəqiqədən artıq müddət ərzində itdikdə.

4.5. Aviasiya hadisəsi (qəzası) barədə məlumat alındıqda, xəbərdarlıq aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinin növbətçisi - bütün Yardımçı axtarış və xilasetmə mərkəzlərini, növbətçi qüvvə və vasitələri xəbərdar edir;

- Yardımçı axtarış və xilasetmə mərkəzinin növbətçisi Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinə dərhal məlumat vermək şərtilə tabelikdə olan növbətçi aviasiya axtarış-xilasetmə bölmələrini xəbərdar edir.

4.6. Aviasiya axtarış-xilasetmə bölmələrinin qaldırılmasına dair qərar aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi, meteoroloji vəziyyət, axtarış zonasında hava haqqında məlumat toplandıqdan və təhlil olunduqdan sonra qəbul edilir.

4.7. Aviasiya axtarış-xilasetmə bölmələrinin hazırlığı yoxlanıldıqdan sonra onların çıxışı hava hərəkətinə xidmət orqanları (uçuşların idarə olunması) ilə əvvəlcədən razılaşdırılmaqla və Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi məlumatlandırılmaqla həyata keçirilir.

4.8. Axtarış və xilasetmə işləri aparıldıqda qüvvə və vasitələrin idarə olunması ümumi və ya xüsusi ayrılmış rabitə kanalları, lazım olduqda isə hava gəmi-retranslyator, hava hərəkətinə xidmət orqanları (uçuşların idarə olunması) vasitəsilə Vahid əlaqələndirici və Yardımçı axtarış və xilasetmə mərkəzləri tərəfindən həyata keçirilir.

4.9. Axtarış və xilasetmə işləri Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən axtarış və xilasetmə regionu hüdudlarına uyğun olaraq, axtarış və xilasetmə rayonları üzrə təşkil edilir.

4.10. Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi tərəfindən axtarış və xilasetmə işləri üzrə axtarış və xilasetmə rayonları təyin edilir və aparılan işlərə cəlb olunan qüvvələrin rəhbərlərindən bu rayonlar üzrə başçılar təyin edilir və təlimatlandırılırlar.

4.11. Axtarışla bağlı tədbirlər nəticə vermədikdə, Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi hava gəmisinin sahibi və ya istismarçısı ilə razılaşaraq, axtarışın dayandırılması barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.

5.1. Axtarış və xilasetmə işlərinə cəlb edilən qüvvələr hadisə yerinin qısa müddətdə tapılması və zərər çəkmişlərə yardım göstərilməsi məqsədi ilə zəruri avadanlıqlarla təchiz edilməlidirlər.

5.2. Hər bir bölmə eyni əməliyyatda iştirak edən digər bölmələrlə əlaqə saxlamaq üçün təcili və etibarlı ikitərəfli rabitə vasitələrinə malik olmalıdır.

5.3. Axtarış-xilasetmə hava gəmiləri Vahid əlaqələndirici və Yardımçı axtarış və xilasetmə mərkəzləri ilə əlaqə saxlamaq üçün aviasiya qəza tezliklərində, axtarış rayonlarında ayrılmış tezliklərdə, həmçinin istənilən təyin edilmiş tezlikdə işləyən rabitə vasitələri ilə təchiz edilməlidirlər.

5.4. Dəniz üzərində aparılan axtarış və xilasetmə işlərində istifadə edilən axtarış-xilasetmə hava gəmiləri dəniz gəmiləri ilə əlaqə saxlamağa imkan verən radio aparatları ilə təchiz olunmalıdırlar.

5.5. Dəniz üzərində aparılan axtarış və xilasetmə işlərində istifadə edilən axtarış-xilasetmə hava gəmiləri dəniz gəmiləri ilə rabitə əlaqəsi zamanı yarana biləcək müəyyən çətinlikləri aradan qaldırmaq üçün beynəlxalq siqnallar toplusu ilə təchiz edilməlidirlər.

5.6. Sağ qalmış şəxslərin hava gəmisindən atılan qəza-xilasetmə ləvazimatlarına ehtiyacının olub-olmaması məlum deyilsə, axtarış-xilasetmə işlərində iştirak edən hava gəmilərinin ən azı birində bu cür ləvazimatlar olmalıdır.

5.7. Hava limanlarında və aerodromlarda hava gəmilərindən atılmaq üçün uyğunlaşdırılmış qəza-xilasetmə ləvazimatları komplektləri olmalıdır.

6.1. Müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tərəfindən axtarış və xilasetmə üzrə əməliyyat planları hazırlanır.

6.2. Axtarış və xilasetmə üzrə əməliyyat planları aşağıdakıları özündə əks etdirir:

- axtarış və xilasetmə rayonunda axtarış və xilasetmə işlərinin aparılması üsullarını;

- mövcud rabitə sistemləri və vasitələrindən istifadə qaydalarını;

- digər axtarış və xilasetmə bölmələri ilə birgə görülən tədbirləri;

- marşrut üzrə hərəkət edən hava gəmilərinə və dəniz gəmilərinə qəza xəbərdarlığı üsullarını;

- axtarış və xilasetmə işlərinin aparılması həvalə edilən şəxslərin hüquq və vəzifələrini;

- axtarış və xilasetmə işlərinin aparılması üçün əhəmiyyətli olan NOTAM, KOSPAS-SARSAT sistemi və s. məlumatlara uyğun meteoməlumatların və proqnozların alınması üsullarını;

- digər axtarış və xilasetmə bölmələrindən zəruri yardımın (hava və dəniz gəmiləri, insanlar və avadanlıq daxil olmaqla) alınması üsullarını;

- suyun üzərinə enməyə məcbur olan hava gəmilərinin dəniz gəmilərinin yerləşdiyi rayona doğru istiqamətləndirilməsi üsullarını;

- axtarış-xilasetmə və ya digər hava gəmilərinin qəzaya uğrayan hava gəmilərinə doğru istiqamətləndirilməsi üsullarını.

6.3. Əməliyyat planında axtarış və xilasetmə işlərində istifadə edilən hava və dəniz gəmilərinə, habelə digər yerüstü nəqliyyat vasitələrinə xidmət və onlara mümkün olan həcmdə yanacaq doldurulması üzrə konkret tədbirlər göstərilməlidir.

6.4. Hava limanları və aerodromlarda axtarış və xilasetmə işlərinin təmin edilməsi üçün axtarış və xilasetmə üzrə əməliyyat planları hava limanları və aerodromların fövqəladə hallar üzrə fəaliyyət planlarına daxil edilməlidir.

Aviasiya ilə əlaqədar axtarış və xilasetmə işlərinin maksimal səmərəliliyinə nail olunması, eləcə də operativ əlaqələndirmə işinin həyata keçirilməsi, tabeliyindəki aviasiya axtarış-xilasetmə bölmələrinin hazırlığının təmin edilməsi məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar təlim və məşqlər təşkil edirlər.

8.1. Aviasiya ilə əlaqədar axtarış və xilasetmə işləri həmsərhəd axtarış və xilasetmə rayonlarında aparıldıqda, axtarış və xilasetmə işlərinə cəlb olunan mərkəzi icra hakimiyyəti orqanları, təşkilatları və qonşu dövlətlərin analoji orqanları arasında əlaqələndirmənin təmin olunması məqsədi ilə Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.

8.2. Aviasiya hadisəsinin (qəzasının) baş verdiyi yerin aşkar olunması və sağ qalan şəxslərin xilas edilməsi məqsədi ilə digər dövlətin axtarış-xilasetmə qüvvələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisinə keçməsinə icazə verilməsi üçün Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.

8.3 Həmsərhəd ərazidə axtarış və xilasetmə işlərinin aparılması, axtarış-xilasetmə qüvvələrinin digər dövlətin ərazisinə buraxılması məqsədi ilə həmin dövlətin Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinə və ya digər əlaqədar quruma müraciət edilməsi üçün Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

8.4. Axtarış və xilasetmə işlərinin səmərəliliyini artırmaq məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının və digər təşkilatların axtarış-xilasetmə mərkəzlərinin, digər ölkələrin analoji orqanlarının iştirakı ilə birgə təlimlərin keçirilməsi üzrə Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2. 21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162)

3. 4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver