Qanunvericilik › “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.10.2013) › Tam mətn

“Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.10.2013)

“Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.10.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

1-1. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ

Bakı şəhəri, 17 oktyabr 2013-cü il

1.1. Bu Qayda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və aviasiya təhlükəsizliyi personalının anket məlumatlarının toplanılması, yoxlanılması və onların seçilməsi qaydasını və şərtlərini müəyyən edir.

1.2. Bu Qayda aviasiya təhlükəsizliyi sahəsində kadr axınının qarşısının alınmasını, müvafiq xidmət mədəniyyətinin formalaşdırılmasını təmin etmək üçün həmin sahəyə yararlı kadrların seçilməsi və onların peşə hazırlığının artırılması məsələlərini tənzimləyir.

2.1. Aviasiya təhlükəsizliyi sahəsində müvafiq vəzifələrin tələblərinə uyğun peşə hazırlığına malik, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, sağlam, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla) və məhkumluğu olmayan Azərbaycan Respublikası vətəndaşlarının xidmət etmək hüququ vardır.

2.2. İkili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə bu sahədə işləməyə qadir olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, əvvəlki iş yerindən işdə yol verdiyi kobud nöqsanlara görə xaric olunmuş şəxslər aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul edilmirlər.

2.3. Qanunvericiliklə müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul edilmirlər.

2.4. Aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul zamanı ali təhsilli, idman dərəcəsi olan, İCAO-nun rəsmi 6 (altı) dilindən birini bilən və yaşı 30-dan çox olmayan şəxslərə üstünlük verilir.

3.1. Aviasiya təhlükəsizliyi personalı işə müsahibə yolu ilə qəbul edilir.

3.2. Müsahibəyə buraxılmazdan əvvəl hər bir namizədin anket məlumatları, fiziki hazırlığı və sağlamlıq vəziyyəti yoxlanılmalıdır.

3.3. Namizədlərin anket məlumatlarının yoxlanılması bu Qaydanın 4-cü hissəsinə, fiziki hazırlığının və sağlamlığının yoxlanılması isə bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

3.4. Aviasiya təhlükəsizliyi personalının fiziki hazırlığı və sağlamlıq vəziyyəti onun işlədiyi dövrdə mütəmadi, anket məlumatları isə hər 5 (beş) ildən bir yoxlanılır.

3.5. Aviasiya təhlükəsizliyi personalının sayı yerinə yetirilən vəzifələrin həcmindən və xarakterindən asılı olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “AZAL” QSC) tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN) ilə razılaşdırılmaqla müəyyən edilir.

3.6. Aviasiya təhlükəsizliyi personalının işə qəbulu aviasiya təhlükəsizliyi sahəsindəki xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

3.7. Aviasiya təhlükəsizliyi sahəsində işə qəbul edilən və qanunsuz müdaxilə aktının qarşısının alınması zamanı qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malik olan şəxslər vəzifələrinin icrasına daxili işlər orqanlarında xüsusi hazırlıq keçdikdən sonra başlayırlar.

3.8. Aviasiya təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsinə yalnız işə qəbul edildikdən sonra icbari təlimə cəlb edilmiş və bu təlimi müvəffəqiyyətlə bitirmiş və müvafiq şəhadətnamə (sertifikat) almış personal buraxılır.

3.9. Aviasiya təhlükəsizliyi personalının vəzifə təlimatları “AZAL” QSC tərəfindən işlənib hazırlanır və təsdiq edilir.

4.1. Aviasiya təhlükəsizliyi sahəsində personalın seçilməsi məqsədi ilə keçirilən müsahibədə iştirak etmək üçün hər bir namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

4.1.2. şəxsiyyətini təsdiq edən sənədin surəti;

4.1.3. kadrlar uçotunun şəxsi vərəqəsi;

4.1.4. 4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;

4.1.5. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;

4.1.7. hərbi biletin surəti;

4.1.8. müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti (müvafiq təhsili olduqda);

4.1.9. tərcümeyi-hal;

4.1.10. yaxın qohumlarının və himayəsində olan şəxslərin anadan olduqları il, iş (təhsil) və yaşayış yerləri haqqında məlumatlar.

4.1-1. Müsahibədə iştirak etmək üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.

4.2. Tərcümeyi-hal müraciət edən tərəfindən şəxsən əllə yazılır və imzalanır. Müraciət edən tərcümeyi-halda göstərilən məlumatların düzgünlüyünə cavabdehdir.

4.3. Təqdim olunmuş sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda qəbul edilmir. Sənədlərdə yanlış məlumatlar aşkar edildikdə, həmin namizəd müsahibəyə buraxılmır və bu barədə ona yazılı surətdə məlumat verilir.

4.4. Təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə uyğun olduqda, ərizələrin qəbulu jurnalında müvafiq qeydiyyat aparılır və namizədlərin müsahibəyə buraxılmasının mümkünlüyü barədə rəy hazırlamaq məqsədi ilə onun anket məlumatları yoxlanılır.

4.5. Namizədin aviasiya təhlükəsizliyi sahəsində işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədi ilə onun anket məlumatları (namizədin təqdim etdiyi sənədlər, həmçinin özü və yaxın qohumları haqqında məlumatlar) sənədlər qəbul olunduqdan sonra “AZAL” QSC-nin Aviasiya Təhlükəsizlik İdarəsi (bundan sonra — Təhlükəsizlik İdarəsi) tərəfindən 2 (iki) ay müddətində yoxlanılır.

4.6. Yoxlama tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Təhlükəsizlik İdarəsi sənədlər daxil olduqdan sonra 10 (on) iş günü müddətində aidiyyəti dövlət orqanlarına sorğu göndərir.

4.7. Yoxlama tədbirlərinin həyata keçirilməsi zamanı namizədin və onun yaxın qohumlarının məhkumluğu, habelə ödənilmiş və ya götürülmüş məhkumluğu barədə məlumatlar da yoxlanılır.

4.8. Namizəd barədə dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası”na əsasən həyata keçirilir.

5.1. Aviasiya təhlükəsizliyi personalı tərəfindən vəzifə funksiyalarının lazımi səviyyədə icra edilməsini təmin etmək üçün hər bir namizədin anket məlumatları yoxlanıldıqdan sonra fiziki hazırlığı və sağlamlıq vəziyyəti yoxlanılmalıdır.

5.2. Namizədin fiziki hazırlığının və sağlamlıq vəziyyətinin yoxlanılması müsahibəyə buraxılanadək başa çatdırılmalıdır.

5.3. Namizədin fiziki hazırlığının və sağlamlıq vəziyyətinin yoxlanılması onun sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və aviasiya təhlükəsizliyi sahəsində xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi onun tibbi şəhadətləndirilməsi və rəsmiləşdirilməsi üçün əsas ola bilən tibbi göstəricilərin müəyyən edilməsini nəzərdə tutur.

5.4. Namizədin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün hər bir namizəd “AZAL” QSC-nin Tibb-sanitar İdarəsinin Aviasiya poliklinikasında və ya poliklinikanın göndərişi əsasında digər tibb müəssisəsində cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislərin müayinəsindən, o cümlədən nəticələrdən asılı olaraq digər ixtisaslardan olan həkimlərin müayinəsindən keçirilməlidir.

5.5. Hər bir namizəd aşağıdakı tələblərə cavab verməlidir:

5.5.1. görmə qabiliyyəti — eynəkdən və ya kontakt linzasından istifadə etməklə və ya onlar olmadan 23 metrlik məsafədən nəqliyyat vasitəsinin nömrə nişanını və ya analoji nişanları oxumaq qabiliyyəti, həmçinin müxtəlif içkilərin şüşələrinin və aerozol flakonlarının üzərində olan yazıları və etiketləri 30-50 sm-dən oxumaq qabiliyyəti;

5.5.2. rəng qavrama qabiliyyəti — rəngli rentgen qurğularını işlətmək üçün və rəngli kodlaşdırma ilə olan buraxılış vərəqələrinin yoxlanılması üçün rəngi lazımi səviyyədə qavrama qabiliyyəti;

5.5.3. eşitmə qabiliyyəti — eşitmə aparatlarından istifadə etmədən radio və telefon vasitəsilə verilən məlumatları, aviasiya təhlükəsizliyi məqsədi ilə cihaz və avadanlıqlar tərəfindən yaradılan səs siqnallarını, həmçinin adi danışıq tonunda insan səsini sakit otaqda 2,5 metrlik məsafədən eşitmək qabiliyyəti;

5.5.4. iy duymaq qabiliyyəti — iyləri fərqləndirmək qabiliyyəti;

5.5.5. nitq qabiliyyəti — nitqdə məlumatların tez və effektiv ötürülməsinə mane ola biləcək pozuntunun olmaması;

5.5.6. vəziyyəti qavrama qabiliyyəti — müvafiq məlumata, yaranmış vəziyyətə və ya rentgen qurğusunun monitorunda yaranan təsvirlərə əsaslanaraq, müxtəlif faktorları aşkarlamaq, görmək və effektiv fəaliyyət göstərmək üçün kifayət edən müşahidə etmək və diqqəti cəmləşdirmək qabiliyyəti.

5.6. Yoxlama zamanı həmçinin namizədin spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop dərman preparatlarından, eləcə də insan psixikasına təsir edən digər vasitələrdən asılılığının olub-olmaması müəyyən edilir.

5.7. Yoxlamanın nəticələri hər bir həkim-mütəxəssis tərəfindən “Xəstəliklər cədvəli”ndə və vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlində qeyd olunur. Namizədə dair yekun qərar cədvəllərdəki göstəricilər əsasında namizədi müayinə etmiş həkimlərin iştirak etdiyi iclasda olan həkimlərin sadə səs çoxluğu ilə qəbul edilir.

5.8. Namizədin fiziki hazırlığının, yəni onun sosial-demoqrafik xüsusiyyətləri və fəaliyyət növü nəzərə alınmaqla fiziki keyfiyyətlərinin yoxlanılması onun tibbi şəhadətləndirilməsi ilə eyni vaxtda “AZAL” QSC-nin RİNN ilə razılaşdırılmaqla müəyyən etdiyi qaydada fiziki hazırlıq üzrə xüsusi normativlər əsasında həyata keçirilir və rəsmiləşdirilir.

6.1. Aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.

6.2. Müsahibə barədə “AZAL” QSC 1 (bir) ay əvvəldən öz rəsmi internet saytında, həmçinin mediada elan verir və sənədlərin qəbulunu həyata keçirir.

6.3. Müsahibəni “AZAL” QSC tərəfindən yaradılmış komissiya həyata keçirir. Komissiya sədr, katib və 5 (beş) üzvdən ibarət olmaqla yaradılır. Komissiyanın tərkibinə RİNN-nin 1 (bir) nümayəndəsi daxil edilir.

6.4. Komissiyanın iş qaydası “AZAL” QSC tərəfindən müəyyən edilir.

6.5. Komissiya qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında fəaliyyət göstərir.

6.6. Komissiya namizədlərə müsahibələrin vaxtı və keçirildiyi yer barədə ən azı 2 (iki) gün əvvəl məlumat verir. Müsahibəyə gələn namizədin üzərində şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, hərbi bilet və s.) olmalıdır.

6.7. Müsahibə başlamazdan əvvəl müsahibəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri komissiyaya təqdim edilir. Komissiyanın rəhbəri siyahıda göstərilmiş namizədləri elan edir və komissiyanın üzvlərindən onların öz üzvlükləri barədə etirazlarının olub-olmamasını soruşur.

6.8. Komissiyanın üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətlərində olduqda və ya obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən, yaxud müsahibənin digər prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda özünə etiraz edir. Namizəd belə əsaslar olarsa, müsahibə başlanmazdan əvvəl komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.

6.9. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz verilmiş şəxslər həmin etirazların verilməsinə səbəb olmuş namizədlərə münasibətdə komissiyanın işində iştirak edə bilməzlər.

6.10. Əgər etiraz nəticəsində komissiyanın öz vəzifələrini yerinə yetirməsi qeyri-mümkün olarsa, o, yenidən təşkil olunur.

6.11. Namizədlərlə müsahibə fərdi qaydada 30 dəqiqədən çox olmamaq şərtilə aparılır.

6.12. Müsahibə Azərbaycan Respublikasının dövlət dilində aparılır.

6.13. Müsahibə zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, aviasiya təhlükəsizliyi sahəsi ilə bağlı digər normativ hüquqi aktları tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi üçün müvafiq suallar verilir.

6.14. Müsahibə zamanı komissiya müsahibədə iştirak edən şəxsin uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:

6.14.1. bilik səviyyəsinə – ixtisas üzrə biliklərinə, müvafiq vəzifə üzrə nəzəri biliklərinə, müvafiq vəzifənin tələblərinə uyğun olan səviyyədə qanunvericilik və xarici dil biliklərinə;

6.14.2. peşə hazırlığına – müvafiq vəzifənin tələblərinə uyğun iş təcrübəsinə, əlavə təhsil və digər proqramlarda iştirakına, qulluq funksiyalarının icrası zamanı bilik və təcrübəsinin düzgün tətbiqinə;

6.14.3. ümumi dünyagörüşünə – təbiətdə, dünyada və cəmiyyətdə baş verən hadisələrə və mövcud reallıqlara, habelə bu hadisələr və reallıqlar içində insanın yerinə və roluna olan baxışlar sisteminə, həmçinin bu baxışlardan irəli gələn düşüncəyə, ideya və prinsiplərin qavranılmasına;

6.14.4. aviasiya təhlükəsizliyi personalı üçün zəruri olan digər keyfiyyətlərə – vətənpərvərlik, emosional stabillik, səmimilik, özünütənqid, iradə, ünsiyyət qurmaq, yaradıcılıq, təşəbbüskarlıq, analitik təhlil, problem həlletmə, qərarvermə, nüfuzetmə qabiliyyətinə, ağır iş yükünə tab gətirmək bacarığına, aviasiya təhlükəsizliyi sahəsində istifadə olunan texniki vasitələrlə işləmək təcrübəsinə.

6.15. Müsahibənin nəticələri balla qiymətləndirilir. Komissiya üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər.

6.16. Müsahibə zamanı namizədin verdiyi cavabları komissiyanın hər bir üzvü hər bir meyar üzrə 0, 1, 2, 3, 4 və 5 ballarından biri ilə qiymətləndirir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanılaraq namizəd barədə ümumi bal çıxarılır və bal cədvəlinə yazılır. Sonra komissiya üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar toplanılır və toplanılmış bal komissiya üzvlərinin sayına bölünərək, yekun bal müəyyən edilir.

6.17. Keçirilmiş müsahibədən mümkün 25 baldan ən azı 15 bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.

6.18. Namizədin tələbi əsasında ona 2 (iki) gün müddətində müsahibənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.

6.19. Müsahibənin nəticələri ilə razı olmayan namizəd arayış aldığı gündən 10 (on) iş günü müddətində “AZAL” QSC tərəfindən yaradılmış Apellyasiya Komissiyasına şikayət vermək hüququna malikdir. Apellyasiya Komissiyası 7 (yeddi) iş günü müddətində şikayətə baxır və yekun qərar qəbul edir. Namizəd bu qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verə bilər.

7.1. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən “AZAL” QSC-nin rəhbərinə təqdim edilir.

7.2. Namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edir və onunla əmək müqaviləsi bağlayır.

7.3. Personalla bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri, məsuliyyəti, personalın iş və istirahət vaxtı, attestasiya qaydası, əməyin mühafizəsi, sosial müdafiəsi ilə bağlı məsələlər aviasiya təhlükəsizliyi sahəsindəki xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

8.1. İşə qəbul edilmiş personalın şəxsi işində onun təqdim etdiyi sənədlərlə yanaşı, aşağıdakı sənədlər də saxlanılır:

8.1.1. peşəkarlıq, işgüzarlıq səviyyəsini, digər şəxsi və iş keyfiyyətlərini xarakterizə edən sənədlər;

8.1.2. namizədlə aparılmış müsahibə barədə ətraflı məlumat;

8.1.3. anket məlumatlarının, fiziki hazırlığının və sağlamlıq vəziyyətinin yoxlanılmasının nəticələrinə dair sənədlər;

8.1.4. yoxlanılması mümkün olmayan dövrlər barədə qeydlər;

8.1.5. mükafatların və tənbehlərin uçot vərəqəsi;

8.1.6. müvafiq kurslarda iştirakı təsdiq edən şəhadətnamə və sertifikatların surətləri.

8.2. Personalın şəxsi işinin aparılması və saxlanılması “AZAL” QSC-nin müəyyən etdiyi qaydada həyata keçirilir. Personal anket məlumatlarındakı bütün dəyişikliklər haqqında Təhlükəsizlik İdarəsinə məlumat verməyə borcludur.

9.1. Aviasiya təhlükəsizliyi personalı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda nəzərdə tutulmuş vəzifə funksiyalarının pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

1. 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948)

2. 16 may 2014-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 may 2014-cü il, № 109; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 577)

3. 26 dekabr 2020-ci il tarixli 512 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2020-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1613)

4. 29 noyabr 2021-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 dekabr 2021-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1296)

5. 18 may 2022-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 556)

6. 26 fevral 2024-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 fevral 2024-cü il, “Xalq” qəzeti, 1 mart 2024-cü il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 237)

7. 7 mart 2024-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 301)

8. 29 iyul 2024-cü il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2024-cü il, “Xalq” qəzeti, 2 avqust 2024-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 925)

9. 8 oktyabr 2024-cü il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 oktyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 10 oktyabr 2024-cü il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1161)

10. 04 iyun 2025-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 iyun 2025-ci il, “Xalq” qəzeti, 6 iyun 2025-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 592)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver