Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.0.1. avtonəqliyyat vasitəsi – sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət);

1.0.1-1. avtonom nəqliyyat vasitəsi – avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən və aşağıdakı meyarlara cavab verən mülki təyinatlı nəqliyyat vasitəsidir:

1.0.1-1.1. insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edə bilən;

1.0.1-1.2. yol hərəkətinin təhlükəsizliyi pozulduqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən;

1.0.1-1.3. avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-3-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş ərazidə bütün sürüş funksiyalarını və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün sürüş funksiyalarını və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan;

1.0.1-1.4. “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilən;

1.0.2. avtomobil nəqliyyatı – avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastruktur obyektlərindən istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü;

1.0.3. avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı – özünün və ya sifarişçinin adından sərnişinlərin və ya yüklərin daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs;

1.0.4. avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar – sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar;

1.0.5. avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar – hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır;

1.0.6. avtomobil nəqliyyatının infrastruktur obyektləri – avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil nəqliyyatı parkları, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri;

1.0.7. avtobus – sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi;

1.0.8. baqaj – daşınmaq üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat vasitəsilə göndərilən və ya səfər boyu müşayiət edilən, qabariti, çəkisi və xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük;

1.0.8-1. ərizəçi – bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan icazənin alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edən, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;

1.0.9. daşıyıcı – daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;

1.0.9-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra - operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs;

1.0.9-2. operatorun məsul şəxsi – operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs;

1.0.10. əl yükü – sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar;

1.0.11. gediş sənədi (bilet) – sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd;

1.0.11-1. ödəniş aləti – şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;

1.0.12. sərnişin avtonəqliyyat vasitəsi – konstruksiyasına və təchiz edilmiş avadanlığına görə insanların və baqajın daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;

1.0.13. sərnişin – avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs;

1.0.14. sərnişin daşınması – sərnişinlərin avtonəqliyyat vasitəsilə yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə çatdırılması;

1.0.15. sifariş – avtomobil nəqliyyatı ilə sərnişin və ya yük daşımalarının sifarişçisi ilə daşıyıcı arasında münasibətləri tənzimləyən müqavilə;

1.0.16. sifarişçi – sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs;

1.0.17. sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;

1.0.17-1. taksometr – taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatı;

1.0.18. taksi minik avtomobili – xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi;

1.0.19. ümumi istifadədə olan avtomobil nəqliyyatı – tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin və yük daşımalarında istifadə olunan nəqliyyat vasitəsi;

1.0.20. yük – avtomobil daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;

1.0.21. yük avtonəqliyyat vasitəsi – konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;

1.0.22. yükgöndərən – adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs;

1.0.23. yükalan – avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs;

1.0.24. analoq taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;

1.0.25. rəqəmsal taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;

1.0.26. rəqəmsal taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;

1.0.27. sürücünün taxoqraf kartı – avtonəqliyyat vasitəsini idarə edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edilən rəqəmsal kart;

1.0.28. operatorun taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən operatora məxsus rəqəmsal kart;

1.0.29. emalatxana taxoqraf kartı – rəqəmsal taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalibrlənməsi və onlara texniki xidmətin göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən rəqəmsal kart;

1.0.30. nəzarətçi taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;

1.0.31. formulyar – qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;

1.0.32. bilet-uçot vərəqi – şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;

1.0.33. taksi sifarişi xidməti – telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmət;

1.0.34. taksi sifarişi operatoru – taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar;

1.0.35. buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;

1.0.36. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver