13.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar:
13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;
13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;
13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;
13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə;
13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır.
13.3. Bu Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir.
13.4. Bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur.