Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydaya uyğun subsidiya ödənilməsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təmin etsin;
2.3. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara verilən subsidiya barədə illik icmal hesabatı növbəti ilin 1 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.4. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərarla müəyyən edilmiş müddəalar əsasında Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görsün.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 dekabr 2021-ci il
1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə uyğun olaraq, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcıların istifadə etdikləri dizel yanacağına görə müvəqqəti subsidiya (subsidiya) verilməsi məqsədilə hazırlanmışdır.
1.2. Bu Qayda dizel yanacağı ilə çalışan avtomobil nəqliyyatı ilə dövlət tərəfindən tənzimlənən tariflərə uyğun müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara şamil edilir.
1.3. Bu Qayda minik avtomobilləri ilə sərnişindaşıma, beynəlxalq sərnişin daşımaları və qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan daşıyıcılara şamil edilmir.
1.4. Bu Qaydanın məqsədi üçün daşıyıcı dedikdə, daşınma müqaviləsi əsasında dövlət tərəfindən tənzimlənən tariflərlə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı (qəsəbələrarası) sərnişin daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə avtomobil nəqliyyatı vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar, subsidiya dedikdə isə, dövlət büdcəsinin vəsaiti hesabına daşıyıcılara əvəzsiz verilən maliyyə vəsaiti nəzərdə tutulur.
1.5. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
2.1. Subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin aşağıdakı məbləğlərdən çox olmamaqla hesablanır:
2.1.1. müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizi məbləğində;
2.1.2. müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizi məbləğində;
2.1.3. müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizi məbləğində.
3.1. Subsidiya “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli Qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
4.1. Subsidiyanın alınması üçün daşıyıcıların müraciətinə 20 (iyirmi) gün müddətində baxılır.
4.2. Bu Qaydanın 4.7-ci bəndi ilə müəyyən edilən şərtlərə cavab verən daşıyıcılar tərəfindən hər ay bitdikdən sonra növbəti ayın 15-dək aşağıdakı sənədlər vergi orqanına təqdim edilir:
4.2.1. bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada hesabat;
4.2.2. subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatlar;
4.2.3.avtobusların yanacaq sərfi üzrə texniki göstəricilər (texniki pasportlar);
4.2.4. səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi) tərəfindən verilmiş marşrut pasportunun elektron formada surəti;
4.2.5. bank əməliyyatlarına dair məlumat - bank çıxarışları (elektron formada).
4.2-1. Subsidiyanın alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar daşıyıcılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daşıyıcıların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya daşıyıcılar tərəfindən təmin edilir.
4.3. Subsidiya alınması üçün daşıyıcıların müraciəti müvafiq ayın 15-dən sonra təqdim edildikdə, həmin müraciətlər növbəti ayda nəzərə alınır.
4.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun daşıyıcılar tərəfindən təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxır və ödəniləcək subsidiyanın məbləğini müəyyən edir.
4.5. Dövlət Vergi Xidməti daşıyıcılar tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar (bu Qaydanın 4.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, həmin çatışmazlıqların 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün daşıyıcıya 3 (üç) iş günü müddətində məlumat verir. Daşıyıcılar tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləğini müəyyən edir.
4.6. Dövlət Vergi Xidməti daşıyıcı tərəfindən təqdim edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə daşıyıcıya subsidiya verilməsindən imtinaya əsaslar (təhrif olunmuş məlumatlar, bu Qaydanın tələbləri ilə uyğunsuzluqlar) olduqda, subsidiyanın verilməsindən imtina haqqında 3 (üç) iş günü müddətində inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində daşıyıcıya təqdim edir.
4.7. Subsidiya almaq istəyən daşıyıcılar aşağıdakı şərtlərə cavab verməlidirlər:
4.7.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na düşməməli;
4.7.2. subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli;
4.7.3. əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməli;
4.7.4. nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməli.
4.8. Subsidiya almaq hüququ başqa şəxslərə ötürülə bilməz.
5.1. Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.
5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində bu Qaydanın 5.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirir.
Subsidiya məbləğinin köçürüləcəyi bank hesabının rekvizitləri
Hesabat dövründə sərnişin daşınmasından əldə edilən ümumi gəlir (manat)
Dizel yanacağı (litr)
Hesabat ayı ərzində hesablanmış və ödənilmiş əməkhaqqı məbləğləri (manat)
Nağd qaydada fəaliyyət göstərən şəxslər üçün satışdan daxilolmaların bank hesabına mədaxil edilən məbləği (manat)
Hesabat ayı ərzində faktiki olaraq xidmət göstərilmiş sərnişinlərin ümumi sayı (nəfər)
1. şəhərdaxili (rayondaxili)
2. şəhərlərarası (rayonlararası)
3. şəhərətrafı və qəsəbələrarası
Qeyd. Qaydada subsidiyanın verilməsi üçün müəyyən olunmuş sənədlər hesabata əlavə edilir.
Subsidiyanın alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar hesabata əlavə edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daşıyıcıların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya daşıyıcılar tərəfindən təmin edilir.
1. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)