Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Avtomobil yollarından istifadənin tənzimlənməsi prinsipləri

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında avtomobil yollarının nəqliyyat vasitələrinin yükünə, qabaritinə və sürətinə uyğunlaşdırılması üçün avtomobil yollarının texniki dərəcəsindən asılı olaraq müvafiq dövlət standartları və normaları tətbiq edilir.

Azərbaycan Respublikasının avtomobil yollarında nəqliyyat vasitələrinin yükü, qabariti və hərəkətin sürət həddi nəqliyyat vasitəsinin tipi, daşınan yükün xüsusiyyətləri, yolda hərəkətin şiddəti, meteoroloji şərait, yolun texniki dərəcəsi və yol hərəkəti qaydaları nəzərə alınmaqla müəyyənləşdirilir.

Avtomobil yollarında yol hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Bu qəbildən olan məhdudiyyətlər tətbiq edilən vaxt yolların mülkiyyətçiləri aidiyyəti subyektləri qabaqcadan xəbərdar etməklə yollarda müvafiq yol nişanları və işarələri qoyurlar.

Yol təsərrüfatı orqanları, hərbi vəziyyət rejiminin tətbiqi, fövqəladə şəraitlər və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar istisna olmaqla, hərəkətin məhdudlaşdırılması və ya dayandırılması, habelə onların müddəti və yeni hərəkət sxemi barədə avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.

Beynəlxalq avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya bağlanması hallarında məlumat müvafiq xarici dövlətlərin nümayəndələrinə də çatdırılmalıdır.

Yol təsərrüfatı orqanları onların tabeliyində olan avtomobil yollarında normal hərəkət rejiminin bərpası üçün təcili ölçü götürməyə borcludurlar.

Ümumi istifadədə olan avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək və yolların dağılmasının qarşısını almaq məqsədi ilə mexaniki nəqliyyat vasitələrinin müəyyən növləri və tipi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlər tətbiq edilir.

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən verilmiş xüsusi icazənin olduğu hallarda yol verilir.

Yükü və ya texniki göstəriciləri müəyyən olunmuş həddi aşmaqla yol konstruksiyalarını zədələyə və ya korlaya bilən nəqliyyat vasitələrinin buraxılışına icazə, avtomobil yollarının bərpası üçün müvafiq vəsait keçirildikdən sonra verilir.

Yükü və qabariti müəyyən olunmuş normaları aşan nəqliyyat vasitələrinin hərəkət marşrutu yolun və yol qurğularının sahibləri ilə də razılaşdırılmalıdır.

İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkət marşrutu xüsusi qurğular, mühəndis kommunikasiyaları ilə kəsişmə tələb edərsə, marşrut həmin qurğuların mülkiyyətçiləri ilə də razılaşdırılmalıdır.

İriqabaritli və (və ya) ağırçəkili yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti üçün avtomobil yollarının vəziyyətinin qiymətləndirilməsi, avtomobil yollarının möhkəmləndirilməsi, həmçinin avtomobil yollarının, onların ayrı-ayrı hissələrinin, habelə avtomobil yolları ilə kəsişən mühəndisi kommunikasiyaların və qurğuların mühafizəsi üzrə xüsusi işlərin görülməsi tələb olunduqda, daşınmanın təşkilində maraqlı şəxslər avtomobil yollarının, mühəndisi kommunikasiyaların və qurğuların sahiblərinə xüsusi icazə almazdan əvvəl göstərilən qiymətləndirmənin aparılması və qeyd edilmiş digər işlərin görülməsi ilə bağlı bütün xərcləri ödəyirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver