Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40-3

Maddə 40-3. Avtomobil yollarının istismarı zamanı təhlükəsizlik tələbləri

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yolların vəziyyəti yol hərəkətinin təhlükəsizliyini və ətraf mühitin mühafizəsini təmin etməli və istismar yükləmələrinin dərəcəsinə uyğun olmalıdır.

Məlumatverici-göstərici nişanlar və işarələr hərəkətin təhlükəsizliyini təmin etməli və ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

Yol geyimi yolun istismarı zamanı regionun iqlim xüsusiyyətləri və nəqliyyat-istismar yükləmələri nəzərə alınmaqla, yolların təhlükəsizliyini təmin etməlidir.

Şəhər küçələrində və yaşayış məntəqələrində avtomobil yollarının hərəkət hissəsi, piyada səkilərinin və velosiped yollarının, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin örtüyü, habelə taksi minik avtomobillərinin duracaq yerləri və yolun hərəkət hissəsinə bitişik hissədə olan parklanma yerləri, həmçinin ayırıcı zolaqların, çiyin və torpaq yataqlarının yamacı yol hərəkətinin təhlükəsizliyini təmin edəcək vəziyyətdə olmalıdır.

Yol örtüyü tələb olunan hesabi sürəti və hərəkətin təhlükəsizliyini təmin edən səthə malik olmalıdır.

Hərəkət hissəsinin səthində çökmələr, çalalar və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən digər zədələr olmamalıdır.

Avtomobil yollarında işlərin görüldüyü yerlərdə yol-nəqliyyat hadisələrinin və tıxacların qarşısının alınması üçün nişanlar və işarələr quraşdırılmalı, həmçinin sutkanın istənilən vaxtında işlərin görüldüyü yerin aydın görünməsi təmin olunmalıdır.

Yol hərəkətinin təşkilində istifadə olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr, istiqamətləndirici və çəpərləyici qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə sistemləri) sutkanın istənilən vaxtında aydın görünməlidir.

Yol hərəkəti, habelə yolların təmiri və yenidən qurulması nəticəsində yaranan səs-küyün, vibrasiyaların, havanın və suyun çirkləndirilməsinin səviyyəsi texniki normalara və tələblərə uyğun olaraq müvafiq tədbirlərlə məhdudlaşdırılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver