“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 8 fevral 2017-ci il
1.1. Bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin səkkizinci hissəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca müvafiq olaraq təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərinə (bundan sonra - mühəndisi kommunikasiyalar) daxil olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrini və qurğularını istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydasını müəyyən edir.
1.2. Avtomobil yollarının mühəndisi kommunikasiyalarla kəsişməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərə və digər normativ-hüquqi aktlara uyğun olaraq müəyyən edilir.
1.3. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının mülkiyyətçilərinin (sahiblərinin) və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilir.
1.4. Avtomobil yollarının mülkiyyətçilərinin (sahiblərinin) və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən verilmiş texniki şərtlərin tələbləri məcburi xarakter daşıyır.
1.5. Mühəndisi kommunikasiyaların inşası, dəyişdirilməsi, yenidən qurulması və ya əsaslı təmiri (fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla) işləri avtomobil yollarının mülkiyyətçilərinin (sahiblərinin) və digər mühəndisi kommunikasiyaları istismar edən qurumların verdikləri texniki şərtlərə əsasən hazırlanmış layihə-smeta sənədlərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirilir. Tikinti layihəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün avtomobil yollarının mülkiyyətçilərindən (sahiblərindən) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən razılığı tikintiyə icazə verən orqan (qurum) alır.
1.6. Dövlət avtomobil yollarında aparılan tikinti, yenidənqurma və təmir işləri ilə əlaqədar yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda ─ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında), tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qəbul edilir.
2.1. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən tikinti, yenidənqurma və təmir işləri aparılacaq avtomobil yollarının siyahısı tərtib edilərək, növbəti təqvim ilinin başlanılmasına ən azı 2 (iki) ay qalmış aidiyyəti mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə təqdim edilir. Mühəndisi kommunikasiyaların mülkiyyətçiləri həmin siyahılara daxilolma tarixindən etibarən 10 (on) gün müddətində baxır və bu Qaydanın 2.6-cı bəndində göstərilən müddətləri nəzərə almaqla, 2.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məsələlərinə dair rəylərini avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) bildirirlər.
2.2. Fövqəladə hadisələr, habelə qəza hallarında avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən bu barədə mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə, yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə faksla və ya elektron imza ilə təsdiq edilməklə, elektron poçt vasitəsilə məlumat (bildiriş) verilir və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən dərhal baxılır və razılaşdırılır.
2.3. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərə əsasən mühəndisi kommunikasiyaların mövcud yolun altından kənarlaşdırılaraq ayırıcı zolağa və ya piyada səkilərinə köçürülməsi, yerli şərait buna imkan vermədiyi halda yolun altında tikilən tunel və ya düzbucaqşəkilli dəmir-beton qurğu-kanal daxilində müvafiq qaydada yerləşdirilməsi, bu tədbirlər maliyyə və texniki cəhətdən səmərəli olmadıqda isə aidiyyəti təşkilatlarla razılaşdırılmaqla, digər alternativ variantlar nəzərdə tutulmalıdır.
2.4. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mövcud mühəndisi kommunikasiyalarda tələb olunan işlər mülkiyyətçilər tərəfindən verilmiş texniki şərtlərə uyğun yerinə yetirilir.
2.5. Mövcud mühəndisi kommunikasiyalarda tələb olunan işlər avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən razılaşdırılmış müddətdə tam başa çatdırıldıqdan sonra avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılır.
2.6. Ümumi istifadədə olan avtomobil yollarında bu Qaydanın 2.2-ci bəndində göstərilən fövqəladə hadisələr, habelə qəza hallarının aradan qaldırılması istisna olmaqla, tikilmiş, yenidən qurulmuş və təmir edilmiş avtomobil yollarının örtüklərinin qazılmasına tikinti normalarında nəzərdə tutulmuş təmirlərarası müddətlərdə yol verilmir.
2.7. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin aparılması mühəndisi kommunikasiyaların dəyişdirilməsinə, köçürülməsinə, yenidən qurulmasına və ya təmirinə zərurət yaratdıqda və həmin işlərin görülməsi mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin investisiya proqramına daxil edilmədikdə, bu işlər avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) dövlət büdcəsindən və ya qanunvericiliyə zidd olmayan digər mənbələrdən ayrılan vəsait hesabına həyata keçirilməlidir.
2.8. Mühəndisi kommunikasiyalarda fövqəladə hadisələr, habelə qəza halları baş verdikdə, təmir işləri onları istismar edən qurumların vəsaiti hesabına həyata keçirilir. Bu tədbirlər həyata keçirildikdən sonra yeni mühəndisi kommunikasiyalar onun mülkiyyətçisinin balansına verilir.
2.9. Avtomobil yollarının mühəndisi kommunikasiyalarla kəsişməsi zamanı tikinti, yenidənqurma və təmir işləri aşağıdakılar təmin edilməklə aparılmalıdır:
2.9.1. şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması;
2.9.2. mühəndisi kommunikasiyaların normal işinin təmin olunması;
2.9.3. piyadaların və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi. Bu mümkün olmadıqda, alternativ marşrutları təmin etmək şərtilə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti olaraq, tam və ya qismən dayandırılması.
2.10. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin icrası zamanı aidiyyəti təşkilatlar tərəfindən verilmiş texniki şərtlər əsasında hazırlanan layihə-smeta sənədlərinə uyğun yağış kanalizasiya sistemlərinin inşası, təkmilləşdirilməsi, bərpası və ya yenidən qurulması nəzərdə tutulmalıdır.
3.1. Mülkiyyətçilər tərəfindən dəyişdirmə, köçürmə, yenidənqurma və ya təmir işləri aparılacaq mühəndisi kommunikasiyaların siyahısı tərtib edilərək, növbəti təqvim ilinin başlanılmasına ən azı 2 (iki) ay qalmış yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) təqdim edilir. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) həmin siyahılara daxilolma tarixindən etibarən 10 (on) gün müddətində baxır və rəylərini mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə bildirirlər.
3.2. Fövqəladə hadisələr, habelə qəza hallarında mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən bu barədə avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə), yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə faksla və ya elektron imza ilə təsdiq edilməklə, elektron poçt vasitəsilə məlumat (bildiriş) verilir və qəzanın aradan qaldırılması işlərinə başlanılır. Növbəti iş günü qəzanın aradan qaldırılması işlərinin yekunlaşdırıldığı və ya həmin işlərin tamamlanması üçün müddətin uzadılması avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) ilə razılaşdırılır.
3.3. Avtomobil yollarının altında yerləşən mövcud mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması və ya təmiri aparıldıqda, avtomobil yollarının və ya yolun müəyyən hissələrinin əsaslı təmiri və ya yenidən qurulması tələb olunarsa, bu işlər mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə dövlət büdcəsindən və ya qanunvericiliyə zidd olmayan digər mənbələrdən ayrılan vəsait hesabına yerinə yetirilir.
3.4. Mühəndisi kommunikasiyaların “M” və “R” indeksli respublika əhəmiyyətli dövlət avtomobil yolları ilə kəsişməsi mütləq qapalı (xəndəksiz qazma) üsulla, düzbucaq altında, yol örtüyünün səthindən ən azı 2,0 metr dərinlikdə qoyulmuş mühafizə borusunun içərisindən keçirilməklə yerinə yetirilməlidir. Yeni yükqəbuledici körpü keçidinin tikilməsi tələb olunan hallar istisna olmaqla, mühafizə borusunun uzunluğu “M” və “R” indeksli avtomobil yollarında 60 metrdən (yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən hər tərəfə 30 metr), yerli əhəmiyyətli avtomobil yollarında 25 metrdən (yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən hər tərəfə 12,5 metr) az olmamalıdır.
3.5. Mühəndisi kommunikasiyaların avtomobil yolları ilə kəsişməsi zamanı görüləcək işlər aşağıdakılar təmin edilməklə aparılmalıdır:
3.5.1. qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması;
3.5.2. piyadaların və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi. Bu mümkün olmadıqda, alternativ marşrutları təmin etmək şərtilə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti olaraq tam və ya qismən dayandırılması;
3.5.3. atmosfer və qrunt sularının yığılmasının və torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə müvafiq tədbirlərin (drenaj xəttinin çəkilməsi, işlər başa çatdırılana kimi müvəqqəti su nasosunun quraşdırılması, suötürücü boruların tikilməsi və s.) görülməsi.
1. 2 may 2018-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2018-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1110)
2. 7 fevral 2020-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 187)
3. 13 sentyabr 2021-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 sentyabr 2021-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1065)
4. 29 fevral 2024-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 mart 2024-cü il, “Xalq” qəzeti, 6 mart 2024-cü il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 246)