Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının birinci bəndinin 7-ci abzasının birinci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin təqdim etdiyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə razılaşdırılmış “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 dekabr 2001-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikasının avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının (bundan sonra—yol təsərrüfatının əmlakı) qeydiyyatını tənzimləyir.
1.2. Bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır.
1.3. Yol təsərrüfatının əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətində, bələdiyyə və xüsusi (özəl) mülkiyyətdə ola bilər.
1.4. Yol təsərrüfatının əmlakına mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi və xitamı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
1.5. Yol təsərrüfatının əmlakına hüquqlar Mülki Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq qeydə alınır.
1.6. Dövlət yol təsərrüfatının əmlakı “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – qeydiyyat orqanı) tərəfindən dövlət əmlakının Registrində qeydə alınır.
II. Yol təsərrüfatı əmlakının qeydİyyatı
2.1. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün hüquqları əldə edən şəxs qanunvericiliklə müəyyən edilmiş sənədləri qeydiyyat orqanına təqdim etməlidir (bu Qaydanın 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla).
2.1-1. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.3. Yol təsərrüfatının əmlakına sərəncam hüququ digərinə verilə bilər, bu sərəncam verən tərəfin bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu barədə tərtib olunmuş müqavilə notariat qaydasında təsdiqlənməlidir.
2.4. Yol təsərrüfatının əmlakına hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilən andan əmələ gəlir.
2.5. Yeni tikilən və yenidən qurulan avtomobil yolları həmin obyektlərin müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında qeydiyyata alınmalıdır.
2.6. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı həmin yol təsərrüfatı əmlakını idarə edən şəxsin ərizəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və 10-cu maddəsində göstərilən sənədlər əsasında həyata keçirilir.
2.7. Hər bir yol təsərrüfatının əmlakı barəsində aşağıdakılar bildirilməlidir:
yol təsərrüfatı əmlakının qeydə alınması üçün əsas;
yol təsərrüfatı əmlakının adı, tərkibi, xüsusiyyətləri, yerləşdiyi ünvan və istismara verildiyi tarix;
yol təsərrüfatı əmlakının ilkin dəyəri və qeydiyyata alınma dövrünə olan dəyəri;
yol təsərrüfatı əmlakının sərəncamında olan subyekt haqqında məlumat;
yol təsərrüfatı əmlakının təyinatı (yönümü, profili);
yol təsərrüfatı əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə, əvəzsiz istifadəyə verilməsi və digər öhdəliklərlə yüklənməsi.
Avtomobil yollarının qeydiyyatı aşağıdakıları nəzərdə tutur:
avtomobil yollarının rəsmi xəritəsinin (planının, cizgisinin, ölçüsünün) tərtib edilməsi;
hər bir yolun adı, indeksi və uzunluğu göstərilməklə avtomobil yollarının siyahısının tərtib edilməsi;
hər bir avtomobil yolunun balans qiyməti, onun dəyişməsi və köhnəlməsi;
avtomobil yollarının texniki pasportlarının və yolların faktiki vəziyyəti, örtüyün növü və vəziyyəti, yol nişanlarının dislokasiyası, avtomobil yollarının tutduğu torpaq sahəsi haqqında informasiyanın, avtomobil yollarının nişanlarının və istismarının planlaşdırılması üçün vacib olan digər göstəricilərin hazırlanması və saxlanılması.
2.8. Bu Qaydanın 2.6.-cı və 2.7.-ci bəndlərində göstərilən sənədləri təqdim edən şəxslər həmin sənədlərin tam və dəqiq olması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
2.9. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə həyata keçirilir.
2.10. Yol təsərrüfatının əmlakı üzərində hüquqlar qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd olmadan yol təsərrüfatının əmlakını idarə edən orqan və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, digər öhdəliklərlə yüklənməsi və s.) heç bir qərar qəbul edə bilməz.
2.11. Qeydə alınmış yol təsərrüfatının əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün yol təsərrüfatının əmlakını idarə edən orqan müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və qeydiyyat orqanına 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidir.
2.12. Yol təsərrüfatının əmlakını idarə edən orqan və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar hər il dekabr ayının 31-nə qədər qeydiyyata alınmış yol təsərrüfatı əmlakının hərəkətinə dair balanslarının surətlərini qeydiyyat orqanına təqdim etməlidir.
2.13. Yol təsərrüfatının əmlakına dair məlumatların əldə edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 dekabr tarixli, 195 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na əlavə