Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün düzgün müəyyən edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin, cəzanın məqsədlərinin, habelə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 2-ci maddəsində təsbit edilmiş həmin Məcəllənin məqsəd və vəzifələrinin, cəzaların icrasının fərdiləşməsi və cəzaların icrası qanunvericiliyinin digər prinsiplərinin həyata keçirilməsində rolunu nəzərə alaraq, cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi sahəsində qanunvericiliyin tətbiqi təcrübəsinin vahidliyini təmin etmək məqsədilə,
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutub Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin, yetkinlik yaşına çatmayan məhkumlara münasibətdə isə tərbiyə müəssisəsinin növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) müvafiq olaraq 56 və 85-ci maddələri ilə imperativ qaydada müəyyən olunduğundan, hökm çıxarılarkən bu və ya digər cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün məhkəmənin mülahizəsinə görə təyin edilməsinə (CM-in 56.2-ci maddəsində göstərilən hal istisna olmaqla) yol verilmir.
Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra - CİM) 70-ci maddəsində nəzərdə tutulan hallarda məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 514-cü maddəsinə müvafiq olaraq hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat çərçivəsində həyata keçirilir. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi barədə müraciətlərə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” 2010-cu il 8 oktyabr tarixli 2 nömrəli Qərarında bu məsələyə dair verilmiş izahlar nəzərə alınmalıdır.
2. Təqsirkara CM-in 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu və ya CM-in 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra təyin edilməli və hökmün nəticə hissəsində göstərilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 iyun tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə və həmin qərarın çıxarılmasından sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə CM-ə əlavə olunmuş, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların nəzərə alınmasını istisna edən 18.4.4-cü maddəyə əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə, qəsdən törədilən cinayətlərə görə isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum olunduqda, qəti cəzanın (əgər bu cəza beş ildən artıq deyilsə) məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilir.
Lakin təqsirkara ehtiyatsızlıqdan və qəsdən törədilmiş cinayətlərin məcmusu qaydasında təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olduqda, məcmuya daxil olan ehtiyatsızlıqdan törədilmiş cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin beş ildən az olmasından, eləcə də qəsdən törədilən cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə və ya ondan yüngül cəzanın təyin edilməsindən asılı olmayaraq, cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi təyin edilə bilməz və belə hallarda CM-in 56-cı maddəsinin müvafiq müddəalarında göstərilən əsaslara uyğun olaraq cəzanın ümumi və ya digər rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir.
Cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir.
Hökmün icrası qaydasında, yəni CPM-in 514-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxs ehtiyatsızlıqdan törətdiyi cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda ona cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir.
3. Əvvəl azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla bu cəzanı çəkən şəxsə birinci hökmdən əvvəl törədilmiş cinayətə görə - CM-in 66.5-ci maddəsinə əsasən (cinayətlərin məcmusu qaydasında) və yaxud əvvəlki hökmün qüvvəyə minməsindən sonra törədilmiş cinayətə görə - CM-in 67-ci maddəsinə əsasən (hökmlərin məcmusu qaydasında) təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün, əgər yeni cinayətə görə CM-in 56-cı maddəsinin nəzərdə tutduğu cəzaçəkmə müəssisəsinin növündən daha yüngüldürsə, əvvəlki hökmdə göstərilən cəzaçəkmə müəssisəsi təyin edilir.
4. Təqsirkar tərəfindən qəsdən törədilən cinayətlərin məcmusunu təşkil edən cinayətlərdən birinin yetkinlik yaşına çatmayan dövrdə, digərinin yetkinlik yaşına çatdıqdan sonra törədilməsi ilə əlaqədar ona ayrı-ayrılıqda hər bir cinayətə görə və CM-in 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, ikinci cinayətə görə CM-in 56-cı maddəsinin nəzərdə tutduğu cəzaçəkmə müəssisəsinin növü ümumi rejimli cəzaçəkmə müəssisəsi ilə müqayisədə daha ağır olduqda, təqsirkara həmin növ cəzaçəkmə müəssisəsi, qalan hallarda isə ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir (nə qədər ki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair ittiham hökmü artıq şəxs yetkinlik yaşında olduğu dövrdə çıxarılır). O cümlədən təqsirkara yetkinlik yaşına çatdığı dövrdə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, bu yaşa çatana qədər qəsdən törədilmiş cinayətə görə isə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, azadlıqdan məhrum etmə növündə qəti cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən olunmalıdır.
Lakin cinayətlərin məcmusu yalnız ehtiyatsızlıqdan törədilmiş cinayətlərdən ibarət olduqda və təqsirkara həm yetkinlik yaşına çatmadığı dövrdə, həm də yetkinlik yaşına çatdıqdan sonra törətdiyi bu cinayətlərin məcmusuna görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 ildən artıq olmadıqda və yaxud şəxsin yalnız yetkinlik yaşına çatdıqdan sonra törətdiyi əməl ehtiyatsızlıqdan törədilmiş cinayət olsa da, əgər onun yetkinlik yaşına çatmadığı dövrdə qəsdən törədilmiş əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilirsə, bu cinayətin CM-in 15-ci maddəsi ilə hansı təsnifata aid edilməsindən asılı olmayaraq, cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadıqda, CM-in 56.1.1-ci maddəsinə əsasən qəti cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi təyin edilməlidir. Təsvir edilən hallarda cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 ildən artıq olarsa, cəzaçəkmə yeri olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən olunmalıdır.
5. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun.
CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır, yəni ehtiyatsızlıqdan törədilmiş cinayətlər cinayətin residivini yaratmır. Məhkum olunmuş şəxs dedikdə isə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmiş olan şəxs ehtiva olunur.
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən residivin müəyyən edilməsi məsələsinə yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına görə həll edilir və təqsirkara cəza sonradan məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, residivə görə təyin edilir. Bu səbəbdən, yəni qəsdən cinayət törədildiyi ana münasibətdə residiv müəyyən edilibsə, sonradan məhkumluğun ödənilməsi və ya götürülməsi cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi zamanı residivin nəzərə alınmasına mane olmur.
CM-i 18.4-cü maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, CM-in 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
6. CİM-in 66.1-ci maddəsinin mənasına görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, törətdikləri cinayətlərə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində çəkmiş, təsərrüfat və məşiət xidməti işi üçün istintaq təcridxalarında saxlanmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.
Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslərə, o cümlədən aşağıdakılar aiddir:
a) azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, lakin CM-in 71.3-cü maddəsində nəzərdə tutulmuş qaydada şərti məhkum etmə ləğv edilməklə hökmlə təyin olunmuş cəzanın icra olunması üçün şərti məhkum etmənin ləğvi məsələsinə müvafiq cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxs, habelə həmin Məcəllənin 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni cinayətin törədilməsi ilə əlaqədar şərti məhkum etmə ləğv edilməklə CM-in 67-ci maddəsinə müvafiq olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün yeni hökmlə müəyyən edilmiş cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxslər;
b) CİM-in 69-cu maddəsində göstərilən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə mindikdən sonra cəzasını çəkmək üçün təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanılmış şəxs;
c) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkmiş və CM-in 78.1 və 78.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə yerlərindən azad olunmuş şəxs;
ç) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkmiş və CM-in 79-cu maddəsinə müvafiq olaraq barəsində cəzanın çəkilməsi təxirə salınmış şəxs;
d) CM-in 79-cu maddəsində göstərilən əsasla azadlıqdan məhrum etmə cəzasının çəkilməsi hökm çıxarılarkən təxirə salınmış, lakin CM-in 79.2-ci maddəsinə əsasən cəzaçəkmənin təxirə salınması ləğv edilməklə hökmlə müəyyən edilmiş müvafiq növ cəzaçəkmə müəssisəsinə göndərilmiş, habelə CM-in 79.4 və ya 79.5-ci maddəsinə əsasən yeni cinayətin törədilməsi ilə əlaqədar cəzaçəkmənin təxirə salınması ləğv edilməklə CM-in 67-ci maddəsinə müvafiq olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün yeni hökmlə müəyyən edilmiş cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxs;
e) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və yaxud amnistiya aktına əsasən və ya əfvetmə qaydasında cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, habelə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxs;
ə) azadlıqdan məhrum etmə cəzasını çəkdiyi dövrdə CM-in 80-1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxs;
f) başqa dövlətin hökmləri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonradan cəza çəkmək üçün Azərbaycan Respublikasına verilərək hökmün tanınması barədə məhkəmə qərarına müvafiq olaraq Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxs.
7. Aşağıdakılar əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz:
a) cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan məhkəmə tərəfindən CM-in müvafiq olaraq 44.4, 47.3, 49.3 və 52-1.5-ci maddələrinə əsasən həmin cəzaları azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs;
b) cinayət törətmiş, lakin CM-in 54.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edilmiş şəxs;
c) məhkəmənin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını cəzaçəkmə müəssisəsində çəkən, yuxarı instansiya məhkəməsi tərəfindən haqqındakı hökm ləğv edilərək, işin icraatına xitam verilən və ya hökm dərişdiriləcək, haqqında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilən, şərti məhkum edilən və ya cəzanın çəkilməsi təxirə salınan şəxs;
ç) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin amnistiya aktı və ya əfv edilməsi ilə əlaqədar cəza çəkməkdən azad edildiyinə görə faktiki olaraq cəzaçəkmə müəssisəsində, o cümlədən CİM-in 66.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə yeri hesab edilən digər yerlərdə cəza çəkməmiş şəxslər və ya CM-in 80-ci maddəsinə müvafiq olaraq ittiham hökmünün icrası müddətinin keçməsi ilə əlaqədar cəza çəkməkdən azad olunan şəxs;
d) qətimkan tədbiri qismində həbsdə və ya ev dustaqlığında faktiki olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinə göndərilməyən, o cümlədən CPM-in 357.0.5-ci maddəsinə əsasən həbsdən azad edilmiş şəxs (belə şəxslər barədə hökmün nəticə hissəsində cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir və cəzanın müvafiq cəzaçəkmə müəssisəsində çəkilməsinə dair qərar çıxarılmır);
e) müvafiq hökmə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkən və ya çəkib qurtarmış, lakin həmin hökmdən əvvəl cinayət törətməsinə görə CM-in 66.5-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunan şəxs;
ə) qüvvədə olan cinayət qanunu ilə törədilməsinə görə cinayət məsuliyyətinin və cəzalandırılmanın aradan qaldırıldığı və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın nəzərdə tutulduğu əmələ görə əvvəl azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəzasını çəkmiş şəxs.
8. CM-in 56.1.4-cü maddəsinə və CİM-in 116.1-ci maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunduqda kişilərin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilir.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 12 yanvar tarixli Qərarında CM-in 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aid olan müddəa kimi şərh edildiyindən, bu hüquqi mövqeyə görə CM-in 56.1.3-cü maddəsində göstərilən hallarda, yəni xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə) və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Qalan hallarda isə (CM-in 56.2-ci maddəsinə əsasən cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilmiş qadınlar, habelə CM-in 56.1.1-ci maddəsində göstərilən – cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini ehtiva edən hal istisna olmaqla) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınlara ümumi rejimli cəzaçəkmə müəssisələri təyin edilməlidir.
10. CM-in 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi barədə qərar qəbul edildikdə buna dair məhkəmə qənaəti hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalı, həmçinin hökmün nəticə hissəsində həbsxanada çəkilməli olan cəza müddəti ilə yanaşı göstərilməlidir ki, cəzanın həmin hissəsi çəkildikdən sonra cəzanın qalan hissəsini kişi məhkumlar cinayətlərin xüsusi təhlükəli residivi zamanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində, bu hal yoxdursa – ciddi rejimli cəzaçəkmə müəssisəsində, qadın məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.
Bu zaman nəzərə almaq lazımdır ki, hökmlə və ya apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cəzasının müəyyən hissəsini həbsxanada çəkməsi müəyyən edilmiş məhkumun həbsxanada cəza çəkdiyi müddətin axımı onun həbsxanaya daxil olduğu gündən hesablanmağa başlayır. Məhkumun qətimkan tədbiri qismində həbsdə olduğu müddət CM-in 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanarkən, həmin müddət həbsxanada cəzaçəkmə müddətinə deyil, ümumi cəzaçəkmə müddətinə hesablanır.
11. CM-in 56.2-ci maddəsinə əsasən cəzasının bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilmiş şəxsin CİM-in 69-1.1-ci maddəsində nəzərdə tutulmuş halda (digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar) həbsxanadan istintaq təcridxanasına keçirildiyi müddət, CİM-in 69-1.2-ci maddəsinə əsasən bu halda istintaq təcridxanasında saxlanılma şərtləri hökmlə təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edildiyinə görə, həbsxanada cəzanın çəkilməsi müddətinə hesablanır.
Eynilə, CM-in 56.2-ci maddəsinə əsasən cəzasının bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilmiş şəxsin CİM-in 69-1.3-cü maddəsində göstərilən halda da (məhkum digər cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməli olduqda) istintaq təcridxanasında saxlanılma müddəti həbsxanada cəzanın çəkilməsi müddətinə daxil edilməlidir.
12. Nəzərə almaq lazımdır ki, CM-in 83-cü maddəsinə əsasən məhkum olunmuş şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmədən hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanır.
Məhkuma ciddi rejimli və ya xüsusi rejimli cəzaçəkmə müəssisəsi təyin edilərkən əsas olmuş bir və ya bir neçə məhkumluq cəza çəkilən zaman ödənilərsə, bu hal cəzaçəkmə müəssisənin növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, CİM-in 114 və 116-cı maddələrinə müvafiq olaraq ciddi və ya xüsusi rejimli cəzaçəkmə müəssisələrində residivə, təhlükəli residivə və ya xüsusilə təhlükəli residivə görə məhkum edilmiş şəxslər saxlanılırlar.
13. CM-in 18.4-cü maddəsinə müvafiq olaraq CM-in 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada ödənilmiş və ya götürülmüş məhkumluqlar, həmçinin həmin Məcəllənin 81.2 və 82.4-cü maddələrinə müvafiq olaraq amnistiya aktı ilə və ya əfvetmə qaydasında götürülmüş məhkumluq cinayətlərin residivin müəyyən edilməsi zamanı nəzərə alınmır və bu səbəbdən ciddi və ya xüsusi rejimli cəzaçəkmə müəssisəsinin təyin edilməsi üçün əsas ola bilməz.
14. Hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-in 55.1-ci maddəsi), məhkəmə CM-in 85.5-ci maddəsinə müvafiq olaraq ona ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir.
Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi CM-in 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir.
Cinayətlərin məcmusuna daxil olan cinayətlərin bir qisminin yetkinlik yaşına çatmayan dövrdə, digərlərinin yetkinlik yaşına çatdıqdan sonra törədilməsi ilə əlaqədar şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri təyin edilərkən hazırkı qərarın 4-cü bəndində verilmiş izahlar nəzərə alınmalıdır.
15. 18 yaşına çatmış lakin CİM-in 128.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən tərbiyə müəssisəsində saxlanılmış məhkum cəzanın icrası qaydalarını pozduqda, CİM-in 129-cu maddəsinə müvafiq olaraq tərbiyə müəssisəsinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.
Məhkəmə 18 yaşına çatmış və cəzanın icrası qaydalarını pozan məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsini həll edərkən təqdimatın verilməsinə səbəb olmuş hallarla yanaşı, tərbiyə müəssisəsində cəza çəkilən müddətdə məhkumun davranışını və onu xarakterizə edən digər halları, tərbiyə müəssisəsində saxlanılan başqa yetkinlik yaşına çatmamış məhkumlara təsirini araşdırmalıdır.
Məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi CPM-in 514 və 520-ci maddələrində nəzərdə tutulmuş qaydada cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.
16. Məhkəmə CM-in 79-cu maddəsinə əsasən ittiham hökmü çıxararkən hamilə qadınlara və ya on dörd yaşına qədər uşağı olan qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin uşaq on dörd yaşına çatanadək təxirə salınması barədə qərar qəbul etdikdə, CM-in 79.2-ci maddəsinin mənasına görə hökmün nəticə hissəsində CM-in 56-cı maddəsinə müvafiq olaraq cəzaçəkmə müəssisəsinin növünü təyin etməlidir.
Belə ki, CM-in 79.2-ci maddəsi məhkəmə tərəfindən bu normada göstərilən hallara görə məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında cəzaçəkmənin təxirə salınması ləğv edildikdə, məhkumun cəzanı çəkmək üçün məhz hökmlə müəyyən olunmuş yerə göndərilməsini nəzərdə tutur.
17. Qeyd olunmalıdır ki, hökm çıxarılarkən CM-in 79-cu maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salındığı haldan fərqli olaraq, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxsin sınaq müddəti ərzində yeni qəsdən və ya ehtiyatsızlıqdan cinayət törətməsi ilə əlaqədar məhkəmə CM-in 71.4 və 71.5-ci maddələrinə əsasən şərti məhkum etməni ləğv edib CM-in 67-ci maddəsinə əsasən cəza təyin edərkən, hökmlərin məcmusu qaydasında təyin olunmuş qəti cəzaya münasibətdə cəzaçəkmə müəssisəsinin növünü CM-in 15-ci maddəsində təsbit edilmiş cinayətlərin təsnifatını nəzərə almaqla, CM-in 56-cı maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə və ya yeni törədilmiş cinayət xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin olunmalıdır.
Şərti məhkum edilmiş şəxsin sınaq müddəti ərzində onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırması ilə əlaqədar məhkəmə CM-in 71.3-cü maddəsinə müvafiq olaraq şərti məhkum etməni ləğv edərək hökmlə təyin edilmiş cəzanın icra olunması haqqında qərar çıxardıqda, CM-in 15 və 56-cı maddələrinin müəyyən etdiyi qaydalara uyğun olaraq həmin qərarda məhkumun cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növünü təyin etməlidir.
Ehtiyatsızlıqdan cinayət törətməyə görə azadlıqdan məhrum etməyə şərti məhkum edilmiş şəxs məhkumluğunun ödənilmədiyi dövrdə qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətməsi ilə əlaqədar sonuncu cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, CM-in 67.1 və 71.5-ci maddələrinə əsasən hökmlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri olaraq qanunla ilk dəfə qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsinin növü təyin edilməlidir.
18. Məhkəmə cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzalarının CM-in 44.4, 47.3, 49.3 və 52-1.5-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul etdikdə, qərarın nəticə hissəsində bu cəzanın CM-in 56.1.1-ci maddəsində göstərilən əsaslar olduqda – məntəqə tipli cəzaçəkmə müəssisəsində, qalan hallarda isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini təyin etməlidir.
19. İşə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cəzaçəkmə müəssisəsinin növünün düzgün təyin edilib-edilməməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də, yoxlamalı, yoxlamanın nəticələrinə görə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında əksini tapmış hüquqi mövqeləri nəzərə almalıdır.
Belə ki, apellyasiya icraatı məhkumun və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə məhkumun xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsinin növünə aid hissədə məhkumun vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin hökmünü dəyişdirə bilər.
Apellyasiya icraatı mahiyyətcə məhkumun ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü məhkumun vəziyyətini cəzaçəkmə müəssisəsinin növünü ağırlaşdırmaqla da dəyişdirə bilər. Lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər.
İşə baxan kassasiya instansiyası məhkəməsi isə məhkuma cəzaçəkmə müəssisəsinin növünün düzgün təyin edilmədiyini müəyyən etdikdə, yalnız cəzaçəkmə müəssisəsinin növünə aid hissədə məhkumun vəziyyətini yaxşılaşdırdığı halda məhkəmənin hökmünü və ya qərarını dəyişdirə bilər.
20. Bu Qərarın qəbul edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 2002-ci il 28 iyun tarixli 2 nömrəli, eləcə də “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 2002-ci il 28 iyun tarixli 2 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2012-ci il 17 fevral tarixli 1 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 4 iyul 2025-ci il