AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 mart 1999-cu il № 47
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin
1. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (bundan sonra Mərkəz adlandırılacaq) Azərbaycan Respublikası ərazisində seysmik müşahidələr, seysmik təhlükənin proqnozlaşdırılması, seysmik rayonlaşdırma və mikrorayonlaşdırma işləri aparan dövlət təşkilatıdır.
2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərar və sərəncamlarını, seysmologiya sahəsində Azərbaycan Respublikası tərəfindən imzalanmış beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Mərkəzin əsas funksiyaları aşağıdakılardır:
3.1. Azərbaycan Respublikası ərazisində və ona bitişik regionlarda baş vermiş zəlzələləri fasiləsiz qeydiyyata almaq və onların parametrlərinin təyin edilməsi məqsədi ilə seysmoloji müşahidələr aparmaq;
3.2. Azərbaycan Respublikası ərazisində baş vermiş güclü zəlzələlərin episentral zonalarında müvəqqəti seysmik və geofiziki stansiyaların işinin, digər müşahidə formalarının tətbiqini təmin etmək;
3.3. seysmoloji müşahidə sisteminin işinin səmərəliliyinin yüksəldilməsi sahəsində ardıcıl iş aparmaq və bu sahədə elmi-texniki siyasəti həyata keçirmək.
4. Mərkəz ona həvalə edilmiş funksiyalara əsasən aşağıdakı vəzifələri yerinə yetirir:
4.1. tədqiqat aparılan seysmoaktiv zonalarda kompleks proqnozlaşdırma poliqonlarını yaradır və inkişaf etdirir;
4.2. zəlzələlərin proqnozlaşdırılması üçün müşahidələrin avtomatlaşdırılması məqsədilə yeni metod və texniki vasitələri tətbiq edir;
4.3. respublika ərazisində baş vermiş zəlzələlərin illik kataloq və bülletenlərini tərtib edir, seysmoloji və geofiziki məlumatlar fondunu aparır;
4.4. seysmik rayonlaşdırma və mikrorayonlaşdırma işlərini aparır, seysmoloji ekspertizanı həyata keçirir;
4.5. seysmologiya sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, həmçinin beynəlxalq seysmoloji təşkilatlarla baş vermiş zəlzələlər haqda məlumat mübadiləsi aparır;
4.6. respublika ərazisində və onunla həmsərhəd olan ölkələrdə baş vermiş hiss olunan və güclü zəlzələlər haqqında aidiyyatı olan dövlət orqanlarını təcili məlumatlandırır, bu barədə məlumatları mediada dərc etməklə (yayımlamaqla) ölkə əhalisinə çatdırır;
4.7. Mərkəzin fəaliyyətinin təmin olunması üçün tələb olunan xərclər barədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilmək üçün təkliflər hazırlayır və təqdim edir.
5. Mərkəzin aşağıdakı hüquqları vardır:
5.1. Texnogen amillərin zəlzələlərin baş vermə intensivliyinə təsirinin artması ilə əlaqədar, Azərbaycan Respublikası ərazisində iri sənaye və mülki obyektlər tikilərkən qruntlarda seysmodayanıqlıq nöqteyi-nəzərindən ekspertiza aparmaq və rəy vermək;
5.2. Mərkəzin fəaliyyətinə aid məsələlər üzrə bütün təşkilatlarda, o cümlədən məhkəmə orqanlarında nümayəndəliyi həyata keçirmək;
5.3. Mərkəzə aid məsələlər üzrə respublikada fəaliyyət göstərən təşkilatlarla, o cümlədən xarici təşkilatlarla müəyyən edilmiş qaydada müqavilələr və razılaşmalar bağlamaq;
5.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcədənkənar vəsaitlər əldə etmək.
6. Mərkəzin idarə edilməsi aşağıdakı qaydada təşkil edilir:
6.1. Mərkəzin işçilərinin say həddi, onların əmək haqqı fondu, Mərkəzin xərc smetası Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilir;
6.2. Mərkəzə baş direktor rəhbərlik edir;
6.3. Mərkəzin baş direktoru Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunur;
6.4. Mərkəzin baş direktorunun müavinləri baş direktor tərəfindən vəzifəyə edilir və vəzifədən azad olunur;
6.5. Mərkəzin baş direktoru;
6.5.1. direktor müavinləri arasında iş bölgüsü aparır, Mərkəzin tərkibindəki struktur bölmələri haqqında əsasnamələri təsdiq edir.
6.5.2. Mərkəzin işçilərinin ştat cədvəlini təsdiq edir və təsdiq edilmiş say həddi daxilində tərkibində struktur bölmələri yaradır, yenidən təşkil edir və lazım gəldikdə ləğv edir;
6.5.3. Mərkəz üzrə əmr, tapşırıq və göstərişlər verir.
7. Mərkəzin səlahiyyətlərinə daxil olan mühüm problemlərin öyrənilməsi və lazımi tövsiyələrin hazırlanması məqsədilə onun nəzdində elmi-texniki şura yaradılır. Elmi-texniki şuranın tərkibi və əsasnaməsi Mərkəzin baş direktoru tərəfindən təsdiq olunur.
8. Mərkəz dövlət büdcəsindən maliyyələşdirilən hüquqi şəxsdir və üzərində özünün adı yazılmış möhürə malikdir.
1. 31 avqust 2012-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №08, maddə 836)
2. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223)
3. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)