Qanunvericilik › Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri

Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

3.0.1. silahlı münaqişələrin qurbanlarına yardım göstərilməsi ilə bağlı Cenevrə Konvensiyalarından irəli gələn fəaliyyəti həyata keçirmək;

3.0.2. humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək;

3.0.3. Cəmiyyətin tərkib hissəsi olan qeyri-dövlət təcili yardım xidmətini təşkil etmək, silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər üçün düşərgələrin fəaliyyətini təmin etmək, fövqəladə hallarda əhaliyə ödənişsiz zəruri tibbi və sosial yardım göstərmək;

3.0.4. silahlı münaqişələr və fövqəladə hallar zamanı yaralanmış, xəstələnmiş və ya həlak olmuş şəxslərin axtarışını həyata keçirmək, həlak olanların dəfn edildiyi yerləri müəyyən etmək, bu sahədə dövlət və yerli özünüidarə orqanlarına kömək göstərmək;

3.0.5. Cəmiyyətin tərkib hissəsi olan qeyri-dövlət axtarış xidmətini təşkil etmək, əsir və itkin düşmüş şəxslərin axtarışını aparmaq, silahlı münaqişələr və fövqəladə hallar nəticəsində bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqə qurulmasına və (və ya) onların birləşməsinə kömək etmək;

3.0.6. təxliyə olunmuş əhalinin qəbul edilməsi, yerləşdirilməsi, daşınması və onlara tibbi və sosial yardım göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına kömək göstərmək;

3.0.7. əhalinin, xüsusən gənclərin ilk tibbi yardım göstərilməsi üzrə təliminin təşkilində və həyata keçirilməsində iştirak etmək, silahlı münaqişələr və fövqəladə hallar zamanı könüllü fəaliyyət üçün tibb bacıları, tibb qardaşları və tibb təlimatçıları hazırlamaq;

3.0.8. xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri və beynəlxalq təşkilatlar tərəfindən Cəmiyyətə göndərilən beynəlxalq humanitar yardımların Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə çatdırılmasını təşkil etmək;

3.0.9. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanmasını həyata keçirmək və bu yardımların Azərbaycan Respublikasının ərazisində yardıma ehtiyacı olanlara paylanmasını təşkil etmək;

3.0.10. Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə hüquqi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, peşə vərdişlərinin aşılanması və ya peşə bacarığının artırılması və digər proqramları həyata keçirmək;

3.0.11. əhalinin sağlamlığının qorunması, o cümlədən xəstəlik və epidemiyaların qarşısının alınması ilə bağlı proqramları həyata keçirmək, bu sahədə dövlət orqanları, müəssisə və təşkilatlarla əməkdaşlıq etmək;

3.0.12. qan və onun komponentlərinin donorluğunun inkişafına dair milli və yerli (regional) proqramların həyata keçirilməsində və bu proqramlara əhalinin cəlb olunmasında tibb müəssisələrinə kömək etmək;

3.0.13. Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək;

3.0.14. silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər haqqında məlumatları almaq, onların uçotunu aparmaq və müvafiq dövlət orqanlarına və ya təşkilatlara təqdim etmək;

3.0.15. əhali, xüsusən uşaqlar və gənclər arasında beynəlxalq humanitar hüququ və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini təbliğ etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver