Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. üçüncü abzasda “Cinayət Məcəlləsinin” sözləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM)” sözləri ilə əvəz edilsin;
1.2. dördüncü abzasda “Cinayət Məcəlləsinin” sözləri “CM-in” sözü ilə əvəz edilsin.
2. 1-ci bəndin ikinci abzasının birinci cümləsində “CPM-nin” sözü “Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM)” sözləri ilə əvəz edilsin.
3.1. birinci abzasın ikinci cümləsində “niyyəti” sözü “qəsdi” sözü ilə əvəz edilsin və həmin cümlədən “Azərbaycan Respublikası” sözləri çıxarılsın;
3.2. ikinci abzasda “niyyətinin” sözü “qəsdinin” sözü ilə əvəz edilsin.
4. 4-cü bənddə hər iki halda “Azərbaycan Respublikası CM-nin” sözləri “CM-in” sözü ilə əvəz edilsin.
5. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5. Qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir.
Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun.
Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.
Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir.
Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların – təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır.
Şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan və yaxud anlaqlılığı istisna edən psixi xəstəliyi səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsdən istifadə etməklə (onlar vasitəsilə) qəsdən adam öldürmə cinayətini törətdikdə, o, CM-in 32.2-ci maddəsinə əsasən, cinayətin icraçısı hesab edilir və bu halda, eləcə də qeyd edilən məsuliyyətə cəlb edilə bilməyən şəxslərin köməyindən hər hansı başqa şəkildə istifadə olunmaqla qəsdən adam öldürmə cinayəti törədildikdə, hətta cinayətin icraçısı yanlışlıqla bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilə bilən şəxs olduqlarını zənn etdiyi hallarda belə, əməl bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət kimi CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. Çünki iştirakçılıqla törədilən cinayətlər üçün zəruri şərt olaraq yalnız zahiri cəhətdən deyil, həm də psixi aspektdə birgəlik, yəni cinayətin törədilməsi üçün səylərin birləşdirilməsinin (bunun ictimai təhlükəli xarakterinin) cinayətin törədilməsinə cəlb olunan bütün şəxslər tərəfindən (yalnız icraçı tərəfindən deyil) dərk edilməsi tələb olunur. Lakin qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin 14 yaş olaraq müəyyən edilməsi və anlaqsız şəxslərin cinayət məsuliyyətinin istisna edilməsi məhz ondan irəli gəlir ki, bu yaşa çatmayan, eləcə də anlaqsız hesab edilmiş şəxslər öz əməllərinin ictimai təhlükəli xarakterini, o cümlədən hərəkətlərinin (hərəkətsizliyin) ictimai təhlükəli əmələ töhfə verən xarakterdə olmasını (cinayətin törədilməsi üçün səylərin birləşdirilməsini) dərk etmirlər. Qeyd olunan hal isə birgəliyin mövcud olmadığını göstərir və təqsirkarın cinayət məsuliyyətinə cəlb edilə bilməyən başqa şəxsləri cəlb etməklə törətdiyi cinayətin CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir.
Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-in 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
Cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qəsdən adam öldürmə cinayəti törədildikdə bu cinayətin iştirakçılarının əməlləri CM-in 120.2.1-ci maddəsi ilə yanaşı, 218-ci maddəsi ilə də tövsif edilməlidir.”.
6.1. ikinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır.”;
6.2. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır.”.
7.1. birinci abzasda “və ictimai borcunu yerinə yetirməsi ilə” sözləri “və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Odur ki, qəsdən adam öldürmə istər zərərçəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır.”;
7.2. üçüncü abzasda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin.
8.1. birinci abzasın ikinci cümləsində “təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir” sözləri “təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir.”;
8.2. üçüncü abzasın ikinci cümləsində “öldürmə barədəki” sözləri “öldürməni nəzərdə tutan” sözləri ilə əvəz edilsin;
8.3. altıncı abzasın ikinci cümləsində “121.2.4-cü” sözləri “120.2.4-cü” sözləri ilə əvəz edilsin;
8.4. yeddinci abzas müvafiq olaraq səkkizinci abzas hesab olunsun və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Qəsdən adam öldürmə cinayətləri zamanı xarakterinə görə bir neçə şəxsi həyatdan məhrum etmə xüsusiyyətinə malik olan yandırmaq, partlatmaq, zəhərləmək, dağıtmaq, qəzalar törətmək və sairə bu kimi üsul və vasitələrdən istifadə edilsə də, qəsdin yönəldiyi şəxsdən əlavə digər şəxsin həyat və sağlamlığı üçün real təhlükə istisna edilməklə bərabər, bu xüsusat təqsirkar tərəfindən dərk olunduqda, yalnız seçilmiş üsula görə əməl ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilməz. Məsələn, təqsirkar özündən və zərərçəkmiş şəxsdən başqa heç kimin olmadığı dərin xəndəyin içərisində, bu hal ona aşkar surətdə məlum olduğu vəziyyətdə odlu silahdan avtomatik rejimdə atəş açmaqla zərərçəkmişi qəsdən öldürürsə, digər şəxsin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olmadığından əməlin ümumi təhlükəli üsulla törədilməsi əlaməti üzrə tövsif olunması üçün də əsas yaranmır.”.
9.1. birinci abzasda “(120.2.5-ci maddə)” sözləri “(CM-in 120.2.5-ci maddəsi)” sözləri ilə əvəz edilsin;
9.2. dördüncü abzasda “126.2.5-ci” sözləri “120.2.5-ci” sözləri ilə əvəz edilsin.
10.1. üçüncü abzasda “Cinayət Məcəlləsinin” sözləri “CM-in” sözü ilə əvəz edilsin;
10.2. dördüncü abzasda “təqsirkar” sözündən sonra “, eyni zamanda” sözləri əlavə edilsin;
10.3. üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə, eyni zamanda CM-in 120.2-ci maddəsində təsbit edilən başqa məqsədlə törədilən əməllər kimi qiymətləndirilə bilməz.”;
10.4. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlər cinayətini törədən bir qrup və ya qabaqcadan əlbir olan bir qrupa, mütəşəkkil dəstəyə, cinayətkar birliyə (təşkilata) kişilərlə yanaşı, qadın da daxil olduqda, sonuncunun əməlinə də CM-in 149- cu və ya 150-ci maddəsi ilə yanaşı, CM-in 120.2.6-cı maddəsi, eləcə də CM-in 120.2.1-ci maddəsi şamil olunmalıdır.”.
11. 11-14-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“11. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun.
Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli CM-in 120.1 yaxud 120.2-ci və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməlidir.
Vahid qəsdlə əhatə olunmayaraq ayrı-ayrı vaxtlarda törədilən və yaxud birinci şəxsin həyatdan məhrum edilməsindən bilavasitə sonra (hətta eyni məkanda belə) yaranan (müstəqil) qəsdlə digər şəxsin qəsdən öldürülməsi CM-in 120.2.7-ci maddəsində göstərilən cinayətin deyil, 120.2.10-cu maddəsində nəzərdə tutulmuş təkrar adam öldürmə cinayətinin tərkibini yaradır.
Nəzərə almaq lazımdır ki, CM-in 17-ci maddəsinin mənasına görə əməlin iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə tövsif edilməsi, eyni zamanda hər bir əməlin ayrı-ayrılıqda, yəni cinayətlərin məcmusu kimi tövsif olunmasını və cəzalandırılmasını istisna edir, lakin hər bir əməli müşayiət edən müxtəlif tövsifedici əlamətlər olduqda, o cümlədən əməllərin hər biri müxtəlif niyyət və ya məqsədlə müşayiət olunduqda, CM-in 120.2-ci maddəsində onları nəzərdə tutan müvafiq əlamətlər təqsirkarın əməlinə şamil edilməlidir.
Əgər iki və ya daha çox şəxsin qəsdən öldürülməsi məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşmiş təqsirkarlardan hər biri razılaşmaya (rolların bölüşdürülməsinə) uyğun olaraq zərərçəkmiş şəxslərdən birini öldürdükdə, digərinin (digərlərinin) həyatdan məhrum edilməsində isə bilavasitə iştirak etmədikdə, bütün təqsirkarların əməlləri CM-in 120.2.1-ci maddəsi ilə yanaşı, iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə CM-in 120.2.7-ci maddəsi ilə tövsif olunmalıdır.
12. Əməlin CM-in 120.2.8-ci maddəsi ilə tövsif edilməsi üçün işdə zərərçəkmiş şəxsin hamiləliyinin təqsirkara aşkar surətdə bəlli olması barədə məlumatların (qadının xarici əlamətləri, digər məlumatlar) olması zəruridir. Bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı təsiri ola bilməz.
Təqsirkarın qadını hamilə bilərək onu qəsdən öldürdükdən sonra zərərçəkmişin əslində hamilə olmadığı aşkar edildikdə, bu əməl niyyətə görə, yəni CM-in 120.2.8-ci maddəsi ilə deyil, baş vermiş nəticəyə görə və əməldə CM-in 120.2-ci maddəsində təsbit edilmiş başqa tövsifedici əlamətlərin olub-olmaması nəzərə alınmaqla tövsif edilməlidir. Cinayət faktiki olaraq cinayətə cəhd və ya cinayətə hazırlıq mərhələsində başa çatdırılmamış qaldıqda da məsələyə eyni mövqedən yanaşılmalı və qadın hamilə olmamaqla yanaşı, başqa tövsifedici əlamətlər də müəyyən edilməyibsə, cinayətə cəhd etmə - CM-in 29, 120.1-ci maddələri, cinayətə hazırlıq isə CM-in 28, 120.1-ci maddələri ilə tövsif olunmalıdır.
Yanlışlıqla hamilə olmayan qadını hamilə bilərək qəsdən öldürmüş şəxsin əməlində CM-in 120.2-ci maddəsində nəzərdə tutulmuş digər tövsifedici əlamətlərdən hər hansı biri olarsa, bu əlamətin mövcudluğu təqsirkarın əməlinin həmin əlamət üzrə tövsif edilməsini şərtləndirməklə artıq belə tövsiflə müqayisədə əməlin daha yüngül məsuliyyətə səbəb olan CM-in 120.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir. Belə hallarda əməl ayrıca olaraq CM-in 120.2.8-ci maddəsi (eynilə - 29, 120.2.8-ci maddələri) ilə tövsif olunmamalıdır.
13. CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür.
Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır.
Zərərçəkmiş şəxsi öldürmək məqsədilə və yaxud bu məqsədinin realizə edilməsini asanlaşdırmaq üçün təqsirkar özü onu qeyd edilən vəziyyətlərə saldıqda, məsələn, zəhərlədikdə, ağır sərxoşluq vəziyyətinə, huşsuz hala gətirdikdə və yaxud zərərçəkmiş şəxsin gözləmədiyi halda (məsələn, pusqudan) hücum edərək və ya zərərçəkmişin əl-ayağını bağladıqdan sonra onu həyatdan məhrum etdikdə, burada həmin hərəkət təqsirkarın zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsi üzrə əməlinin (cinayətin obyektiv cəhətini təşkil edən hərəkətin) tərkib elementi kimi çıxış etdiyindən, əməlin CM-in 120.2.9-cu maddəsində nəzərdə tutulmuş köməksiz vəziyyətdən istifadə etmə əlaməti üzrə tövsif edilməsi üçün əsas yaranmır.
Adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə də CM-in 120.2.9-cu maddəsi ilə tövsif edilməlidir. Bu zaman təqsirkar cinayətlərin məcmusu üzrə, yəni həm CM-in 120.2.9-cu maddəsi ilə, həm də 144 və ya 215-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mənasına görə burada cinayətin obyekti təkcə oğurlanan və ya girov götürülən şəxsin (şəxslərin) həyatı deyil, həm də bu cinayət hadisəsinin törədilməsi ilə bağlı başqa şəxsin (şəxslərin) həyatı da ola bilər.
14. Təkrar qəsdən adam öldürmə (CM-in 120.2.10-cu maddəsi) cinayətində iki və ya daha çox şəxsi öldürmə təqsirkarın vahid qəsdi ilə əhatə olunmur, onların heç birinə görə təqsirkar şəxs məhkum edilməmiş olur və bir qayda olaraq əməllər ayrı-ayrı vaxtlarda müstəqil cinayətlər şəklində törədilir. Bu zaman təqsirkarın törətdiyi cinayətlərin başa çatmış cinayət və yaxud cinayətə hazırlıq və ya cinayətə cəhd olması, cinayətlərin icraçısı olması, yaxud cinayətlərin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etməsi, eləcə də bu əməllərin hansı ardıcıllıqla törədilməsi, yəni əvvəlki qəsdən adam öldürmə cinayətinin başa çatmayan əməl olması, sonrakı cinayətin isə başa çatdırılması və ya əksinə olması əhəmiyyət kəsb etmir.
Qanunun mənasına görə qəsdən adam öldürmə cinayəti soyqırım, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmədən (CM-in 103, 277 və 287-ci maddələri) sonra baş verdikdə bu əməl CM-in 120.2.10-cu maddəsi ilə tövsif edilməlidir. Belə əməllərin ananın yeni doğduğu uşağı qəsdən öldürməsi, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə, zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə, evtanaziya (CM-in 121, 122, 123 və 135-ci maddələri) cinayətlərindən sonra törədilməsi isə CM-in 120.2.10-cu maddəsinin tərkibini təşkil etmir.
Təqsirkar şəxsin törətdiyi qəsdən adam öldürmə cinayəti təkrar adam öldürmə kimi tövsif edilərkən onun məhkum olunduğu, məhkumluğunun götürüldüyü və ya ödənildiyi, yaxud cinayət məsuliyyətindən azad edildiyi qəsdən adam öldürmə cinayət hadisələri nəzərə alınmır.
Təqsirkar şəxsin əvvəllər törətdiyi qəsdən adam öldürmə və ya bu cinayətə hazırlıq, yaxud bu cinayətə cəhdə görə birinci əməli müstəqil tövsif olunmalı, sonuncu əməl isə onun başa çatıb-çatmamasından asılı olaraq CM-in 120.2.10 və ya 29, 120.2.10-cu maddələri ilə tövsif edilməlidir.
Əgər məhkəmə baxışında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təsvir olunan faktiki halların (hər hansı bir və ya əhəmiyyətli dəyişikliyə uğramadan) hüquqi qiymətləndirilməsinin CM-in 120.2-ci maddəsində göstərilən bir tövsifedici əlamətdən başqa tövsifedici əlamətə dəyişdirilməsi üçün əsas yaranarsa və yaxud ittihamı bu şəkildə dəyişmək zərurəti ittihamda təsvir edilən faktiki halların daralmasından, yəni faktiki məzmun baxımından ittihamın yüngülləşməsindən irəli gələrsə, məhkəmə CPM-in 318.1-ci maddəsinin tələbinə və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 37-ci bəndinin müddəalarına əməl etməklə təqsirkarın əməlini CM-in 120.2-ci maddəsində təsbit edilən bir tövsifedici əlamətdən digərinə, o cümlədən CM-in 120.2.7-ci maddəsindən 120.2.10-cu maddəsinə və əksinə tövsif edə bilər.”.
12. 21-ci bəndin ikinci abzası müvafiq olaraq üçüncü abzas hesab olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Nəzərə alınmalıdır ki, şəxsin CM-in 120-ci maddəsi ilə təqsirli bilinməsi onun insanın ölümü kimi ağır nəticənin əməlin hüquqi tövsifində nəzərə alınmasını ehtiva etdiyindən, CM-in 61.2-ci maddəsinin tələbinə görə həmin hal CM-in 61.1.2-ci maddəsində təsbit edilmiş cəzanı ağırlaşdıran hal (cinayətin ağır nəticələrə səbəb olması) kimi qiymətləndirilə bilməz. Eynilə CM-in 61.2-ci maddəsi odlu silahdan və ya partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş şəxslərə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin CM-in 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edir.”.
13. 22-ci bənddə “2N-li qərarı” sözləri “2 nömrəli Qərarı” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 20 dekabr 2024-cü il