Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası R.U.Məmmədovun sədrliyi, kollegiya üzvləri Z.Hüseynov, B.Əsədov və Ə.Rüstəmovun iştirakı G.Məmmədovun katibliyi ilə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Şakir Çərkəz oğlu Ələsgərovun barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 15 iyul 2002-ci il tarixli qərarı əsasında başlanılmış intizam icraatına dair işə baxaraq
Respublika Əmanət Bankının İmişli rayon şöbəsinin sabiq müdiri Gülalıyev Elşən Müseyib oğlu və qeyriləri (11 nəfər) barəsində olan cinayət işinə hakim Şakir Ələsgərovun sədrliyi ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılmış və 10 sentyabr 2001-ci il tarixdə iş üzrə hökm çıxarılmışdır.
Həmin hökmlə Gülalıyev Elşən Müseyib oğlu və qeyriləri külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirli bilinərək şərti cəzaya məhkum edilmişlər. Eyni zamanda dövlətdən 171.115.632 manat alınıb, həmin məbləğin 159.945.632 manatının E.M.Gülalıyevə, 11.170.000 manatının isə zərərçəkmiş şəxs M.D.Bəylərova qaytarılması qət edilmişdir.
Birləşmiş Universal Səhmdar Bankı bu barədə məlumat alan kimi hökmün mülki iddiaya dair hissəsindən apellyasiya şikayəti yazaraq onu hakim Şakir Ələsgərova təqdim etmişdir.
Lakin, hakim Şakir Ələsgərov 20 noyabr 2001-ci il tarixli məktubla apellyasiya şikayətini geri qaytarmış, məktubda göstərilmişdir ki, «iş üzrə mülki iddiaçı olmadığınızdan Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsinə əsasən hökmdən apellyasiya şikayəti vermək hüququnuz yoxdur».
Müəyyən edilmişdir ki, Birləşmiş Universal Səhmdar Bankının mülki iddiaçı olmaması barədə hakimin məktubunda göstərilənlər tamamilə əsassızdır.
Apellyasiya şikayətində göstərildiyi kimi Birləşmiş Universal Səhmdar Bankı Nazirlər Kabinetinin 21 fevral 2001-ci il tarixli 40-S nömrəli sərəncamı ilə 3 Bankın — Aqrar Sənaye, Sənaye İnvestisiya və Əmanət Bankının sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına yaradılmış dövlət bankıdır. Beləliklə də, Birləşmiş Universal Səhmdar Bankı Əmanət Bankın hüquqi varisidir.
Hökmdən göründüyü kimi Əmanət Bankının işçisi Y.N.Əliyev məhkəmə prosesində mülki iddiaçı qismində iştirak etmişdir. Yəni Əmanət Bankı iş üzrə mülki iddiaçı kimi tanınmışdır.
Birləşmiş Universal Səhmdar Bankı şikayətində göstərmişdir ki, məhkum Elşən Gülalıyev tərəfindən vurulmuş maddi ziyanın nağd yolla tam ödənilməsi barədəki məlumat həqiqətə uyğun deyil, ödənilməsi güman edilən pul dövlətin bankına daxil olmamış, bu barədə verilmiş sənəd saxtadır və həmin saxta sənədi vermiş şəxslər barəsində hazırda Respublika Prokurorluğunda istintaq aparılır.
Şərh olunanlardan göründüyü kimi dövlət mənafeyinə mühüm maddi ziyan vurulması, dövlətdən əsassız olaraq 171.115.632 manat alınaraq məhkumlara qaytarılması barədə işdə məlumatlar olduğu halda, apellyasiya şikayətinin qəbul edilməməsi üzündən bu məlumatlar yoxlanılmadan qalmış, bununla da Birləşmiş Universal Səhmdar Bankının qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur. Azərbaycan Respublikası Birləşmiş Universal Səhmdar Bankı hakim Şakir Ələsgərov tərəfindən apellyasiya şikayətlərinin qəbul olunmaması barədə bilavasitə Azərbaycan Respublikasının Apellyasiya məhkəməsinə 2 dəfə müraciət etmişdir.
Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrar edərək apellyasiya şikayətini 4 fevral və 23 mart 2002-ci il tarixli məktublarla 2 dəfə geri qaytarmışdır.
Hakim Şakir Ələsgərov apellyasiya şikayətini məktubla geri qaytarmaqla Azərbaycan Respublikası CPM-nin 391.5-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur.
Yuxarıda göstərilən maddənin tələbinə görə o, şikayəti qəbul etməkdən imtina etmək barədə qərar çıxarmalı, həmin qərardan şikayət vermək qaydasını şikayətçiyə izah etməli idi. O, bunları etməmiş, beləliklə də, Birləşmiş Universal Səhmdar Bankını faktiki olaraq apellyasiya qaydasında şikayət vermək imkanından məhrum etmişdir.
Beləliklə də, hökmün mülki iddiaya dair hissəsinə apellyasiya qaydasında baxılması uzun müddət süründürülmüşdür.
Hakim Şakir Ələsgərov İntizam kollegiyasında verdiyi izahatında yenə CPM-nin 383-cü maddəsinə istinad edərək, Birləşmiş Universal Səhmdar Bankın bu iş üzrə şikayət vermək hüququ olmadığını göstərdi.
Lakin intizam kollegiyası bunu əsassız hesab edir.
Hal-hazırda həmin cinayət işi üzrə BUS Bankın apellyasiya şikayəti qəbul olunmuş və şikayət apellyasiya baxışına təyin edilmişdir.
İntizam kollegiyası hesab edir ki, hakim Şakir Ələsgərov kobud qanun pozuntusuna həmin qanun normasının mənasını düzgün başa düşməməsi ilə əlaqədar yol vermişdir. Onun barəsində intizam tənbehi seçilərkən bu hal nəzərə alınır.
Şərh edilənlərə əsasən intizam kollegiyası hakim Ş.Ələsgərovun barəsində intizam icraatının başlanmasını düzgün hesab edir.
Göstərilənlərə əsasən və «Məhkəmələr və hakimlər haqqında» Qanunun 111 və 112-ci maddələrini rəhbər tutaraq intizam kollegiyası
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ələsgərov Şakir Çərkəz oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona işdə yol verdiyi kobud qanun pozuntusuna görə irad tutulsun.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 11 sentyabr 2002-ci il