Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası R.U.Məmmədovun sədrliyi, kollegiya üzvləri Ə.M.Rüstəmov, B.H.Əsədov və İ.M.Nağıyevin iştirakı ilə S.S.Salahovun katibliyi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi İsgəndər Vəli oğlu Qasımovun barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin «1» may 2001-ci il tarixli qərarı əsasında başlanılmış intizam icraatına dair işə baxaraq
Bakı şəhəri, Xətai rayon məhkəməsinin hakimi İ.Qasımovun 2001-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilən Mərdanov Tahir Mərdan oğlunun işi üzrə istintaq müddətinin uzadılmasına dair Bakı şəhər prokuroru Ə.Mirsalamlının 2000-ci il 25 oktyabr, Azərbaycan Respublikası baş prokurorunun 1-ci müavini R.Rzayevin 2001-ci il 8 yanvar tarixli qərarları, eləcə də işin Bakı şəhəri BPİ-nin İstintaq İdarəsindən alınaraq Xətai rayon polis idarəsinin istintaq şöbəsinə verilməsinə dair Bakı şəhər prokurorunun 1-ci müavini S.Məmmədlinin məktubu ləğv edilərək iş üzrə toplanmış 4 cilddən ibarət sübutlar etibarsız hesab edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin 2001-ci il 2 mart tarixli qərarı ilə Xətai rayon məhkəməsinin hakimi İ.Qasımovun həmin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2001-ci il 10 aprel tarixli qərarı ilə hakim İ.Qasımovun və Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qərarları ləğv olunmuş, iş üzrə aparılmış istintaq hərəkətləri düzgün hesab edilmiş və şikayət üzrə işin icraatına xitam verilmişdir.
Məhkəmə kollegiyası müəyyən etmişdir ki, bu işə baxılarkən rayon məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən ciddi prosessual qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyası 10 aprel 2001-ci il tarixdə hakim İ.V.Qasımovun barəsində xüsusi qərar çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri 01 may 2001-ci il tarixdə hakim İ.V.Qasımov haqqında intizam icraatı başlamışdır.
Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Xətai rayon məhkəməsində plan üzrə icra və əmək intizamına əməl olunması vəziyyətini öyrənərkən hakim İ.V.Qasımov tərəfindən icra və əmək intizamının ciddi pozulması faktlarını aşkar etmişdir. Bu barədə rəsmi tərtib olunmuş arayış da Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyasına təqdim edilmişdir.
Hakim İ.V.Qasımov intizam icraatının materialları, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş arayışla tanış olub, yazılı izahatını İntizam kollegiyasına təqdim etmişdir.
Yazılı izahatında olduğu kimi, hakim İ.V.Qasımov İntizam kollegiyasının iclasında da fəaliyyətində müəyyən edilən ciddi qanun pozuntularını etiraf etməyərək göstərdi ki, qəbul etdiyi qərarları o qanuni, özü barəsində çıxarılmış Xüsusi qərarı isə əsassız sayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş arayışda qeyd edilən qanun pozuntularına münasibət bildirərək qeyd etdi ki, arayışda sadalanan faktlar düzgün deyildir.
İntizam kollegiyası hakimin, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilən materialları araşdırmaqla belə bir nəticəyə gəlir ki, konkret işlərin baxılmasında hakim İ.V.Qasımov tərəfindən ciddi qanun pozuntularına yol verilməsi halı tamamilə təsdiq olunur və onun barəsində intizam icraatı düzgün başlanılmışdır.
Belə ki, Tahir Mərdanovun cinayət işi üzrə istintaq müddətinin uzadılmasında və aidiyyəti məsələsinin həllində qanun pozuntularına yol verilmişdir deyə, həmin məsələlər üzrə qəbul olunmuş qərarları və istintaq aparmış müstəntiqlərin, prokurorların prosessual hərəkətlərini qanunsuz hesab etməklə, hakim özü Azərbaycan Respublikası CPM-nin tələblərini kobud surətdə pozmuş, özünün səlahiyyətinə aid olmayan məsələyə dair şikayəti icraatına götürüb ona baxaraq, qanunsuz qərar qəbul etmiş, apellyasiya məhkəməsi isə həmin qanunsuz qərarı dəyişdirilmədən saxlamışdır.
Cinayət prosesini həyata keçirən orqanın hansı prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə şikayət verilməli olması Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsində konkret olaraq göstərilmişdir.
Həmin maddədə cinayət işi üzrə istintaq müddətinin uzadılması barədəki qərardaddan və işin bir istintaq idarəsindən alınıb başqasına verilməsindən məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmamışdır.
Beləliklə də, məhkəmə özü prosessual qanun pozuntularına yol vermiş, işin istintaqının başa çatmasını əsassız olaraq süründürmüşdür.
Məhkəmə kollegiyası müəyyən etmişdir ki, yuxarıda göstərilən qanun pozuntularının təqsirləndirilən şəxsin vəkilinin əsassız vəsatətləri səbəb olmuşdur.
Rayon məhkəməsinin hakimi İ.Qasımov vəkilin yuxarıdakı məzmunlu şikayətini məhkəməyə aid olmadığı üçün heç bir icraata qəbul etməməli idi.
İntizam kollegiyası hesab edir ki, hakim İ.Qasımov məhkəməyə aidiyyəti olmayan şikayəti icraata qəbul edib baxmaq və əsassız qərarlar çıxarmaqla kobud qanun pozuntularına yol vermişdir.
Bakı şəhəri, Xətai rayon məhkəməsində icra və əmək intizamına riayət olunması vəziyyətinin öyrənilməsi nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş arayışda qeyd edildiyi kimi, İntizam kollegiyasının iclasında da təsdiq edildi ki, hakim İ.V.Qasımovun sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-7-ci maddəsinin 2-ci hissəsi ilə məhkum edilmiş M.Q.Ədilovun barəsində olan hökm kobud prosessual pozuntu ilə icraya yönəldilmişdir. Həmin hökm məhkum Q.M.Ədilova verilməsi üçün 05.02.2001-ci il tarixdə 3 saylı istintaq təcridxanasına verilmiş, məhkum Q.Ədilov 12.02.2001-ci il tarixdə hakim İ.Qasımova ərizə ilə müraciət edərək onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir.
Məhkum Q.Ədilovun ərizəsi Xətai rayon məhkəməsinə 14.02.2001-ci il tarixdə daxil olmasına baxmayaraq, hakim İ.Qasımov CPM-nin 386.3 maddəsinin tələblərini pozaraq 3 saylı istintaq təcridxanasında saxlanılan məhkum Q.Ədilova məktub göndərərək onun ərizəsini 15 fevral 2001-ci il tarixdə daxil olmasını və hökmün qanuni qüvvəyə mindiyini əsas götürərək, məhkəmə qaydasında amnistiya tətbiq edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli «Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə Amnistiya haqqında qərarı»nın 13-cü bəndinin 1-ci hissəsində göstərilmişdir ki, bu qərar qüvvəyə mindiyi günədək icraatlarında olan baxılmamış cinayət işləri və materiallar üzrə, habelə cinayətlərinə dair işlərinə baxılsa da, barələrindəki hökmlər qanuni qüvvəyə minməmiş şəxslər haqqında amnistiya aktını məhkəmə tətbiq etməlidir.
Hüseynov Yaşar Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində onun ittiham aktının almasına dair qəbz olmamışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, həbsdə olan məhkum İ.Hüseynova hökmün surəti Azərbaycan Respublikası CPM-nin 358-ci maddəsi ilə nəzərdə tutulan 3 gün müddətində deyil, yalnız 10 gün sonra 05.02.2001-ci ildə göndərilmişdir. Bundan sonra hakim İ.V.Qasımov növbəti pozuntuya yol verərək, həbsdə olan məhkum İ.Hüseynovun 13.02.2001-ci ildə verdiyi apellyasiya şikayətini əsassız olaraq 15.02.2001-ci ildə geri qaytarmış, eyni zamanda 16.02.2001-ci il tarixli məktubla istintaq təcridxanasına hökmün icrası barədə göstəriş verərək, onun, yəni hökmün 14.02.2001-ci il tarixdən qanuni qüvvəyə minməsini bildirmişdir.
Arayışda hakim İ.V.Qasımovun icraatında olan bir sıra başqa cinayət və mülki işlər üzrə zəruri qərarların tərtib edilməməsi, müddət pozuntularına yol verilməsi, ittihamnamə, yaxud yekun protokolunun təqsirləndirilən şəxsə verilməsini təsdiq edən qəbzlərin olmaması və bu kimi sair nöqsanların mövcud olması əsaslandırılmışdır.
Bütün bunlar, habelə hakim İ.V.Qasımovun kollegiya iclasında özünü qeyri-səmimi aparması, onun barəsində intizam cəzasının tətbiq edilməsinin zəruriliyinə dəlalət edir.
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası haqqında Əsasnamənin 6-cı maddəsinə müvafiq olaraq «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 111-ci və 112-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası
Bakı şəhəri, Xətai rayon məhkəməsinin hakimi İsgəndər Vəli oğlu Qasımova töhmət elan edilsin.
İntizam kollegiyasının qərarından 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 15 may 2001-ci il