Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələrinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında təkliflər verilməsinə ehtiyac vardır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 78.1 və 78.2-ci maddələrində cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslərin cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsi nəzərdə tutulmuşdur. CM-nin 78.4-cü maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər. CM-nin 75-ci maddəsində müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulmuşdur. Qanunun mənasına görə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər, bununla əlaqədar cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilərkən cinayət məsuliyyətinə cəlb edilmiş olurlar. Ona görə də belə şəxslər sağaldıqda onların yenidən cinayət məsuliyyətinə cəlb edilmələri qanunun tələbinə ziddir. Eyni zamanda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmə müddətlərinin və bu müddətlərin keçməsinin nəticələrinin tətbiqi məntiqsizdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.4-cü maddəsində müvafiq dəyişikliklər edilməli, yəni həmin maddədən “75 və”, “cinayət məsuliyyətindən və” sözləri çıxarılmalı, “maddələrində” sözü ”maddəsində” sözü ilə əvəz edilməlidir.
CM-nin 96-cı maddəsinə əsasən şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Məhkəmə təcrübəsinin öyrənilməsi nəticəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmiş şəxslərin yenidən ictimai təhlükəli əməl törətmələri hallan aşkar edilmişdir.
Tibbi xarakterli məcburi tədbirlərin şəxsin tibbi stasionarda yerləşdirilməsi qaydasında müəyyən edilmiş növləri üzrə şəxsin tibbi stasionarda saxlandığı müddət azadlıqdan məhrum etməyə bərabər tutulur. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər cinayət məsuliyyətindən də azad edilmirlər. Bu şəxslərin barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilməklə onlar faktiki olaraq cəmiyyətdən təcrid edilmədən azadlıqda qalırlar.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə görə psixi xəstəliyə tutulmuş şəxs sağalanadək müalicə müəssisəsində saxlanmalıdır. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbir şəxsin müalicə müəssisəsində saxlanmasını nəzərdə tutmur.
Ona görə də anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl törətmiş və cinayət törətdikdən sonra, CM-nin 21.3-cü maddəsinin təsiri altına düşən psixi xəstəliyə tutulmuş şəxslərin bütün müalicə müddətində və tam sağalanadək stasionarda saxlanması daha məqsədəmüvafiqdir. Barələrində icraat dayandırılmış şəxslər sağaldıqda isə hər bir halda qanunda nəzərdə tutulmuş müddətlər keçməmişdirsə dayandırılmış icraat bərpa edilərək cinayət təqibi davam etdirilməlidir. Nəzərə alaraq ki, CM-nin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır, eyni zamanda həm bu, həm də alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxslərə məcburi müalicə cəza ilə birlikdə təyin edilir, onda həmin şəxslərin məcburi müalicəsi cəzanın icrasına baxan orqanlar tərəfindən həyata keçirilməlidir. Göstərilənlərə əsasən Plenum hesab edir ki, CM-nin 95.0.1-ci və 96-cı maddələri ləğv edilməlidir.
CM-nin 98.3-cü maddəsinə əsasən şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
Bu məsələ ilə əlaqədar Plenum qeyd edir ki, təcrübədə bəzi hallarda məcburi müalicədə olan şəxsin daha ciddi müalicə növünə keçirilməsi zərurəti yaranır. Qüvvədə olan qanunvericilikdə şəxsin daha ciddi məcburi müalicə növünə keçirilməsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar CM-nin 98.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 478-ci və 486-cı maddələrinə dəyişiklik edilməsi məqsədəmüvafiqdir.
Bundan başqa CM-nin 98.4-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir.
Göründüyü kimi barələrində cinayət işinin icraatı dayandırılmış şəxslərin haqqında icraatın təzələnməsi məsələsinə baxılması üçün göndərilməsinə dair göstəriş yoxdur.
Bununla əlaqədar Plenum hesab edir ki, müvafiq əlavə qəbul edilməli və göstərilən şəxslərin barəsində cinayət təqibinin qanuna müvafiq olaraq davam etdirilməsi təmin edilməli, yəni CM-nin 98.4-cü maddəsinə “orqanlarına” sözündən sonra “yaxud cinayət işi üzrə icraatı dayandırmış ibtidai araşdırma orqanına və ya məhkəməyə” sözləri əlavə edilməlidir.
CPM-nin 91.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə və istisnalarla yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun vəzifələrini daşıyır. Yəni şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi müəyyən edildiyi andan o, təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə malik olsa da, belə şəxs artıq təqsirləndirilən şəxs qismində qala bilməz. Eləcə də həmin Məcəllənin 474.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan, barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında xüsusi tibb müəssisəsinə (psixiatrıya stasionarına) yerləşdirilməsinə yol verilir. CPM-nin 483.2-ci maddəsində də belə tədbirin tətbiqi nəzərdə tutulmuşdur.
BMT-nin 30.08.1955-ci ildə keçirilən birinci konqresində qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları”nda müəyyən edilmişdir ki, psixi xəstə hesab edilənlərin həbsxanaya deyil, psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir (82-ci qayda).
Ümumiləşdirmənin əhatə etdiyi dövr ərzində cinayət törətdiyinə görə barələrində həbs qətimkan tədbiri seçilmiş, istintaqın gedişində cinayəti anlaqsız vəziyyətdə törətməsi və ətrafdakılar üçün təhlükəli olması müəyyən edilmiş şəxslərin barəsində qətimkan tədbiri əvəzinə xüsusi tibb müəssisəsinə yerləşdirilməsi prosessual məcburiyyət tədbiri demək olar ki, tətbiq edilməmişdir. Belə şəxslərin barəsində əsassız həbs qətimkan tədbirinin seçilməsi azadlıq və sağlamlıq hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Plenum hesab edir ki, CPM-nin 474.1-ci maddəsində belə tədbirin tətbiqinin “zəruri hallarda” ifadəsi ilə əlaqələndirilməsi “Normativ Hüquqi Aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 25.5-ci maddəsinin “normativ hüquqi aktların mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır” tələbinə uyğun olmadığından həmin ifadə maddədən xaric edilməlidir. Bu halda anlaqsız vəziyyətdə cinayət törətmiş psixi xəstəliyə tutulmuş şəxslərin həbsxanaya deyil, stasionara yerləşdirilməsi prosessual məcburiyyət tədbirinin tətbiqinə qanunun özündə nəzərdə tutulmuş maneə aradan qaldırılmış olardı.
Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 474.1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbirləri-xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək tətbiq edilə bilər. Lakin, CPM-nin 444-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri sırasında xüsusi tibb müəssisəsinə yerləşdirmə müstəqil tədbir kimi göstərilmədiyindən onun tətbiqi mexanizmi də qeyri-müəyyəndir. Ona görə də bu məsələnin nizamlanması üçün CPM-nin 444.1.4-cü maddəsində “məhkəmə-tibb ekspertizasının aparılması üçün” sözlərindən sonra “ yaxud qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri kimi” sözlərinin əlavə edilməsi zəruridir.
CPM-nin 477.3-cü maddəsində şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bu normanın CM-nin 21.1-ci maddəsinə uyğunlaşdırılması üçün “və cəzadan” sözlərinin çıxarılması zəruridir.
Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 96-cı və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-cu maddəsini rəhbər tutaraq
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təkliflər verilsin.
2. Müvafiq qanun layihələri Milli Məclisə təqdim edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 8 noyabr 2012-ci il