“Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 sentyabr tarixli 1079 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 1 dekabr 2010-cu il
1.1. Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təklifi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılır.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
1.3. Mərkəzin yerləşdiyi binada və ya onun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır. Mərkəzin yerləşdiyi binaya və ya onun ərazisinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində (dillərində) “Azərbaycan Respublikasının (qəbul edən dövlətin adı) Mədəniyyət Mərkəzi” yazısı olan lövhə vurulur.
1.4. Azərbaycan Respublikasının mülkiyyəti olan Mərkəzin daşınar və daşınmaz əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Mərkəzin direktoruna təhkim olunur.
1.5. Mərkəzin saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
1.6. Mərkəz müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. qəbul edən dövlətin ictimaiyyətini Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə məlumatlandırır;
2.1.2. Mərkəzə müraciət edən şəxslərin kitab, qəzet, jurnal və disklərdən, eləcə də mədəni, elmi və texniki xarakterli sənədlərdən istifadə etmələrinə şərait yaradır;
2.1.3. qəbul edən dövlətdə Azərbaycan dilinin tədrisi və təbliğinə yardım edir;
2.1.4. qəbul edən dövlətdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin həmin dövlətin Azərbaycan Respublikasında təhsil alan vətəndaşları ilə əlaqələrin yaradılmasında iştirak edir;
2.1.5. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla mədəni əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir;
2.1.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə konfranslar, kollokviumlar, görüşlər, tamaşalar, konsertlər, təqdimatlar, sərgiləri və digər tədbirləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlər üçün ayrılmış vəsaitlər dairəsində təşkil edir;
3.1.2. Azərbaycan Respublikasının və qəbul edən dövlətin mədəniyyət və turizm, elm, təhsil orqanları, təşkilatları və qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) arasında əlaqələrin və əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə yardım edir;
3.1.3. mədəniyyət, elm, təhsil, turizm və informasiya əlaqələri sahəsində əməkdaşlıq proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.4. mədəniyyət, elm, təhsil və turizm sahəsində məlumat və təşviqedici material mübadiləsini həyata keçirir;
3.1.5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ayrılmış vəsaitlər dairəsində film və audiovizual sənədlərin nümayiş etdirilməsini təşkil edir;
3.1.6. qəbul edən dövlətdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin həmin dövlətin Azərbaycan Respublikasında təhsil alan vətəndaşlarının klub və birliklərinin yaradılmasına şərait yaradır, onların Azərbaycan Respublikası ilə mütəmadi olaraq əlaqə saxlamalarına kömək edir;
3.1.7. qəbul edən dövlətin təhsil müəssisələrində və Mərkəzdə Azərbaycan dilinin tədrisinə şərait yaradır;
3.1.8. Azərbaycan Respublikasının və qəbul edən dövlətin şəhərləri və regionları arasında mədəni əlaqələrin yaradılmasına və inkişafına yardım edir;
3.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. qəbul edən dövlətin rəsmi və ya qeyri-rəsmi mədəniyyət və turizm qurumları, media subyektləri ilə əlaqələr yaratmaq və bu əlaqələrin inkişaf etdirilməsində iştirak etmək;
4.1.2. üçüncü dövlətlərin qəbul edən dövlətdə olan mədəniyyət mərkəzləri ilə əlaqələr yaratmaq və əməkdaşlıq etmək;
4.1.3. Azərbaycan Respublikasının dövlət orqanlarından müəyyən olunmuş qaydada sənədlər, məlumat və digər xarakterli materiallar almaq;
4.1.4. Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə konfranslar, kollokviumlar, görüşlər, tamaşalar, konsertlər, təqdimatlar, sərgilər təşkil etmək;
4.1.5. Mərkəzin yerləşdiyi binanın və keçirdiyi tədbirlərin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görmək;
4.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.1. Mərkəzə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir. Mərkəzin ştatında nəzərdə tutulan digər işçilər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər. Mərkəzin ştat sayı və ştat cədvəli Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir. Mərkəzin direktoru və digər işçilər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ezam olunur və geri çağırılırlar.
5.5. Mərkəzin direktoru və onunla birlikdə gedən arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və 18 yaşına çatmış ərdə olmayan qızı ezamiyyətdə olduğu müddətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasportla təmin olunurlar.
5.6. Mərkəzin ştatında nəzərdə tutulan işçilərin əmək funksiyaları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır və müvafiq qanunvericiliyə uyğun olaraq, onunla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında ezamiyyətdə olduğu müddət üçün əmək müqaviləsi bağlanılır.
5.7. Mərkəzin direktoru öz səlahiyyətləri daxilində Mərkəzin fəaliyyətini təmin edir və rəhbərliyi həyata keçirir. O, öz fəaliyyətini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə müvafiq qaydada razılaşdırır və diplomatik nümayəndəliklə əlaqələndirir. Mərkəzin direktoru Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların icrası ilə bağlı diplomatik nümayəndəliyin rəhbərinə və Azərbaycan Respublikasının mədəniyyət nazirinə hesabat verir.
5.8. Mərkəzin işi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş iş planı əsasında təşkil olunur.
5.9. Mərkəz öz fəaliyyəti ilə bağlı dövri hesabatı diplomatik nümayəndəlik vasitəsilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir.
5.11. Mərkəzin vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar, fəaliyyətindən əldə olunan büdcədənkənar daxilolmalar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
5.12. Mərkəz büdcədən ayrılan təxsisatlardan əlavə, fəaliyyətindən əldə etdiyi digər gəlirlər və daxilolmalar üzrə xərcləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş smetaya uyğun həyata keçirir.
5.13. Mərkəzdə mühasibat uçotu diplomatik nümayəndəlikdəki maliyyə məsələləri üzrə attaşe tərəfindən aparılır. Mərkəzin bankdakı hesabına daxil olan vəsaitlərin xərclənməsi həmin diplomatik nümayəndəliyin maliyyə məsələləri üzrə attaşesinin və Mərkəzin direktorunun birgə imzası ilə həyata keçirilir və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müvafiq qaydada maliyyə hesabatları təqdim edilir.
5.14. Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərə alınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatik nümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəz tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödənilir.
1. 18 fevral 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 193)
2. 5 sentyabr 2013-cü il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1129)
3. 8 aprel 2014-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 443)
4. 26 oktyabr 2020-ci il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1306)
5. 3 noyabr 2023-cü il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1560)
6. 23 aprel 2025-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 aprel 2025-ci il, “Xalq” qəzeti, 26 aprel 2025-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, II kitab, maddə 415)
7. 9 sentyabr 2025-ci il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 11 sentyabr 2025-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 855)
8. 24 dekabr 2025-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2025-ci il, “Xalq” qəzeti, 8 yanvar 2026-cı il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1255)