Qanunvericilik › Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 04.06.2010) › Tam mətn

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 04.06.2010)

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 04.06.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2010-cu il

1. Bu Əsasnamə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin (bundan sonra — "Sistem") məlumat resurslarının formalaşması və ondan istifadə qaydalarını müəyyən edir.

2. Sistem Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən öz səlahiyyətləri daxilində qaçqın statusu verilmiş şəxslər (bundan sonra — "qaçqınlar"), habelə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatların toplandığı informasiya resursudur.

3. Sistem Azərbaycan Respublikasında mövcud olan digər informasiya resursları və sistemləri ilə uzlaşdırılır və inteqrasiya edilir.

4. Sistemin qurulması və istifadəsi prosesində milli informasiya resurslarının təhlükəsizliyinə dair tələblərə riayət olunur.

5. Sistemin informasiya resursları, habelə təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.

6. Sistem xüsusi təyinatlı dövlət resursudur. Sistemin əsas təyinatı miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətləri üçün zəruri informasiyanın təminatından, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotunun aparılmasından ibarətdir.

7. Sistem aşağıdakı altsistemlərdən ibarətdir:

7.1. "Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi";

7.2. "Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi";

7.3. "Qaçqın vəsiqəsi və yol sənədi";

7.3-1. Səyahət sənədi;

7.4. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar";

7.5. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumat”;

7.5-1. “18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar”;

7.6. Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri;

7.6-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair məlumatlar;

7.7. “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə verilən iş icazəsi”;

7.7-1. Yüksəkixtisaslı miqrantlar;

7.8. "Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları barədə məlumatlar";

7.9. "Qanunsuz miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər və nəticələri";

7.10. "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında biometrik informasiya";

7.11. "Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə";

7.12. "İnformasiya mübadiləsi";

7.13. "Sorğu, təhlil, hesabat";

7.14. "Proqnozlaşdırma və monitorinq";

8. Sistem vasitəsilə aşağıdakı informasiya resurslarının formalaşdırılması təmin edilir:

8.2. vətəndaşlığı olmayan şəxslər;

8.4. Azərbaycan Respublikasında qaçqın statusu əldə etmək üçün müraciət etmiş şəxslər;

8.5. xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları;

8.6. blankların uçotu;

9. Sistemin infrastrukturuna aidiyyəti dövlət orqanlarında və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarında quraşdırılan lokal seqmentlər daxildir.

10. Sistemin fəaliyyətinin təmin olunması və lazımi informasiya resurslarının formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakı vəzifələri həyata keçirir:

10.1. Sistemin mərkəzi serverlər kompleksinin idarə və mühafizə edilməsi;

10.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.3. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, daimi yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.4. Sistem vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müvafiq məlumatların toplanması, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilməsi, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi və müraciət edənin elektron poçt ünvanına göndərilməsi;

10.4-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsinin elektron qaydada tərtib olunması, işəgötürənə təqdim edilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.4-3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı müraciətlərinə baxılmasına dair müvafiq məlumatların toplanılması, rəylərin alınması, nəticənin təqdim olunması və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.5. qaçqın vəsiqəsinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.15-1. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.6. qaçqın statusu almış şəxslərə yol sənədinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.6-1. Səyahət sənədinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.7. Sistem vasitəsilə verilmiş müvafiq vəsiqələrin və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

10.8. vətəndaşlıq əldə etmək, vətəndaşlığa bərpa və vətəndaşlıqdan çıxmaq üçün müraciət etmiş şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.8-1. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.8-2. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;

10.8-3. Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş şəxslər haqqında məlumatların sistemə daxil edilməsi;

10.9. Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş və rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.10. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.11. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə əldə etmək məqsədi ilə müraciət etmiş və rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.12. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.13. ölkədə müvəqqəti olma müddətinin uzadılmasına dair müraciət etmiş, lakin rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.13-1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsi almaq və ya onun müddətini uzatmaq məqsədi ilə müraciət etmiş, lakin rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.13-2. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.14. Azərbaycan Respublikasında qaçqın statusu əldə etmək üçün müraciət etmiş, lakin rədd cavabı almış şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.15. qanunvericiliklə müəyyən olunmuş qaydada qaçqın statusu ləğv edilmiş şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.17. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların Sistemə daxil edilməsi;

10.18. Azərbaycan Respublikasına gəlişi müəyyən müddətə qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların Sistemə daxil edilməsi;

10.18-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.19. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;

10.20. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılığa dair məlumatın Sistemə daxil edilməsi;

10.22. Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşayan, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi;

10.22-1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı barədə məlumatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatların Sistemə daxil edilməsi;

10.23. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aid biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması üçün məlumatların toplanması, identifikasiya işlərinin təşkili;

10.24. müəyyən olunmuş qaydada Sistemlə digər əlaqəli dövlət və beynəlxalq informasiya resursları arasında məlumat mübadiləsinin təşkil edilməsi;

10.25. Sistem çərçivəsində aidiyyəti dövlət orqanları arasında informasiya mübadiləsinin, o cümlədən yoxlama və razılaşdırma işlərinin elektron sənəd dövriyyəsi qaydasında təşkil edilməsi;

10.26. sorğu, təhlil və hesabat işlərinin mərkəzləşdirilmiş qaydada təşkil və təmin edilməsi;

10.27. Sistem çərçivəsində verilən sənəd blanklarının və bu blankların hərəkətinin uçotu;

10.28. sistemdaxili audit fəaliyyətinin təşkili və həyata keçirilməsi.

11. Aşağıdakı məlumatların Sistemə təqdim olunması təmin olunur:

11.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən:

11.1.0. Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilən qərarlar barədə məlumatlar;

11.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən:

11.2.0. müvəqqəti və ya daimi yaşamaq üçün icazə, şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi və Azərbaycan Respublikası vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı verilmiş rəylər, habelə qaçqın statusu verilməsi ilə bağlı aparılmış yoxlamalar nəticəsində əldə edilmiş məlumatlar;

11.3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən:

11.3.1. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında müvafiq qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən çıxışı barədə məlumatlar;

11.3.2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə vəsatətlə müraciət etmiş Azərbaycan Respublikasında qaçqın statusu almaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;

11.3.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;

11.4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən:

11.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən rəsmi qeydiyyatdan keçmiş təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

11.4.2. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən əcnəbi professor-müəllim heyəti, mühazirəçilər və elmi-tədqiqat işləri aparan mütəxəssislər haqqında məlumatlar;

11.4.3. dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar;

11.4.4. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;

11.4.5. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;

11.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:

11.5.5. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə xarici ölkələrdə işə düzələn Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar;

11.5.6. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin verilməsi və onların müddətinin uzadılması üçün rəylər;

11.5.7. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;

11.5.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;

11.6. tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən:

11.6.1. Azərbaycan Respublikasında profilaktik, ambulator və stasionar müalicə alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

11.6.2. yoluxucu xəstəliklər aşkar edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

11.6.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;

11.6.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;

11.7. Mehmanxanalar, sanatoriyalar, istirahət evləri, pansionatlar, kempinqlər, turist bazaları, xəstəxanalar və ya digər belə ictimai yerlər tərəfindən:

11.7.0. bu yerlərdə qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

11.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən:

11.8.1. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyata alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

11.8.2. hüquqi şəxsin təsisçisi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

11.9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını aşkar etdikdə, onlar tərəfindən bu barədə məlumatlar;

11.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsində iştirak edən digər dövlət orqanları (qurumları) tərəfindən:

11.10.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar.

12. Sistemin istifadəçiləri miqrasiya proseslərinin idarə olunmasında, habelə Sistemin informasiya resurslarının formalaşmasında iştirak edən dövlət orqanlarıdır.

12-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sistemin elektron məlumatlarından real vaxt rejimində istifadə edir.

13. Məlumat-axtarış işlərinin operativliyini və səmərəliliyini artırmaq məqsədi ilə informasiya sistemləri arasında qarşılıqlı informasiya mübadiləsinin yaradılması vasitəsilə Sistem “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, “Lisenziyalar və icazələr” portalı və “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunur. İnteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

13.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi tərəfindən təmin olunan məlumatlar:

13.1.1. ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasport və viza məlumatları;

13.1.2. sərhədkeçmə yoxlamasının, o cümlədən sərhədi keçən şəxslərin biometrik identifikasiyasının nəticələri haqqında;

13.1.3. sərhədkeçmə rejimini pozmuş, ölkə ərazisinə müxtəlif səbəblərdən buraxılmayan əcnəbilər haqqında;

13.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilmiş şəxsiyyət vəsiqələri haqqında;

13.1.6. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş dənizçinin şəxsiyyət sənədi haqqında;

13.1.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmüş əcnəbilər haqqında;

13.1.8. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, məhkum olunmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

13.1.9. viza verilməsi ilə bağlı müvafiq sorğuların, viza əcnəbiyə dəvət əsasında verildikdə əcnəbini ölkəyə dəvət edən hüquqi və ya fiziki şəxslər haqqında, habelə verilmiş vizalar barədə, o cümlədən onların müddətlərinin bitməsi haqqında;

13.1.10. readmissiya üzrə sorğular, habelə onlara verilən cavablar barədə informasiya resursunda olan məlumatlar;

13.1.11. Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri haqqında;

13.1.12. Azərbaycan Respublikası vətəndaşlarına verilmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaş, xidməti və diplomatik pasportları haqqında;

13.1.13. Azərbaycan Respublikası vətəndaşlarının və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı haqqında;

13.1.14. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə verilmiş müvafiq vəsiqələrin, pasportların, vizaların və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi haqqında;

13.1.15. şəxsin başqa fərdi məlumatlarla pasport və şəxsiyyət vəsiqəsi almaq, belə sənədlərdən istifadə etmək cəhdləri haqqında;

13.1.16. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxtalaşdırılmış pasportlar, vəsiqələr haqqında;

13.1.17. xaricdə yaşayan Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikası vətəndaşları haqqında;

13.1.17-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları haqqında;

13.1.18. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar;

13.2. Sistem tərəfindən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim olunan məlumatlar:

13.2.1. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

13.2.2. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

13.2.2-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında;

13.2.2-2. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

13.2.3. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında;

13.2.4. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər haqqında;

13.2.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında;

13.2.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyatı haqqında;

13.2.7. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılıq haqqında;

13.2.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;

13.2.9. Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş şəxslər haqqında.

13.3. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri tərəfindən təmin olunan məlumatlar:

13.3.1. fərdi identifikasiya nömrələri;

13.3.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar;

13.3.3. Azərbaycan Respublikası vətəndaşları ilə nikaha daxil olmuş və yaxud nikahı ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

13.3.4. qüvvədən düşmüş sənədlər haqqında;

13.3.5. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar;

13.4. Sistem tərəfindən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə təqdim olunan məlumatlar:

13.4.0. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların yaşayış yeri üzrə qeydiyyata alınması haqqında.

13.5. Sistem tərəfindən “Lisenziyalar və icazələr” portalına təqdim olunan məlumatlar:

13.5.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar;

13.5.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər haqqında məlumatlar;

13.5.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumatlar;

13.5.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar.

13.6. “Elektron icra” informasiya sistemi tərəfindən təmin olunan məlumatlar:

13.6.0. icra sənədlərinə əsasən mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar.

13.7. Sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunan məlumatlar:

13.7.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar;

13.7.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər haqqında məlumatlar;

13.7.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar.

14. Sistemin istismarı, inkişafı və təhlükəsizliyi, normativ tələblərə riayət olunmasına nəzarət edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

15. Sistemə yeni subyektlərin qoşulması barədə təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

16. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti texnoloji yeniliklər nəzərə alınmaqla Sistemin mütəmadi olaraq inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdıraraq tətbiq edir.

17. Sistemə daxil edilən məlumatların bu Əsasnamə ilə müəyyən olunmuş qaydada, vaxtında və düzgün verilməsi, təhlükəsizliyi aidiyyəti dövlət orqanları tərəfindən təmin edilir.

18. Sistemin komponentlərinin yerləşdiyi rejimli obyektlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi, təşkilati və proqram-texniki vasitələrlə, səlahiyyətlərin bölünməsi və nəzarət sistemləri ilə mühafizə olunur.

19. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşmış mühafizə vasitələrindən istifadə olunur.

1. 21 noyabr 2011-ci il tarixli 523 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 22 noyabr 2011-ci il, № 251; “Azərbaycan” qəzeti, 23 noyabr 2011-ci il, № 258; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 11, maddə 995)

2. 13 sentyabr 2013-cü il tarixli 982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2013-cü il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1048)

3. 11 sentyabr 2014-cü il tarixli 280 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1060)

4. 17 oktyabr 2014-cü il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2014-cü il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1177)

5. 11 fevral 2015-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 117)

6. 20 may 2016-cı il tarixli 906 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 867)

7. 7 noyabr 2016-cı il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1798)

8. 8 may 2017-ci il tarixli 1373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2017-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 777)

9. 18 may 2017-ci il tarixli 1414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 818)

10. 21 dekabr 2018-ci il tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2586)

11. 13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029)

12. 10 avqust 2020-ci il tarixli 1121 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1024)

13. 12 fevral 2021-ci il tarixli 1288 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 130)

14. 12 iyun 2021-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 567)

15. 22 iyul 2022-ci il tarixli 1760 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7, maddə 749)

16. 2 avqust 2022-ci il tarixli 1784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 844)

17. 3 mart 2023-cü il tarixli 2049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 344)

18. 18 iyul 2023-cü il tarixli 2227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 iyul 2023-cü il, “Xalq” qəzeti, 19 iyul 2023-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 952)

19. 8 noyabr 2024-cü il tarixli 230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 12 noyabr 2024-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1200)

20. 22 noyabr 2024-cü il tarixli 233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 noyabr 2024-cü il, “Xalq” qəzeti, 23 noyabr 2024-cü il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1203)

21. 27 iyul 2026-cı il tarixli 739 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul 2026-cı il, № 132)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver