Qanunvericilik › “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik müavinətinin) norma və ödəniş qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2023) › Tam mətn

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik müavinətinin) norma və ödəniş qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2023)

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik müavinətinin) norma və ödəniş qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik müavinətinin) norma və ödəniş qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2023-cü il

1.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik müavinətinin) norma və ödəniş qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Xidmət) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (bundan sonra – xarici ölkələrdəki nümayəndələr) saxlanma xərcləri (o cümlədən təmsilçilik müavinəti) ilə bağlı məsələləri tənzimləyir, o cümlədən təyin olunduqları ölkələrdə xidmət etdikləri dövrdə xarici ölkələrdəki nümayəndələrə və onların ailə üzvlərinə ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün xarici ölkələrdəki nümayəndələrin ailə üzvləri dedikdə, xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri dövlətdə onlarla birlikdə yaşayan nümayəndənin arvadı (əri), 18 yaşına çatmamış uşaqları və övladlığa götürdüyü şəxslər, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər başa düşülür.

1.3. Xarici ölkələrdəki nümayəndələrin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsindən Xidmətə ayrılmış vəsaitlər dairəsində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə, mərkəzləşdirilmiş qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

1.4. Bu Qaydalara uyğun olaraq müəyyən olunan ödənişlər xarici ölkələrdəki nümayəndələrə xidmətə təyin olunduqları tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda hər bir dövlət üzrə müəyyən edilmiş xarici valyutada ödənilir.

1.5. Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə hərbi qulluqçunun xidmət yerinin və pul təminatının saxlandığı digər hallar istisna olmaqla, xarici ölkələrdəki nümayəndələr təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə, onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir.

1.6. Xarici ölkələrdəki nümayəndələrin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir. Xarici ölkələrdəki nümayəndələrə dövlət məvacibi və bu Qaydalarda nəzərdə tutulan digər ödənişlər Xidmət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla təsdiq edilən xərclər smetası (bundan sonra – xərclər smetası) əsasında ödənilir.

1.7. Xarici ölkələrdəki nümayəndələrə maliyyə vəsaiti xarici valyutada təhtəlhesab şəxslər üzrə avans şəklində ayrılır. Bu məqsədlə xarici ölkələrdəki nümayəndələr tərəfindən xarici bank müəssisəsində fiziki şəxs qismində bank hesabı açılır və hər ayın 18-25 tarixləri ərzində Xidmət tərəfindən həmin bank hesabına vəsaitin köçürülməsi təmin edilir.

1.8. Xarici ölkədəki nümayəndə (təhtəlhesab şəxs) tərəfindən rüb ərzində əldə edilən maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı növbəti rübün birinci ayının 5-dək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirlik tərəfindən müəyyən olunmuş formada Xidmətə rüblük avans hesabatı təqdim edilir. Təhtəlhesab şəxs avans hesabatına xərcləri təsdiq edən bütün təsdiqedici sənədləri (dövlət məvacibi, kompensasiya və müavinətlər istisna olmaqla) əlavə etməlidir. Bu sənədlərin siyahısının avans hesabatının müvafiq hissəsində qeydiyyatı aparılır. Avans hesabatına əlavə edilən bütün sənədlər hesabata birləşdirilmə ardıcıllığı ilə nömrələnir.

1.9. Xidmətə təqdim edilən avans hesabatı üzrə xərclənməyən qalıq vəsait ilkin mənbəyə qaytarılmadan növbəti rübdə istifadə olunur. Eyni şəxsə rübdən sonrakı yeni avans məbləği yalnız əvvəlki rüb ərzində ödənilmiş avans məbləğləri haqqında hesabat təqdim edildikdən və vəsaitin qalığı barədə məlumat əldə edildikdən sonra ödənilir. Təhtəlhesab məbləğlərin avans hesabatı müəyyən olunmuş müddətdə təqdim edilmədikdə bu borclar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirlik tərəfindən müəyyən olunmuş qaydada xarici ölkədəki nümayəndənin məvacibindən tutulur.

1.10. Qanunvericiliklə müəyyən olunmuş müddət ərzində növbəti il üçün dövlət büdcəsi təsdiq olunmadıqda, dövlət büdcəsi təsdiq olunanadək Nazirlik tərəfindən hər ay üzrə xarici ölkələrdəki nümayəndələrin ötən il üzrə xərclərinin on ikidə bir hissəsi qədər maliyyələşdirilməsi aparılır.

1.11. Dövlət büdcəsindən xarici ölkələrdəki nümayəndələrin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır.

1.12. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əmək pensiyaları haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, xarici ölkələrdəki nümayəndələr sığorta olunarkən, onlara əmək pensiyası təyin edilərkən, müavinətlər və kompensasiyalar ödənilərkən, habelə Xidmətin hərbi qulluqçuları üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş birdəfəlik ödənişlər verilərkən pul təminatı nəzərə alındığı halda onların Xidmətdə ştat üzrə tutduğu vəzifəyə uyğun hesablanan pul təminatı əsas götürülür.

2.1. Xarici ölkələrdəki nümayəndələrə bu Qaydaların 2.2-ci bəndinə əsasən müəyyən edilən dövlət məvacibi və təyin olunduqları dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq dövlət məvacibinə bu Qaydaların tələblərinə uyğun fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilən aylıq əlavə ödənilir.

2.2. Xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibi Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət məvacibinin 85 faiz nisbətində müəyyən edilir.

2.3. Aylıq əlavənin məbləği xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibindən qanunla müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları, həmçinin gəlir vergisi çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğlə həmin qalan vəsait arasında fərqə bərabər götürülür.

2.4. Xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibinə fərqləndirici əmsal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada və hədlərdə tətbiq edilir.

3.1. Xarici ölkədə xidmət etdikləri dövrdə xarici ölkələrdəki nümayəndələrin və onların ailə üzvlərinin tibbi təminatı dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş tibbi sığorta zərfi əsasında həyata keçirilir. Bu məqsəd üçün dövlət büdcəsində xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsi nəzərə alınmaqla müvafiq vəsaitlər nəzərdə tutulur.

3.2. Fəaliyyət göstərdikləri ölkələrdə tibbi sığorta xidmətindən istifadə mümkün olmadıqda, xarici ölkələrdəki nümayəndələr və onların ailə üzvləri xərclər smetasında tibbi xidmət (sığorta) xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydaların 3.1-ci bəndində göstərilən tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər. Müvafiq tibbi sığorta zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə xərcləri xarici ölkələrdəki nümayəndələr tərəfindən öz vəsaitləri hesabına ödənilir.

3.3. Xarici ölkədəki nümayəndələr və onların ailə üzvlərindən xidməti zərurətlə bağlı, həmçinin növbəti məzuniyyət zamanı müxtəlif tipli tibbi arayışlar və tibbi test nəticələri tələb olunduqda xərclər təsdiqedici sənədlər əsasında xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

3.4. Xarici ölkədəki nümayəndələr xidməti zərurətlə bağlı üçüncü dövlətə ezamiyyətə göndərildikdə, ezamiyyət müddətinin günlərinə uyğun əlavə səyahət sığortası tələb olunduqda xərclər təsdiqedici sənədlər əsasında xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

4.1. Xarici ölkələrə nümayəndə təyin olunduqda və geri çağırıldıqda, habelə xidmətinə xitam verildikdə xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla), habelə yüklərin daşınması xərcləri (ailə üzvlərinin hər biri üçün 80 kq-dək, yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) bu məqsədlər üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

4.2. Xarici ölkədəki nümayəndələrə verilən növbəti məzuniyyətlə əlaqədar onların və ailə üzvlərinin, habelə xarici ölkədəki nümayəndələrin növbəti məzuniyyətə çıxıb-çıxmamasından asılı olmayaraq, onların ailə üzvlərinin ildə 1 (bir) dəfə Azərbaycan Respublikasına gəlmək və xarici ölkədəki nümayəndələrin xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə qayıtmaq həddində nəqliyyat xərcləri, həmçinin ailə üzvünün (üzvlərinin) ölümü ilə əlaqədar xarici ölkədəki nümayəndələrin, onların ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət keçdiyi dövlətə qayıtması ilə bağlı nəqliyyat xərcləri bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir.

5.1. Xarici ölkələrdəki nümayəndələrin tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla fəaliyyət göstərdikləri ölkələrdə məişət ləvazimatı (mebel, inventar və avadanlıqlar) ilə komplektləşdirilmiş yaşayış sahəsi ilə təmin olunması üçün xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur. Həmin vəsaitlər nümayəndələr və onların ailə üzvləri üçün yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bütün xərcləri, o cümlədən nümayəndələrin fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun yaranan əlavə xərcləri təmin etməlidir.

5.2. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.

5.4. Xarici ölkələrdəki nümayəndələrin yaşayış sahəsi ilə təminatı xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydaların əlavəsi ilə müəyyən edilən norma əsasında həyata keçirilir.

5.5. Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normadan (müvafiq qaydada artırılma nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı nümayəndələrin öz şəxsi vəsaitləri hesabına ödənilir.

5.6. Xarici ölkələrdəki nümayəndələr fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış sahələri ilə təmin olunduqları hallarda, həmin sahələrə görə icarə haqqı ödənilmir.

5.7. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsi icarəyə götürüldükdə həmin sahənin icarəsi üçün ödənilən haqqın məbləği fəaliyyət göstərdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədilə xarici ölkədəki nümayəndənin xidmət etdiyi yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərtilə) sorğu edilir.

5.8. Yaşayış sahəsi icarəyə götürüldükdə icarəyə verənlə icarə müqaviləsi həmin sahədə yaşayacaq xarici ölkədəki nümayəndə tərəfindən bağlanılır. Bu müqavilə nümayəndənin təyin olunduğu ölkəyə gəldiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddət ərzində müqavilə bağlanılmadıqda, mehmanxana xərcləri xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.

5.9. İcarə müqaviləsində digər şərtlərlə yanaşı, aşağıdakıların da nəzərdə tutulması zəruridir:

5.9.1. yaşayış sahəsinin ölçüləri, icarə müddəti və ödəniş şərtləri;

5.9.2. icarəçinin hər hansı vergi ödəməli olmaması;

5.9.3. icarəçinin xidməti zərurətlə əlaqədar icarə müqaviləsinə istənilən vaxt xitam vermək hüququ;

5.9.4. yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlığın icarəyə verənin hesabına sığortalanması;

5.9.5. yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlığın təbii aşınma ilə bağlı təmir xərclərinin icarəyə verən tərəfindən ödənilməsi.

5.10. Yaşayış sahəsinin icarə xərcləri aylıq əsasda ödənilir. Yaşayış sahəsinin icarə xərclərinin illik məbləğinin əvvəlcədən icarəyə verənə ödənilməsinə icazə verilmir.

5.11. Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində xarici ölkədəki nümayəndə ilə icarəyə verən arasında bağlanılmış icarə müqaviləsi əsasında bank vasitəsilə həyata keçirilir. Xarici ölkədəki nümayəndənin ailə üzvlərindən biri eyni xarici ölkədə Xidmətin və ya digər dövlət orqanının nümayəndəsi qismində çalışdığı halda yaşayış sahəsi üçün icarə xərci ailə üzvlərindən birinə ödənilir.

5.12. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş dövlət büdcəsi vəsaitinin qaytarılması təmin olunmadığı halda həmin vəsait aidiyyəti nümayəndədən tutulur.

5.13. Yaşayış sahəsinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.

5.14. Xarici ölkədəki nümayəndə icarəyə götürdüyü yaşayış sahəsini icarəyə verənə təhvil verərkən icarəyə verəndən həmin xarici ölkədəki nümayəndəyə qarşı heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd alınmalı və Xidmətə təqdim edilməlidir.

5.15. Yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bu Qaydaların 5-ci hissəsində göstərilən şərtlərlə icarəyə verən razılaşmadıqda və müvafiq ərazidə daha sərfəli şərtlərə yaşayış sahəsinin icarəyə götürülməsi mümkün olmadıqda, qeyd olunan icarə şərtləri Xidmətin və Nazirliyin razılığı əsasında dəyişdirilə bilər.

6.1. Xarici ölkədəki nümayəndənin ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil alan ailə üzvlərinin təhsil xərclərinin ödənilməsi üçün tələb olunan vəsaitlər xərclər smetasında nəzərdə tutulur.

6.2. Təhsil xərcləri xarici ölkədəki nümayəndənin ümumi təhsil pilləsi üzrə təhsil alan hər bir ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğə bərabər, lakin ayda 700 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə ödənilir.

6.3. Təhsil xərcləri bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.

7.1. Xarici ölkələrdəki nümayəndələrə onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq təmsilçilik müavinəti ödənilir.

7.2. Xarici ölkədəki nümayəndəyə nümayəndənin xidmət etdiyi dövlətdə onunla birlikdə yaşayan 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş müavinətin ABŞ dolları ekvivalentində məbləğinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində aylıq müavinət bu Qaydaların 1.4-cü bəndi nəzərə alınmaqla müvafiq valyutada ödənilir.

7.2-1. Xarici ölkədəki nümayəndəyə onunla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə onun dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində bu Qaydaların 1.4-cü bəndi nəzərə alınmaqla aylıq müavinət ödənilir.

7.3. Xarici ölkədə müvafiq vəzifəyə təyin olunarkən xarici ölkədəki nümayəndəyə həmin vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir.

7.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə siyahısı müəyyən edilmiş müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə xidmət edən nümayəndələrə onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində aylıq kompensasiya ödənilir.

7.5. Xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri dövrdə onlara və ya onların ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

7.6. Xarici ölkələrdəki nümayəndələrin xaricdə xidmət etdikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

7.7. Xarici ölkələrdəki nümayəndə və ya onların ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına ödənilir.

7.8. Xarici ölkələrdəki nümayəndələrə təhkim olunan xidməti minik avtonəqliyyat vasitələrinin say həddi (limiti) 1 (bir) ədəd müəyyən edilir. Xarici ölkədəki nümayəndəyə təhkim olunan xidməti minik avtonəqliyyat vasitəsi üçün tam iş vaxtı üzrə aylıq yürüş həddinin norması 1000 km müəyyən edilir. Xidməti minik avtonəqliyyat vasitələri üçün istismar xərclərinin normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada tənzimlənir.

7.9. Xidmət dövründə xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə edirlər.

Qeyd. Bu Qaydaların məqsədləri üçün Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi, həmçinin avronun, Böyük Britaniya funt sterlinqinin, İsveçrə frankının və Yaponiya yeninin ABŞ dollarına olan çarpaz məzənnəsi Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il 1 iyul tarixinə olan məzənnə göstəricilərinə əsasən müəyyən edilir.

1. Xarici ölkələrdəki nümayəndənin 2 və daha çox ailə üzvü olduqda, göstərilən yaşayış sahəsinin yuxarı həddi (adambaşına düşən yaşayış sahəsi 12 kv.metrdən artıq olmamaqla) Xidmət rəisinin razılığı ilə artırıla bilər.

2. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.

24 fevral 2026-cı il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2026-cı il, “Xalq” qəzeti, 4 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 188)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver